Vəfa Quluzadə: “Səfirin dedikləri Avrasiya İttifaqı təklifinə alternativdir”
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafında olan ərazilərin qaytarılması məsələsin münaqişənin nizamlanmasının altı elementindən biri olduğunu hesab edir. Bu barədə “News.am” saytına müsahibəsində səfirin özü deyib.
Səfirin sözlərinə görə, o, Dağlıq Qarabağ ətrafında olan ərazilərin dərhal Azərbaycana qaytarılmasını nəzərdə tutmur: “Dağlıq Qarabağın yekun statusu yerli əhalinin öz iradəsi əsasında müəyyən ediləcək. Daha sonra Laçın dəhlizi istisna olmaqla, Dağlıq Qarabağ ətrafında ərazilər geri qaytarılacaq. Ona görə, də mənim sözlərimdə yeni heç nə yoxdur”.
Torpaqların qaytarılması müqabilində Ermənistan tərəfinə zəmanətlərin verilməsi barədə suala cavab verərkən amerikalı diplomat vurğulayıb ki, nizamlanma müqaviləsinin altı elementinə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi də daxildir. “Hazırda bu sülhməramlı qüvvələrin tərkibində hansı ölkənin və ya təşkilatın əsgərlərinin olması məsələsi Errmənistan – Azərbaycan arasında danışıqlar predmetidir. Təbii ki, erməni tərəfi əraziləri qaytarmazdan əvvəl beynəlxalq sülhməramlı qüvvələr və təhlükəsizlik zəmanəti olmalıdır” – deyə, Heffern bildirib.
ABŞ səfiri tərəfindən gündəmə gətirilən məsələ münaqişənin həllinə nə dərəcədə töhfə verə bilər?
Politoloq Vəfa Quluzadənin fikrincə, ABŞ səfirinin bu bəyanatı Dövlət Departamentinin mövqeyinin bəyan olunmasıdır. V.Quluzadə hesab edir ki, bu bəyanat ABŞ-ın Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etmə siyasətinə bir alternativdir: «Azərbaycanın Gömrük İttifaqına daxil olması müqabilində işğal altında olan bir-iki rayonunun azad edilməsi və həmin rayonlara rus qoşunlarının yeridilməsi bizim üçün məqbul sayıla bilməz. Ona görə ABŞ çox narahatdır ki, birdən Azərbaycan bu yola razılaşa bilər. Səfir qeyd etdiyi kimi hazırda müzakirə predmeti olan məsələlər çoxdan danışıqların mövzusudur. Amma bu təkliflərə gərək Ermənistan razılıq versin. Ermənistanın bu təkliflərə razılıq verməməsi bu cür durumu yaradıb».
Azərbaycan ərazisinə yerləşdirilməli olan sülhməramlı qüvvələrin tərkibi ilə bağlı məsələnin açıq qalmasına gəlincə isə V.Quluzadə bildirdi ki, burada 94-cü ildə keçirilən Budapeşt sammiti xatırlanmalıdır. Həmin sammitdə qərara alınıb ki, bu əraziyə nə vaxtsa sülhməramlılar yeridiləcəksə, orada rus qoşunlarının sayı 30 faizdən artıq olmamalıdır. «Amma bir məqamı da nəzərə almalıdır ki, 99-cu ildə Ermənistanla Azərbaycan arasında razılıq əldə olundu ki, Ermənistan heç bir sülhməramlı olmadan öz qoşunlarını işğal altında olan torpaqlardan geri çəkir. Bu razılaşma da Rusiyanın təzyiqi üzündən baş tutmadı. Ona görə danışıqlarda Ermənistanın, daha doğrusu Rusiyanın hansı mövqe sərgiləcəyi önəmlidir», deyə V.Quluzadə vurğuladı.
Xəyal