Rusiyanın Ukraynadakı baş diversantı göz yaşı içində Putindən kömək istədi VİDEO
Əvvəlcə Krımda, daha sonra Ukraynanın şərqində diversiya əməliyyatlarına rəhbərlik edən, hazırda “Luqansk Xalq Respublikası”nın müdaiə naziri olan QRU polkovniki İqor Strelkov göz yaşı töküb.
Ukrayna ordusunun və könüllülər batalyonlarının separatçıların nəzarətində olan yaşayış məntəqələrinə qarşı başlatdığı irimiqyaslı hücum əməliyyatları nəticəsində çoxsaylı tərəfdarını itirən İ.Strelkov “Lifenews” kanalına göz yaşları içində müsahibə verərək “məhv olduqlarını” deyib.
İ.Strelkov deyib ki, müvəqqəti atəşkəs dövründə Ukrayna silahlı qüvvələri ölkənin cənub-şərqinə böyük sayda zirehli texnika cəmləşdirdi. Onun sözlərinə görə, Ukrayna ordusunun 60-dan çox ağır artilleriyası Semyonovka, Slavyansk və Kramatorsk şəhərlərini hədəf alıb. 20-dən çox “Qrad”, “Smerç” və “Uraqan” qurğusu ardı-arası kəsilmədən bu şəhərləri atəşə tutur.
“Ağır döyüş oldu, böyük itkilərimiz var, dəqiq rəqəmlər barədə danışmaq hələ mümkün deyil. Bizim dəstələr Nikolayevkada mühasirə şəraitində döyüşü davam etdirirlər, onlarla rabitə əlaqəsi kəsilib. Cənub istiqamətindən Semyonovkaya böyük sayda zirehli texnikadan ibarət kalon hərəkət edir” – deyə Strelkov ağlaya-ağlaya bildirib.
QRO polkovnikinin sözlərinə görə, üç aydır özünümüdafiə dəstələrinə heç bir yardım gəlməyib. Ukrayna ordusu isə atəşkəsdən istifadə edərək əlavə qüvvələr cəmləşdirib.
“Onların o qədər mərmisi var ki, mən hələ bu qədər mərmi görməmişdim. Artilleriya ardı-arası kəsilmədən işləyir, düşmənin təchizat kalonları fasiləsiz olaraq gəlir. Onlar Xarkovda gündə 15 döyüş maşını təmir edirlər. Biz isə gündə cəmi bir-ikisini vura bilirik” – deyə QRU polkovniki bildirib.
İ.Strelkov etiraf edib ki, onların qüvvələri tükənir və əgər Rusiya köməyə gəlməsə, ən uzağı bir həftəyə məhv olacaqlar: “Rusiya işə qarışıb dərhal atəşkəs əldə edilməsinə nail olmasa, yaxud köməyə qüvvə göndərməsə, bizim məhvimiz qaçılmazdır. Bu, ən uzağı bir-iki həftəyə baş verəcək. Və birinci çoxsaylı əhalisi ilə birlikdə Slavyansk məhv ediləcək”.
İ.Strelkov deyib ki, onun döyüşçüləri sona qədər döyüşməyə hazırdır, lakin özünümüdafiə qüvvələri mənasız yerə ölmək və onlara inanan insanları şəhərlərin xarabalıqları altında basdırmaq istəmir.
“Bəli, mən panikadayam və əsəbiləşirəm. Hər gün əsgərlərim ölür, xəstəxanalar yaralılarla doludur. Uşaqları ayaqlarını mərmi qoparmış vəziyyətdə görmək çox ağırdır. Biz döyüşəcəyik, ancaq təcili, olduqca təcili kömək lazımdır” – deyə Strelkov göz yaşları tökə-tökə bildirib (virtualaz.org).