Leyla Yunus yenə prokurorluğa çağırıldı

Hüquq müdafiəçisi polis, prokurorluq və MTN əməkdaşlarının onun evinə basqın edəcəyini gözləyir

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus yenidən prokurorluğa çağırılıb. Bu barədə hüquq müdafiəçisi özü məlumat yayıb. Leyla Yunusun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin müstəntiqi Ibrahim Ləmbəranski ona zəng edərək, onu 7 iyun, səhər saat 10.00-a idarəyə dəvət edib.

“Mən isə cavabında dedim ki, prokurorluq qanunu və bizim hüququmuzu pozur. Mənim və həyat yoldaşımın pasportlarımız, evimizin sənədləri aprelin 28-də qanunsuz olaraq götürülüb. Iki aydan çoxdur ki, bu sənədlər qanunsuz saxlanılır. Mən müstəntiqə təklif etdim ki, sənədlərimiz qaytarılsın. Onu da qeyd etdim ki, bizim sənədlərimizin qaytarılması məsələsini Ləmbəranski səviyyəsində həll olunmadığını başa düşürəm. Ona görə də təklif etdim ki, dediklərimi rəhbərlərinə çatdırsın. Qanunlara əməl etmək lazımdır”, – deyə Leyla Yunus bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Ibrahim Ləmbəranski kobud və təmkinsiz danışaraq, pasportları qaytarmaqdan imtina edib. Həmçinin bazar ertəsi prokurorluqda olmağı tələb edib.

Leyla Yunus hesab edir ki, prokurorluğa saxta ittihamlarla ssenari quraraq, onu həbs etmək tapşırığı verilib: “Bu gün baş verənlər prokurorluğun üçüncü hücumu idi. Ilk hücum aprelin 28-də baş vermişdi. Həmin gün həyat yoldaşımla Brüsseldəki beynəlxalq konfransa gedərkən qanunsuz olaraq hava limanında saxlanıldıq. Doqquz saat Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində dindirildik. Mayın 29-da müstəntiq Ləmbəranski ikinci dəfə məni dindirməyə çağırdı. Görünür, 9 saat onlara azlıq eləmişdi. Mən prokurorluğa getməkdən imtina etmədim. Sadəcə, qanuna əməl olunmasının göstəricisi kimi, pasportlarımızın qaytarılmasını tələb etdim. Bildirdim ki, bundan sonra gedib ifadə verəcəm. Pasportlarımızı qaytarmadılar. Zorla aparmaq cəhdi oldu, lakin jurnalistlərin evimizə gəlməsi mənim polis əməkdaşları tərəfindən zorakılıqla aparılmağıma mane oldu. Bütün bunları nəzərə alaraq, daha kəskin addım gözləyirəm. Məsələn, polis, prokurorluq və MTN əməkdaşlarının evimə və şəxsən mənim özümə hücum etməsini”.

Aytən Məmmədova