«Bu istiqamətdə dövlətin tədbirləri çoxdan olmalı idi»
İlham İsmayıl: «Sabirabad və Müşfiqabaddakı hadisələr Azərbaycanda kütləvi vətəndaş qarşıdurmasına apara bilər»
Sabirabadda vəhabi görkəmli şəxsin saqqalının zorla kəsilməsi videosunun ciddi fəsadları ola biləcəyi barədə həmin gün məlumat vermişdik. Vətəndaşlar arasındakı dini ədavəti qızışdıra biləcək bu videounun xarici ölkələrin kəşfiyyat strukturlarının əli ola biləcəyi də istisna edilmir. Videonun sosial şəbəkələrdə yayılmasından bir gün sonra Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verənlər təsadüfi qiymətləndirilmir. İyulun 5-i axşam şam namazından sonra məsciddə namaz qılan şiələrə radikal vəhhabilər arasında dava olub. Şiələr vəhabilərin hücumuna məruz qalıblar. Vəhhabi təriqətindən olan şəxslər “Allahu Əkbər” deyərək, dindarları daş-kəsəklə vurmaqla məsciddən çölə çıxarıblar. Hücum zamanı bir neçə dindar şiddətli bədən xəsarəti alıb.
Xəsarət almış dindarlar Qaradağ rayon 10-cu polis bölməsinə şikayət ediblər. Baş verən olay bu cür təxribatların dövlət üçün ciddi fəsadlarının ola biləcəyini əyani şəkildə göstərdi.
Sabirabaddakı hadisə ilə bağlı açıqlamasında İçərişəhər “Cümə” məscidinin imam-camaatı, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bildirib ki, bu cür hallar yolverilməzdir: “Mübarək Ramazan ayının 6-cı günü və ilk cüməsinin hüzurunu yaşayırdım. Xəbər saytlarına nəzər salan zaman, saqqal kəsmə əməliyyatının videolentinə rast gəldim. Gözlərimə inanmadım. 2-ci dəfə baxmaq istədim. Amma sona qədər baxa bilmədim. Söyüşlərlə müşayiət edilən səhnələri izləmə vərdişim yoxdur. Çox duyğulandım. Ürək ağrısı ilə bu səhnələri yaşadım. Baş verənlər Azərbaycan insanının faciəsidir. Sovetlərdən sonra öz inancını normal yaşatmaq və təbliğ etmək imkanı verilməyən insanın faciəsi. Bir ifratdan digər ifrata yuvarlanan Azərbaycan insanının faciəsi. Son günlər İŞİD cinayətləri hamının ürəyini dağlayıb. Amma bu, qətiyyən əsas vermir ki, kim haradasa uzunsaqqallı insan görən kimi, onun saqqalını kəsmək vəzifəsini üzərinə götürsün. Son günlər İŞİD bir çox murdar işlər görüb. Amma bu, əsas vermir ki, söyüşlə, təhqirlə, döyməklə, alçaltmaqla müşayiət edilən tərzdə cəzalandırma aksiyaları həyata keçirilsin. Son günlər İŞİD, təkfirçi-vəhhabi ideolojisinin təzahürü olaraq, oyun qalmır ki, çıxartmasın. Amma bu, heç kimə əsas vermir ki, harada gəldi və necə gəldi əks cəzalandırma əməliyyatları həyata keçirsin. Mən qəzəblənən insanları anlamağa çalışıram. Amma anlaya bilmirəm. Əhli-Beyt (ə) sevgisi, Əhli-Beyt (ə) məntiqi məni bunu anlamağa qoymur. Əli (ə) rəhmi məni bunu anlamağa qoymur. Düşməninə qarşı rəhmi ilə xüsusi seçilən İmam Əlimizin (ə) rəhmi. Əbəlfəzl (ə) qeyrəti mənə bunu anlamağa qoymur. Üzümü İŞİD-in cinayətlərindən qəzəblənmiş və özlərinə bu kimi reaksiyaları vermək icazəsi verən insanlara tuturam. Bu, İslam deyil. Onlar İslamı yaşatmırsa, siz də onlar kimi etməyəsiniz gərək. İslam dini, Peyğəmbər (s) və Əhli-Beyt (ə) yolu – ağıllı, məntiqli, mərd, izzətli, İslam hüququna söykənən yoldur. Emosiyalar yolu deyil. Nəfsin istəklərinin yolu deyil. Allah dərgahında olduğumuzu unutmayaq. Özümüzü Allah bəndələri olaraq hiss edək. Təqvalı rəftar edək. Düşmənlərimizlə belə, təqvalı rəftar edək. Necə ki, Peyğəmbərimiz (s) rəftar edib. Necə ki, Əlimiz (ə) rəftar edib. Necə ki, İmam Hüseynimiz (ə) rəftar edib. Düşməninə mübarək ovcunda su verən İmam Hüseynimiz (ə)…
Allah Təala bizləri axırəz-zamanın fitnələrindən amanda saxlasın”.
Bəs bu cür xoşagəlməz olayların qarşısını almaq üçün dövlətin üzərinə hansı məsuliyyət düşür? Dövlət bu istiqamətdə hansı addımları atmalıdır?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, dövlət bu cür olayların qarşısının alınması üçün çoxdan fəaliyyət göstərməli, müvafiq addımlar atmalı idi: «Bütün bunların baş verməsi son dövrlərdə İŞİD-in fəaliyyəti barədə dəhşət saçan kadrların sosial şəbəkələrdə yayılmasıdır. Bütün bu kadrlar qarşı tərəfdə, yəni şiələrdə rezonans doğurur. Ona görə bu istiqamətdə dövlətin tədbirləri çoxdan olmalı idi. Aylardır ki, mətbuatda ekspertlər vurğulayırdılar ki, bu istiqamətdə həm qanunun dili ilə, həm də təbliğat səviyyəsində işlər aparılmalıdır. Əks təqdirdə bu cür xırda təxribatlar daha da böyüyərək daha faciəvi hadisələrə səbəbə ola bilər».
Vəahibələrin radikal qanadının Azərbaycanda geniş yayılmasa da fəaliyyət göstərdiyini deyən İ.İsmayıl vurğuladı ki, bir radikal vəhabi, 1000 radikal olmayan şiəyə qarşı tədbirlər görə bilər. Nəticədə qarşılıqlı addımlar nəticəsində situasiya nəzarətdən çıxa bilər: «Bu kütləvi vətəndaş qarşıdurmasına apara bilən hadisələrdir. Ona görə bu istiqamətdə öncə maarifləndirmə işi aparmaq lazımdır. Daha sonra isə qanun diliylə cəza tədbirləri görülməlidir».
Xəyal


