Türk liseyləri əvəzinə “Kaspi”

Lisey şagirdlərinə Əli Həsənovun məktəbi təklif edilir

11 türk liseyinin bağlanması illik təhsil haqqı 4500 manat olan “Kaspi” liseyinin açılışı ilə eyni vaxta təsadüf etdi. Qiymətcə bu yeni lisey ən bahalı məktəblərdən biridir və hakimiyyətin baş ideoloqu Əli Həsənovun ailə üzvlərinə məxsus “Kaspi” Təhsil Mərkəzinin strukturuna daxildir.

Maraqlıdır ki, Həsənovun nəzarəti altında olan mətbuat son aylar boyunca türk liseylərində “gizlənən” “nurçular” şəbəkəsinə qarşı kampaniya aparıb, baxmayaraq ki, bu liseylər artıq SOCAR-ın idarəetməsinə verilmişdi.

Türk liseylərini bağlayan hakimiyyət şagirdlərə alternativ olaraq “Kaspi” liseyini təklif edir.

Bir neçə il əvvəl yerli TV-də əcnəbi seriallara qarşı kampaniya başladıqda analoji sxem tətbiq edilib. Yerli serialların çəkilişi üçün Əli Həsənovun oğluna məxsus şirkət dövlət sifarişi alıb.

“Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi” “Azadlıq” radiosunun saytında dərc edilmiş mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları layihəsi çərçivəsində tədqiqat predmeti olub.

Maraqlıdır ki, Həsənov araşdırmada yer alan faktları təkzib etməyərək, bu şirkətlərin ailəsinə məxsus olması ilə fəxr etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi dövlət məmurlarının bizneslə məşğul olmasını qadağan edir.

“Turan”