Sərhəd Xidmətindən məlumatın təkzib olunduğu deyilir
Son günlər adı qalmaqallarda hallandırılan “Bakı” futbol klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən qaçarkən saxlanılıb.
Bu barədə “Qaynar.info” saytı adını açıqlamadığı mənbəyə istinadla məlumat yayıb.
Saytın yazdığına görə, mənbə bildirib ki, Hafiz Məmmədov ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir.
“Bakı”nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda hallanır. Belə ki, “Baghlan Group”-un prezidentinin biznes fəaliyyətindəki “axsamalar”, ölkədə ən güclü futbol klublarından biri hesab olunan “Bakı” futbol klubunun bazasının satışa çıxarılması, “Bank of Azerbaijan” ətrafında yaranan böhran və Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovla əlaqələri medianın gündəmindən düşmürdü.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə sayta bildirib ki, bu barədə məlumatı yoxdur.
“Axar.az“ saytı isə xəbər verib ki, Bakı hava limanından məsələ ilə bağlı onların sorğusuna cavabda deyilənləri təkzib ediblər: “Hafiz Məmmədov Hava Limanında saxlanılmayıb. Belə bir şey baş verməyib”. Sayt yazır ki, aeroportun Sərhəd Xidmətinin adını açıqlamayan əməkdaşı “Xəbərdən məlumatımız var. Belə bir şey baş olmayıb”, – deyə bildirib.


