“Son söz”lər haqqında

Əliyevlər rejiminin Azərbaycanın dəyərli, vicdanlı, əqidəli insanlarını həbsə doldurması sayəsində ölkəmizdə yeni, qiymətli mətnlər yaranır. Bu mətnlər zamanı gələndə Azərbaycanın bu günki acı, ağrılı, məşəqqətli günlərinə ayna tutacaq, tarix kitablarının səhifələrini bəzəyəcək. Bu mətnlər Azərbaycanda çağdaşlıq, azadlıq, demokratiya, hüquq, ədalət mücadiləsinin yazılı abidələrinə çevriləcək. 

Söhbət vicdan məhbuslarının məhkəmələrində deyilən “son söz”lərdən gedir.

Həmin “son söz”lərdən hətta yeni janr kimi də bəhs etmək olar. Daha doğrusu, Azərbaycan üçün məhz belədir. Dünya tarixindən isə Sokratın edam mühakiməsi zamanı dediyi “son söz” min illərdir öz dəyərini, möhtəşəmliyini, ruhunu, enerjisini qoruyub saxlayır, Şərin, yalanın, zülmün üzünə sillə kimi, alnına güllə kimi açılmağa davam edir. Haqsızlığı lənətləyənlərin, istibdada əyilməyənlərin əbədi ilham mənbəyi rolunu oynayır. Zaman və məkan tanımadan! 

Bəs o “son söz”ün yaranmasına səbəb olanlardan, o “son söz”ün baiskarlarından geriyə qalan nədir? Onlar bu gün nifrət və qınaqdan başqa nə ilə xatırlanırlar?!

Fikir verdinizsə, bayaqdan bəri mən “son söz”ü dırnaqda yazıram, çünki onlar heç “son söz” də deyillər. Onlar sadəcə, məhkəmə dili ilə “son söz”lərdir. Onlar şərti olaraq “son sözlər”dir. Əslində, vicdan məhbuslarının belə çıxışları illərdir deyilən, yazılan sözlərin davamıdır. Arzularımızın, ideallarımızın təcəssümünün bir başqa şəklidir. 

Son söz isə, əlbəttə, əvvəl-axır, gec-tez, bir gün mütləq deyiləcək və bu, ədalət divanı qarşısına çıxdığı gün YAP mütləqiyyətinin üzünə oxunacaq ittihamnamə olacaqdır. 

Illərdir özgürlük və demokratiya tələbindən, arzusundan qeyri heç bir suçu olmayan, elə buna görə də şərlənərək həbs edilən vicdan məhbuslarının “son söz”lərini dinləyir, oxuyuruq. 

Sonuncu belə “son söz”ü 19 yaşlı blogger, yeganə “cinayət”i “feysbuq” sosial şəbəkəsində hakimiyyətin sərt şəkildə tənqid edildiyi “Heydər Əliyev adına səhifə” və “AzTV-dən seçmələr” səhifələrinin idarəçiliyi olan Ömər Məmmədov səsləndirdi. Əli Kərimlinin təbirincə desək, hakim hökm oxuyana qədər Ömər bəy imkan tapıb həmin bu “son söz”ündə hakimə və bütövlükdə rejimə hökm oxudu. 

Bu cür “son söz” hökmlərini bir-birindən ayırmaq istəməzdim. Onların hər biri Əliyevlərin həbsxanalarında necə böyük ürək və ruh sahiblərinin, necə irəligörüşlü insanların dustaq edildiyini çılpaqlığı ilə göstərir. Eyni zamanda həmin “son söz”ləri oxuduqca ən ağır şərtlər altında, ən çətin məhrumiyyətlərlə, heç bir maddi güc olmadan, minimal resurslarla aparılan bir mübarizənin niyə qırılmadığını, hər şeyə rəğmən davam etdiyini başa düşürsən. “Bu gün içində olduğum bu qəfəsi həyatımda yetdiyim ən yüksək məqam sayıram. Çünki məni buraya cinayət deyil, Vətənim və millətim naminə apardığım mübarizə yolu gətirib. Mən bu yolun heç bir qarışına görə peşman deyiləm, əksinə, onunla qürur duyuram” (Y.Sadıqlı) – dəmir barmaqlıqlar ardında belə bu qədər sarsılmaz olan bu ruha nə ilə qalib gəlmək olar axı? Ofşor şirkətlərlə? Oğurluq pulların saxlandığı bank hesabları ilə? Bakı-Tiflis-Ceyhan neft durbası ilə? Bəlkə “Şahdəniz” yatağı ilə? Bəlkə, Daxili Qoşunlarla? 

Hazırda Azərbaycanda az qala ayrıca, yeni bir janr kimi ortaya çıxan vicdan məhbuslarının “son söz”lərinin dəyəri də sadəcə, bu günlə yekunlaşmır, bu “son söz”lər bizim xalq olaraq tariximizi, özəlliklə də xeyli kasad olan ictimai fikir, siyasi düşüncə baqacımızı zənginləşdirəcək. Yeni nəsillərin yolunu, beynini, ruhunu aydınladacaq.  

Sonda ümid edirəm ki, belə mətnləri bir arada, kitab şəklində, internet dərgisi halında görmək mümkün olacaq. Onları daha çox insanın oxumasına çalışmalıyıq. Haqsız yerə həbs edilənlərin iradələrini, intellektlərini, ideallarını daha çox insan görməli, bilməlidir. Bu mətnlərin şərti də olsa, hər halda azadlıqda yaranan yazılardan daha çox iş görə, qəlblərə, ağıllara daha çox nüfuz edə biləcəyinə inanıram.