Elmsizlik

Yaxınlarda bir toyda belə bir hadisənin şahidi oldum: söz verildi Elmlər Akademiyasında işləyən, ortayaşlı bir “alim”ə. Tamada bunu təntənə ilə təqdim edib sonra mikrafonu uzatdı ona. “Alim” bəy-gəlini təbrik edib, onların valideynlərinə gözaydınlığı verəndən sonra qəfil söhbəti alın yazısının üstünə gətirdi, alın yazısına inanmayanları itin müvafiq yerinə salıb çıxardı, alnımıza nə yazılıbsa onun olacağını dedi. 

Dəhşətli mənzərə idi, əlbəttə, anlayanlar üçün. Alim alın yazısından danışır. Bundan faciəvi nə ola bilərdi? 

Sonda dedi ki, toyda danışasan, amma şeir deməyəsən? Başladı Filankəs Miskin idi, Küskün idi, Kəskin idi, nə isə, hər kim idi ondan uzun bir şeir oxumağa, şeirdən təxminən belə misralar vardı: “Gərək mühəndislər bina tikməsin, ananın, atanın qəbrindən hündür”.

Mən o anda başa düşdüm ki, alim deyilən bu zatın əslində yanında dayanan tamadadan heç bir fərqi yoxdur. Hətta o anda məclis başlayandan bəri zəhlə tökən tamadaya hörmətim artdı da. O öz işi ilə məşğul olur, bəs bu alim nə ilə məşğuldur. 

Bunu niyə xatırladım? 

Dünən oxuyuram, Elmlər Akademiyasında 2-3 min işçini ixtisar edəcəklər. Təsəvvür edirsinizmi, 2-3 min! Normal ölkədə bu xəbəri kim oxusa, başının tükləri biz-biz durar. Axı birdən-birə bu qədər alimi işsiz qoysan, məntiqlə o ölkədə elm çökməlidir. Ən azı həmin Akademiya iflic olmalıdır… Bizdə isə fərq etmir, niyə də fərq etsin ki? Olmayan bir şey necə çökə bilər? Onsuz da heç nəyə yaramayan bir qurum necə iflic olsun? 

Müxalifətə ünvanlanan ittihamlardan biri belədir: “92-93-cü illərdə gəlmişdilər, gördük də, Elmlər Akademiyasını bağlamaq istəyirdilər”. Mən bilmirəm, birillik hakimiyyət zamanı doğrudan da, belə təşəbbüs olubmu? Olubsa, həyata keçirilməməsi böyük xətadır. Bu təşəbbüsü reallaşdırmaq rus ordusunu ölkədən çıxarmaq qədər vacib idi. 

Niyəsini sonrakı illər göstərdi. Elə son vaxtlar Elmlər Akademiyası ilə bağlı xəbərlərə göz atmaq kifayətdir ki, həmin təşəbbüsün nə qədər uzaqgörən olduğunu anlayaq. Akademiya işçilərindən biri mələyin uçma sürətini hesablaması ilə fəxr edirdi. Başqa biri bir falçı xanımın 70 cür xəstəliyi sağalda bilməsi barədə palaz boyda yazı qaralamışdı. Həmin yazıda bu fövqəlmöcüzəni bütün dünyaya göstərməyin vaxtı çatdığından bəhs etmişdi.

Elmlər Akademiyasının Incəsənət və Memarlıq Institutunun şöbə müdiri professor Inqilab Kərimov vəfat etdikdən sonra onun yerinə şoumen Qorxmaz Əlilinin təyin olunmasını unudubsunuzmu?

Başqa bir alim isə Harun Yahya kimi tanınan Adnan Oktar adlı adlı bir fırıldaqçının Darvinin təkamül nəzəriyyəsini darmadağın etməsi haqda məqalə yazmışdı.

Indi həbsdə olan falçı, “Etiraf” verilişi ilə xalqımızın qəlbini fəth edən Ilham Mirzəyevin iş yerlərindən biri Elmlər Akademiyası deyildimi?

Bu ölkədə Görücü Məlahət haqqında kitabı elmlər doktoru yazmayıbmı? 

Dənizin dadını bilmək üçün onu bütün içməyə ehtiyac yoxdur, bir damla kifayətdir. Yuxarıdakı nümunələrdən də Azərbaycan elminin və Elmlər Akademiyasınıni vəziyyətini təsəvvür etmək çətin deyil.

Baxın görün ölkədə kimlər və necə elmi dərəcə alır? Bu saat elmi ad almaq bazardan kartof-soğan almaq kimi bir şeydir. Bir az pulun, babat vəzifən varsa, “elmi yüksəliş”inə hətta Eynşteyn belə qibtə edə bilər. Ümumiyyətlə, Eynşteynin hazırda ölkəmizdə qara qəpik hörməti yoxdur, artıq elə vəziyyət yaranıb Sərdar Cəlaloğlu da onunla məzələnir. Bütün günü o boyda kişini yaş yuyub quru sərməklə məşğuldur. Camaat da qıraqdan baxıb fikirləşir ki, Eynşteyn kimdir, onu uzaqbaşı dükana araq dalınca buyurmaq, qabağına beş-üç qoyun-quzu qatıb örüşə göndərmək olar.

Bəli, təhsil, mədəniyyət, ədəbiyyat kimi elm də ölkədə hörmətsiz, dəyərsiz, əhəmiyyətsiz bir şeyə çevrilib. Alim deyiləndə artıq gözlər önündə elə adamların sifəti canlanır ki, istər-istəməz elmə inancını, sayğını, güvənini itirirsən. Elmdən iyrənirsən. Fikirləşirsən ki, əsl xilas yolu doğrudan da ələm uçurmaqda, cin çıxarmaqda, xoruz döyüşdürməkdə, it boğuşdurmaqda, fala baxdırmaqdadır.  

Bunu məqsədli ediblər və edirlər: elmsizlik – qaranlıq deməkdir, qaranlıq isə – oğrular üçün ən yaxşı fürsət.