Ölkə başçısı diplomatları Bakıya niyə çağırır?
Ölkə başçısı Ilham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçiriləcək. Bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək. Xarici Işlər Nazirliyi məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzVision.az-a açıqlamasında bu barədə rəsmi qərarın qəbul edilmədiyini diqqətə çatdırıb. “Bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər daxil olur. Qeyd edim ki, bu barədə hər hansı qərar qəbul olunmayıb. Əgər qərar qəbul edilsə, biz bu haqda məlumat verəcəyik”, – deyə Elman Abdullayev bildirib.
“Azadlıq”ın apardığı araşdırmalar nəticəsində isə bəlli olub ki, Ilham Əliyevin səfirlərlə görüşü barədə xəbər əsassız deyil. Hakimiyyət daxilindəki mənbə qəzetimizə bildirib ki, ölkə başçısının diplomatlarla toplantısı gözləniləndir. Mənbə bunun konkret nə vaxt baş tutacağını söyləməyib. “Dəqiq vaxt bəlli deyil. Amma belə bir toplantının olması gözlənilir”, – deyə mənbə vurğulayıb. Əlavə edib ki, Ilham Əliyevin səfirlərlə görüşünün səbəbi Azərbaycan ətrafında gedən geosiyasi proseslər, hakimiyyətin haqsız mövqeyinə görə beynəlxalq aləmdə təklənməsidir. Mənbə bildirib ki, hakimiyyət düşdüyü vəziyyətdən çox narahatdır.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti son dövrlər görünməmiş səviyyədə təzyiqlərlə üzləşib. Avropa Şurası Parlament Assambleyasında Ilham Əliyevin çətin vəziyyətə düşməsi, hakimiyyətin “siyasi məhbus yoxdur” iddialarına rəğmən siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunması, ATƏT-in Bakı sessiyasında hakimiyyətin maraqlarına zidd, amma ölkənin demokratikləşməsi üçün mühüm əhəmiyyət kəsb edən qərarların qəbulu iqtidarda həm narahatlıq, həm də qeyri-müəyyənlik yaradıb.
Mənbə bildirib ki, Ilham Əliyevin səfirlərlə fövqəladə toplantısı məhz bu məsələlərin müzakirəsi, təmsil olunduqları ölkədə daha fəal iş aparmaları üçün yeni təlimatların verilməsini nəzərdə tutur.