Başına 10 milyon dollar qoyulmuş Bağdadi hardadır – Mosulda minbərdə, yoxsa Suriyada müalicədə?
Keçən həftə İraq və Suriyada xilafət elan edən İraq Şam İslam Dövləti (İŞİD), yeni adıyla İslam Dövlətinin lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia edilən videogörüntü yayımlanıb.
Özünü xəlifət elan edəndən sonra ilk dəfə görünən Bağdadi internetdə yayılan, təxminən 21 dəqiqəlik videoda bütün müsəlmanlardan ona biət etmələrini istəyir.
Görüntülərin Mosuldakı məscidlərin birində cümə xütbəsi zamanı çəkildiyi bildirilir. İraqda xəlifət qurulmasından danışan İŞİD lideri bildirir ki, onun üzərinə çətin, amma şərəfli vəzifə qoulub: “Allah bizə düşmənlə mübarizə aparmağı əmr edib və xəlifət qurulması üçün cihada çağırıb”.
Bağdadi bu günə qədər üzünü gizlədirdi.
Bağdadinin Amerika Federal Təhqiqat Bürosunda və İraq Daxili İşlər Nazirliyində iki fotoşəkli var. Bagdadi ABŞ-ın ən çox axtardığı beş nəfərdən biridir. Başına 10 milyon dollar mükafat qoyulub.
Ancaq videodakının doğurdan da Bağdadi olub-olmadığı dəqiq bilinmir.
İraq hökuməti də videonun Bağdadiyə aid olduğunu inkar edib. İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Saad Maan internetdə yayılan bu videodakının qətiyyən əl-Bağdadi olmadığını bildirib. "Videonu analiz etdik və bunun bir tamaşa olduğunu gördük", – deyə Maan qeyd edib.
DİN sözçüsü deyib ki, Bağdadi İraq hökumət qüvvələrinin hava hücumları zamanı yaralanıb və tərəfdarları onu müalicə üçün Suriyaya aparıblar. Maan bundan artıq məlumat verməkdən imtina edib.
İraq DİN sözçüsünün dedikləri müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.