Qərb liderlərinin Əliyevlə təkbətək görüşlərindəki demokratiya təzyiqinin xronikası
Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin qarşısında çıxış edən dövlət başçısı İlham Əliyev bir sıra mühüm mesajlar verib. İ.Əliyevin çıxışından bir daha anlaşılır ki, hakimiyyət beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil. İ.Əliyev vurğulayıb ki, hakimiyyətdə olduğu 11 il ərzində istər dövlət başçıları, istərsə də beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşündə Azərbaycanın ünvanına hər hansı irad səslənməyib: «Mən sizə açıq deyə bilərəm ki, ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bax, bu 11 il ərzində bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır. Yumşaq desək, ya özləri sadəlövhdürlər, ya da ki, sadəcə olaraq belə rəy yaratmaq istəyirlər. Bu 11 il ərzində bizim daxili siyasətimizlə bağlı ikitərəfli formatda heç vaxt Avropa liderləri tərəfindən mənə bir söz deyilməyib. Bu gün mən bunu ilk dəfə deyirəm. Əlbəttə beynəlxalq təşkilatlar deməlidir. Yəni, bunların siyasi həyat tərzi belədir. Biz bunu sadəcə olaraq bilməliyik».
İ.Əliyevin çıxışında Azərbaycandakı hazırkı durumla bağlı beynəlxalq təşkilatların, demokratik dövlətlərin rəhbərlərinin narahatlığı inkar edilsə də, reallıq ondan ibarətdir ki, hər dəfə fürsət düşdükcə hakimiyyətin insan haqları, demokratiya ilə bağlı siyasəti sərt tənqidə məruz qalır.
Dunya Miyatoviç: «Azad səsləri boğmaq götürülmüş öhdəliklərin kobudcasına pozulmasıdır»
Çox uzağa getmədən ATƏT media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanla bağlı son bəyanatını xatırlamaq yerinə düşər. D.Miyatoviç Azərbaycanda son vaxtlar daha iki blogger barəsində uzunmüddətli həbs hökmü çıxarılması ilə əlaqədar bəyanat yayaraq, baş verənlərdən ciddi şəkildə narahatlığını ifadə edib: “Azərbaycanda söz və ifadə azadlığından istifadə etdiyinə görə həbs olunanların sayı çox sürətlə artır. Azad səsləri boğmaq media azadlığı, ifadə azadlığına dair ATƏT qarşısında götürülmüş öhdəliklərin kobudcasına pozulmasıdır”.
Ann Brassör: «Problemləri inkar edərək onların qarşısını almaq olmaz»
Bundan başqa İ.Əliyevin AŞ PA-da məlum son çıxışı zamanı təşkilatın sədri, xanım Ann Brassör Azərbaycanın dövlət başçısına ölkəmizin üzərinə götürdüyü öhdəlikləri xatırlatması da yerinə düşər. İ.Əliyevin Azərbaycanda insan haqları, siyasi məhbuslarla bağlı problemi inkar etməsinə də A.Brassörün münasibəti sərt oldu. «Problemləri inkar edərək onların qarşısını almaq olmaz. Biz həll edilməsi lazım olan problemlər barədə açıq və səmimi dialoqlarımızı davam etdirməliyik. Mən bəzi məhkumlarla görüşmək üçün yenidən Azərbaycana qayıdacam”, deyə A.Brassör Azərbaycana səfəri ərəfəsində bəyan etmişdi.
Fransua Olland: «Azərbaycanda insan haqları və demokratiya Fransanın diqqət mərkəzindədir»
Fransa prezidenti Fransua Ollandın da Bakı səfəri zamanı İ.Əliyevlə görüşü zamanı müzakirə olunan əsas mövzulardan biri məhz insan haqları və demokratiya ilə bağlı idi. F.Olland bunu Azərbaycanın siyasi partiya liderləri, vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşü zamanı etiraf etmişdi. Fransa prezidenti qeyd etmişdi ki, sözügedən məsələlər həmişə Fransanın diqqət mərkəzindədir və ölkə Azərbaycanda demokratiya dəyərlərinin irəli çəkilməsi, və ölkənin AB ilə yaxınlaşması üçün əlindən gələni edir. Xüsusən, Fransa Azərbaycanda qarşıda duran bələdiyyə seçkilərini diqqətlə izləyəcək və seçki qanunvericiliyinin demokratikləşdiriləcəyini gözləyir. Onu da qeyd edək ki, Ollandın Bakı səfəri öncəsi tanınmış hüquq müdafiə təşkilatları Fransa prezidentinə çağrış edərək Azərbaycanın dövlət başçısı ilə görüşü zamanı insan haqları məsələsini qaldırmağı istəmişdi.
Joze Manuel Barroso: «İnsan hüquqları və qanunun aliliyinə hörmət Azərbaycanın öz marağında olan məsələlərdir»
Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barroso da Azərbaycana son səfəri zamanı müzakirələrdə məhz insan haqları məsələsini gündəmdə saxlamışdı. Barrozo vurğulamışdı ki, AB bu gün Azərbaycanda bu sahədə olan ən böyük donordur: “Deyə bilərəm ki, prezident Əliyevlə bütün bu məsələlər barədə səmimi və açıq fikir mübadiləsi aparırıq. Əminik ki, Azərbaycan qurumları insan haqları ilə bağlı narahatlıqlara ciddi yanaşır, çünki fundamental azadlıqlara hörmət, insan hüquqları və qanunun aliliyi də Azərbaycanın öz marağında olan məsələlərdir”.
