Krım çətin günlərini yaşayır

Turist axını azalıb, əhali köçü artıb

Krımdakı Azərbaycan icmasının rəhbəri: «Köçənlər arasında azərbaycanlılar da var»

Rusiyanın bu ilin fevral-mart aylarında işğal edərək özünə birləşdirdiyi Ukrayna torpağı Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov “Media forum” saytının suallarını cavablandırıb.

– Hazırda Krımda vəziyyət necədir?

– Krımda ictimai-siyasi vəziyyət sabit olaraq qalır. Zahirən sakitlikdir. Lakin iqtisadi problemlər yaşanır. Bu birinci növbədə onunla bağlıdır ki, yarımadanın iqtisadiyyatı əsasən turizmlə əlaqəlidir. Son hadisələr Krımın bir növ blokadaya alınmasına gətirib çıxarıb. Rusiyada Krıma giriş yalnız dəniz və hava yoluyladır. Turistlərin ən çox istifadə etdiyi dəmir yol və avtomobil yolları Ukraynadan keçir. Indiki zamanda ukraynalılardan Rusiyadan Krıma gələn turistlərə loyal baxmağı tələb etmək təbii olmazdı. 

Iyul-avqust ayları Krımda kurort mövsümünün ən qızğın vaxtıdır. Əvvəlki illər bu aylarda çimərliklərdə yer tapmaq mümkün deyildi, indi isə gələnlərin sayı çox azdır. Ötən il Krımda dincələn qonaqların sayı 6 milyondan çox idisə, bu il ekspertlər 2-3 milyon adamın olacağına şübhə edirlər. Krımda əhalinin böyük hissəsi turistlərin hesabına dolanır. Buna görə də bu il həyat səviyyəsinin aşağı düşməsi proqnozlaşdırılır və bu proses artıq başlayıb. Ərzağın, məişət texnikasının, dərmanın bahalaşması da bu prosesin güclənməsinə gətirir.

– Krımda yaşayan azərbaycanlıların durumu necədir?

– Krım azərbaycanlılarının vəziyyəti yarımadanın digər sakinlərinin durumundan heç nəylə fərqlənmir. Yaşayış səviyyəsinin pisləşməsi milliyyətindən asılı olmayaraq hamıya eyni dərəcədə təsir göstərir.

– Azərbaycanlılar Rusiya pasportu alırlarmı? Neçə azərbaycanlı Rusiya pasportu alıb?

– Azərbaycanlılar da başqa millətlərin nümayəndələri kimi Rusiya pasportu alır. Çünki Krımda Rusiya sənədi olmayan insanlar bir çox problemlə qarşılaşacaqlar. Miqrasiya orqanlarının məlumatına görə, artıq bir milyona qədər krımlı Rusiya pasportu alıb. Onların içərisində azərbaycanlılar da var, amma konkret sayı məlum deyil, çünki belə bir statistika aparılmır.

– Rusiya pasportu almaq istəməyən azərbaycanlılar çoxdur?

– Krımda Rusiya vətəndaşlığından imtina edən şəxslər var. Azərbaycanlılar da bu baxımdan istisna deyil.

– Krımdan köçüb gedən azərbaycanlılar varmı?

– Bir hissə Ukraynaya köçüb. Köçənlər arasında azərbaycanlılar da var.

– Rusiya pasportu almayan azərbaycanlılara hansısa təzyiq göstərilirmi?

– Məlumatım yoxdur. Milliyyətindən asılı olmayaraq Rusiya pasportu almayan bütün insanların Krımda yaşamasında problemlər olacaq. Iyulun 2-də Yaltada bizim həmvətənlərin sənədlərinin yoxlanılması uçun reydlər keçirilib.

– Siz Rusiya pasportu almısınızmı?

– Almamışam.

– Krımdakı Azərbaycan diaspor təşkilatları fəaliyyətlərini davam etdirirmi?

– Şübhəsiz ki, yaranmış vəziyyət hər hansı fəaliyyət uçun pozitiv fon yaratmır. Indi bütün hüquqi şəxslərdən, o cümlədən ictimai təşkilatlardan Rusiya qanunlarına uyğun yenidən qeydiyyatdan keçmək tələb olunur. Bu da yeni konfranslar keçirmək, yeni sənədlər toplamaq, notariuslarda təsdiq etdirmək deməkdir, eyni zamanda vaxt, əsəb, vəsait tələb edir. Bir sözlə, problem çoxdur.