“Saqqalqırxma olayı”nın qəhrəmanı həbs olundu

Ekspertlər “Sabirabad hadisəsi” ilə bağlı maraqlı versiyalar irəli sürür

Bir neçə gün əvvəl Sabirabadda dini zəmində baş verən hadisə zamanı Cavanşir Zərbəliyevin saqqalını kəsən Rəmzi Zeynalov həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov “Azadlıq” radiosuna deyib ki, iyulun 7-də Sabirabad rayon məhkəməsi Rəmzi Zeynalovu xuliqanlıqda təqsirli bilib. Hazırda istintaq davam edir və hadisə araşdırılır.Rəmzi Zeynalovun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəmzi Zeynalovun hərəkətləri həm müfaviq qurumlar, həm də ölkə dindarları tərəfindən pislənilib. Yayılan məlumatlara görə, Rəmzi Zeynalov bu hərəkəti təxribat məqsədi ilə həyata keçirib. Onun facebook səhifəsində paylaşdığı vəhhabilərlə olan fotoları da hadisənin təxribat olmasına böyük şübhələr yaradıb.

Adının çəkilməsini istəməyən təhlükəsizlik üzrə ekspertlər də baş vermiş hadisəni “Azadlıq”a şərh edərkən hadisənin hakimiyyət tərəfindən təşkil olunduğunu istisna etməyib: “Bu hadisə hakimiyyətə din faktoru ilə Qərbi şantaj etmək üçün lazım ola bilər. Yəni, hakimiyyət bununla Qərbə mesaj verə bilər ki, ölkədə hər hansı dəyişiklik sabitliyin pozulması, məzhəblərarası savaşın başlanması ilə nəticələnər. Bəlli olduğu kimi hazırda hakimiyyətə ciddi təzyiqlər var. Azərbaycan hakimiyyəti seçim qarşısındadır. Qərb hakimiyyətdən Avropaya inteqrasiyanı sürətləndirməyi və demokratik islahatlar tələb edir. Hakimiyyət isə ənənəvi kursu saxlamaq niyyətindədir. Bu baxımdan Qərblə hakimiyyət arasında münasibətlər gərginləşib. Gərginliyin dərinləşməsi isə ölkədə hakimiyyət dəyişikliyinə çıxara bilər. Hakimiyyət də bunun fərqindədir və indidən təhlükənin qarşısını almaq istəyir. Ola bilsin ki, ”Sabibarabad hadisəsi” də bunun tərkib hissəsidir”.

Ekspertlərə görə başqa versiya hakimiyyətin ölkədə nəbz yoxlaması keçirmək istəyilə bağlıdır. “Azərbaycanda dini sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Radikal dini təmayüllər xeyli artıb. Xüsusilə Iraqda baş verən hadisələrin fonunda Azərbaycanda da bəzi radikal qrupların fəallaşması müşahidə olunur. Ola bilər ki, hakimiyyət ”Sabirabad hadisəsi” ilə təhlükənin nə qədər böyük olduğunu,  eyni zamanda cəmiyyətin dini qarşıdurmaya münasibətini öyrənmək istəyir. Yəni, mümkündür ki, bu bir nəbz yoxlaması olsun”, – deyə ekspertlər bildirib.

Bu arada Rəmzi Zeynalovun ailəsi ictimaiyyətə və mediaya müraciət edib. Onun atası Ramiz  Zeynalovun lent.az-a ünvanladığı müraciətdə qeyd olunur ki, iyulun 4-də oğlu Rəmzi Zeynalovun Sabirabad şəhər bazarında Kürdəmir rayon Sığırlı kənd  sakini Cavanşir Zərbaliyev arasında baş verən narazılıq internetdə yayılıb: “Həmin hadisə rayonumuzda ortalığı qarışdıraraq sabitliyi pozmaqda maraqlı olan şəxslər tərəfindən mobil telefonlarla çəkilərək internetdə yayılıb. Bu hadisə ilə bağlı oğlum Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Mən və ailəmiz belə bir hadisənin baş verməsindən təəssüflənirik və peşmançılıq hissi keçiririk”.
R. Zeynalov qeyd edib ki, onun ailəsinin adından istifadə edib, yenidən təxribat yaratmağa çalışılmasından narahatdır: “Bu gün də sosial şəbəkələrdə guya Rəmzinin oğlu, nəvəm Ramizin adından yalan məlumatlar yazılıb. Nəvəmin adından yazıblar ki, guya oğlumun bu hərəkəti etməsinə əvvəlcədən polis razılıq verib. Hər kəsə bildirmək istəyirəm ki, mənim nəvəmin internetdə yazıldığı kimi 20 yox, 12 yaşı var. Nəvəm məktəblidir,  8-ci sinif şagirdidir. Həmin yazıları nəvəmin adından kimlərsə ara qarışdımaq məqsədilə yazır. Mən ailəmizin adından istifadə edən şəxslərin tapılıb məsuiliyyətə cəlb edilməsini istəyirəm”.
R. Zeynalov mətbuata da müraciət edərək, təxribatçı fikirləri tirajlamamağı xahiş edib.
Təqsirləndirilən şəxsin atası zərərçəkən şəxsdən üzr də istəyib: “Öz adımdan və ailəmin adından Cavanşir Zərbaliyevdən, onun ailə üzvlərindən oğlumun hərəkətlərinə görə üzr istəyirəm,  peşmançılıq keçirdiyimizi bildirirəm”.

Saqqalı zorla qırxılan Kürdəmir sakini Cavanşir Zərbəliyev isə “Azadlıq” radiosuna müsahibəsində hadisənin necə baş verdiyini danışıb və işin ədalətli araşdırılması üçün Bakıya göndərilməsini istəyib: “Mən iyunun 3-də Kürdəmir bazarına getdim. Oradan aldıqlarımı gətirib Sabirabadda satdım. Alver yaxşı getdi. Ertəsi gün – iyulun 4-də yenə Sabirabada qayıtdım. Elə bazara çatmışdım ki, arxadan bir nəfər qolumdan dartaraq «tutdum!» – deyə başladı məni vurmağa. Bazardakı qadınlar, uşaqlar da mənə nar, kartof, əllərinə keçəni atır, təhqiramiz sözlər işlədirdilər. Sonra «çək!» əmri verib saqqalımı qırxmağa başladı. Çox etiraz etmədim ki, gözləri sanki dönmüş bu adamlar üzümü kəsə bilərdilər. 15 yaşlı oğlum da yanımda idi. Sonradan mənə dedilər ki, bunu aparaq Zülfüqarın (Zülfüqar qılıncı nəzərdə tutulur – N.F) yanına. Maşında nəsə fikirlərini dəyişdilər və məni qazinin yanına aparmağı qərara aldılar. Qazi – Sabirabadın mollası vəziyyətimi görüb, onlardan məni niyə bura gətirdiklərini soruşdu və dərhal polisə aparmağı tövsiyə etdi. Məni Sabirabad polis şöbəsinə gətirəndə, şöbənin əməkdaşları da mənimlə kobud davranıb, nalayiq ifadələr işlətdilər. Zorakılığa məruz qalan mən ola-ola, onları buraxıb, məni səhərəcən şöbədə saxladılar… İstəyirəm ki, bu hadisə ədalətli araşdırılsın və günahkarlar cəzasını alsın. Sabirabad polisinin bu işi ədalətli araşdıracağına inanmıram. Ona görə də hadisənin Bakıda araşdırılmasını istəyirəm”.

Azad