Didier Burkhalter: «Siyasi məhbus problemi həll olunmalıdır»
Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri İsveçrə prezidenti Didier Burkhalter də keçirdiyi görüşlərdə insan haqlarının vəziyyətini, siyasi məhbus problemini qabartmışdı.
Sadaladığımız misallar hələ Azərbaycana səfər edən şəxslərin insan haqları, siyasi məhbus, demokratik prinsiplərin pozulması ilə bağlı açıqlamalarıdır. Bu Azərbaycana yönələn çağrışların cüzi bir hissəsidir. Azərbaycandakı acınacaqlı durumla bağlı narahatlıqlar artıq uzun müddətdir ki, nüfuzlu beynəlxalq təşkilatların gündəmindən düşmək bilmir. Və zaman ötdükcə Azərbaycan hakimiyyətinə demokratik dəyərlərə hörmət etməsiylə bağlı çağrışların sayı artır.
Amma bu çağrışlar Azərbaycan hakimiyyəti, dövlət başçısı tərəfindən nəzərə alınmır. Bunu İ.Əliyevin son çıxışı da sübut edir.
Fuad Qəhrəmanlı: «İlham Əliyevin çıxışı göstərir ki, hakimiyyət beynəlxalq çağrışlarla islah olunmaq niyyətində deyil»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Azərbaycan hakimiyyətinə demokratik islahatlar, insan haqları ilə bağlı yönələn çağrışlar təzyiq deyil. Sadəcə olaraq beynəlxalq təsisatlar Azərbaycan hakimiyyətindən demokratiya, insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyirlər: «Bu öhdəliklər götürülübsə, onlar yerinə yetirilməlidir. Azərbaycan hakimiyyəti öhdəlikləri yerinə yetirmirsə, onun icrasını tələb etmək qətiyyən təzyiq deyil. İlham Əliyev əslində bunu təzyiq kimi təqdim etməklə daxili ictimai rəydə öhdəlikləri yerinə yetirməməsinə bir növ bəraət qazandırmağa çalışır. Guya, Azərbaycan xalqının maraqlarına zidd hansısa öhdəliklərdən söhbət gedir. Beynəlxalq aləmdə üzərinə götürülən öhdəliklərin yerinə yetirilməməsi məqsədli şəkildə edilir və Azərbaycanda demokratik prosesləri boğmağa hesablanıb».
Xarici ölkələrin rəhbərlərinin Azərbaycanda insan haqlarına, demokratik dəyərlərə hörməti istəməsinə gəlincə isə F.Qəhrəmanlı vurğuladı ki, İ.Əliyev AŞ PA-dakı çıxışında da göstərdi ki, reallığı necə təhrif edə bilir. Amma o da məlumdur ki, Azərbaycanın Qərblə münasibətlərinin inkişafı, əlaqələrin dərinləşməsi ölkəmizin demokratikləşməsinə bağlıdır. Bu ABŞ dövlət rəsmiləri tərəfindən dəfələrlə ifadə olunub. Amma Azərbaycan hakimiyyətinin bunda maraqlı olmaması onu göstərir ki, iqtidar, İlham Əliyev hakimiyyət maraqlarından çıxış edərək Azərbaycanı beynəlxalq aləmlə qarşıdurmaya aparır. Bu qarşıdurma nəticəsində də ilk növbədə Azərbaycan xalqının maraqları zərbə görür».
F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyətin yürütdüyü bu siyasət ölkənin inkişafına da təsir edir. Azərbaycanın uzun müddətdir ÜTT-yə üzv qəbul edilməməsi, Avropaya inteqrasiyanın reallaşmaması də bununla bağlıdır: «Bu vaxt itkisindən yalnız Azərbaycan xalqı ziyan görür. Hakimiyyətin burada itirəcəyi bir şey yoxdur. Çünki onlar ölkəyə bir sex kimi baxırlar. Dövlətin hansı zərbə alması onları narahat etmir. İlham Əliyevin diplomatlar qarşısındakı çıxışı bir daha göstərir ki, hakimiyyət tutduğu yanlış siyasəti davam etdirmək niyyətindədir. Buradan isə o nəticə çıxır ki, hakimiyyət beynəlxalq çağrışlarla islah olunmaq niyyətində deyil. Bu beynəlxalq birliyə meydan oxumaqdır. Deməli Azərbaycan hakimiyyəti ilə onun başa düşəcəyi dildə, təzyiqlə danışmaq lazımdır. Eyni zamanda Azərbaycan hakimiyyəti də baş verənlərlə bağlı səfərbər olunaraq iradəsini ortaya qoymalıdır. Beynəlxalq birlik isə onu etirfa etməlidir ki, Azərbaycan hakimiyyəti ilə demokratiya, insan haqları ilə bağlı aparılan müzakirənin bir faydası yoxdur».
Xəyal