Müzəffər Baxışov: «Azərbaycanda müstəqil məhkəmə deyilə biləcək qurum yoxdur»
Bakıda Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclası keçirilib. «Trend»in məlumatına görə, tədbirdə iştirak etmək üçün CEPEJ-in rəhbər şəxsləri, o cümlədən qurumun prezidenti Con Steysi və Komissiya üzvləri Azərbaycana səfərə gəliblər.
Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxışında qeyd edib ki, ölkəmiz Avropa Şurası, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə səmərəli əməkdaşlığa imza atıb: «Avropa Şurası ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində məhkəmə fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırılıb, institusional mexanizmlər, o cümlədən məhkəmə hakimiyyətinin özünüidarə funksiyasını həyata keçirən müstəqil Məhkəmə-Hüquq Şurası təsis edilib. Həmçinin ədalət mühakiməsinə çatımlılığın artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə son illər geniş regional məhkəmə şəbəkəsi, apellyasiya, inzibati, ağır cinayətlər məhkəmələri yaradılıb, hakimlərin sayı iki dəfə artırılıb, qabaqcıl İKT-lər təchiz olunmaqla məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə davamlı tədbirlər görülüb.
Ölkəmizdə hakimlərin ən şəffaf seçim qaydasının təsbit olunduğunu bildirən nazir CEPEJ tərəfindən Azərbaycanın bu sahədə müsbət təcrübəsinin Avropada örnək kimi dəyərləndirildiyini vurğulayıb, dünyada məhkəmə hakimiyyətinin müstəqilliyinin təşviqini və yaxşı təcrübələrin mübadiləsinin əhəmiyyətini qeyd edib».
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, ola bilsin ki, ölkədə məhkəmə sistemi ilə bağlı qanunvericilik mükəmməl ola bilər. Amma əsas olan qanunların hansı formada tətbiq olunmasıdır. Azərbaycanda qanunların məhkəmələr tərəfindən tətbiqi ilə bağlı ciddi problemin olduğunu deyən M.Baxışov vurğuladı ki, Fikrət Məmmədov hakimlərin müstəqil orqanı olan Məhkəmə Hüquq Şurası yaradıldığını bəyan edir: «Fikrət Məmmədov Ədliyyə Naziridir. O necə müstəqil qurum ola bilər ki, ona icra hakimiyyətində təmsil olunan şəxs rəhbərlik edir. Ona görə məhkəmələrin müstəqilliyi ilə bağlı deyilənlər reallıqdan uzaqdır. Azərbaycanda hakimlərin sayı artıb. Amma hakimlər siyasi sifarişlə qərarlar qəbul etməkdə davam edəcəklərsə, onların sayını on dəfə də artırsan belə xeyri yoxdur. Əgər hakimliyə imtahan verən şəxslər yüksək bal yığsalar da Fikrət Məmmədovun siyahısına düşməyəcəklərsə, burada hansı müstəqillikdən söhbət gedə bilər. Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycan müstəqil məhkəmə deyilə biləcək bir qurum yoxdur».
Avropa Şurasının tədbirdə iştirak edən təmsilçilərinin Azərbaycanda məhkəmə sistemində aparılan islahatlarla bağlı söylədiyi xoş sözlərə gəldikdə isə M.Baxışov vurğuladı ki, burada Azərbaycanın ənənəvi «kürü diplomatiyasının» da rolu ola bilər. «Hakimiyyət özünə lazım olan sözləri xaricilərini dili ilə dedizdirməyə çalışır. Amma bu açıqlamalar da reallıqdan uzaqdır», deyə M.Baxışov vurğuladı.
Xəyal


