ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyası xeyli maraqlı məqamlarla yadda qaldı. Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvləri ciddi cəhdlə etiraz etsələr də, müzakirəyə çıxarılan məsələlər qəbul olundu.
Azərbaycanın nümayəndə heyətinin rəhbəri Bahar Muradova bəyannamədəki 137, 138, 139 və 140-cı bəndlərə öz etirazını bildirərək qeyd edib ki, 137-ci bənddə hərtərəfli, effektli və uzunmüddətli mandat ifadəsi işlənir və bunun altında hansı mənaların dayandığı aydın deyil: “Bununla bağlı biz mövqeyimizi ifadə etmişdik. Bununla belə, bu bənd qətnaməyə daxil edilib və biz aydın olmadığı üçün bunun əleyhinə çıxış edirik. Əlbəttə ki, biz, Azərbaycan demokratik cəmiyyəti olaraq, vətəndaş cəmiyyətinin güclü olmasının tərəfdarıyıq, bunun üçün bir çox nailiyyətlərimiz var. Ancaq konkret şəxslərin, iqtisadi cinayətlərə görə məhkum olunan şəxslərin həbsinin siyasiləşdirilməsinə qarşıyıq və məsələnin bir nəfərin üzərində mərkəzləşdirilməsinin əleyhinəyik”- deyə Bahar Muradova bildirib.
Zahid Oruc: «ATƏT özünün yerli ofisi vasitəsilə Azərbaycanın seçki sistemlərini, qurumlarını və siyasətini öz inhisarına almağa çalışır»
Bakıda keçirilən tədbirdə Azərbaycan nümayəndə heyətini təmsil edən millət vəkili Zahid Oruc isə “Bakı Xəbər” qəzetinə açıqlamasında bildirib ki, nümayəndə heyətimizin bəyannaməyə etirazı əsaslıdır: “Hesab edirəm ki, bu, ATƏT-i rəsmi Bakı üzərində jandarma çevirmək cəhdindən, eləcə də keçmiş razılaşmaları pozmaq cəhdindən daşındırmağa xidmət edib. Bahar Muradova öz işinin peşəkarlarındandır və ATƏT formatında siyasi kuluarların hansı mövzularla kipləndiyini, mətnaltı mənalarda nələrin hədəf edildiyini yaxşı bilir. Bu beynəlxalq qurum özünün yerli ofisi vasitəsilə Azərbaycanın seçki sistemlərini, qurumlarını və siyasətini öz inhisarına almağa çalışır və niyyət etibarilə Varşava bürosunu yenidən dirçəltməyin də başlıca məqsədi budur”- deyə Zahid Oruc bildirib.
Bu yanaşmalardan aydın olur ki, hakimiyyəti narahat edən ATƏT-in Varşava Bürosunun seçkilərdə müşahidəni həyata keçirməsidir.
Qeyd edək ki, son prezident seçkilərində ATƏT-in Varşava Bürosu seçkini izləmək üçün mandata sahib olan yeganə təşkilat idi və bu müşahidə missiyası 9 oktyabr seçkilərini “pis və ya çox pis” kimi qiymətləndirmişdi. Belə ki, 58 faiz seçki saxtakarlığı qeydə alınmışdı və digər beynəlxalq təşkilatlar da ATƏT-in rəyi ilə razılaşmışdı.
Indi hakimiyyəti təşvişə salan da budur ki, ATƏT yerli təşkilatları vasitəsilə Azərbaycandakı seçkilərə təsir edə və obyektiv mövqe sərgiləyə bilər.
Razi Nurullayev: «Artıq demokratiya və insan haqları sahəsindəki real vəziyyəti dünyadan gizlətmək mümkün olmayacaq»
Siyasi ekspert Razi Nurullayev bildirdi ki, artıq Azərbaycan həqiqətləri dünyaya məlumdur və ATƏT-in statusunun bərpa edilməsi hakimiyyəti qane etmir: “Təbii ki, hakimiyyət təmsilçilərinin arqumentləri əsassızdır və real mənzərəyə adekvat deyil. Indiki mərhələdə beynəlxalq aləmin hakimiyyətə qarşı münasibəti kəskin dəyişib. Hətta dünənə qədər hakimiyyətə loyal münasibət bəsləyən ölkələr və təşkilatlar da prinsipallıq nümayiş etdirir. Bu onunla bağlıdır ki, Azərbaycanla bağlı real vəziyyət dünya üçün aydınlaşır və ölkədə insan haqları, demokratiya sahəsində vəziyyətin pis olduğu üzə çıxır. Ona görə də ATƏT yenidən öz statusunu bərpa etmək istəyir və bu statusun bərpa olunması seçkilərə, insan haqları sahəsindəki vəziyyətə müsbət təsir edəcək. Hesab edirəm ki, ATƏT bu məsələdə israr edəcək və konsensus əldə olunacaq. Hətta Azərbaycan tərəfi bu konsensusun alınmasına əngəl törətmək istəsə belə, bu heç nəyi dəyişməyəcək. Çünki ATƏT üzvü olan ölkəklər artıq məsələnin mahiyyətindən xəbərdardılar”.
Akif


