aliyev-turkey

Hakimiyyət dilemma qarşısında

Türkiyədəki siyasi proseslər iqtidarın başağrısına çevrilib

Türkiyədəki siyasi proseslər Azərbaycan hakimiyyətini dilemma qarşısında qoyub. Iqtidar qardaş ölkədə keçiriləcək prezident seçkisində kimi dəstək verəcəyini müəyyənləşdirə bilməyib.

Hakimiyyət mətbəxindən redaksiyamıza sızan məlumatlarda belə deyilir. Qeyd edək ki, Azərbaycan iqtidarının Ərdoğan hakimiyyətilə olduğu kimi Türkiyənin müxalifəti ilə də isti münasibətləri var. Azərbaycanda baş verən siyasi proseslərə Türkiyə hakimiyyətilə müxalifətinin mövqeyində ciddi fərq olmaması da bunun təzaühürüdür. Bundan başqa Türkiyə müxalifətinin irəli sürdüyü namizəd Ekmələddin Ihsanoğlunun Azərbaycan hakimiyyətilə, hakim ailə münasibətləri yüksək səviyyədədir. Digər tərəfdən Heydər Əliyevlə dostluq münasibətləri olan, hər zaman Əliyevlərə dəstək verən keçmiş prezident Süleyman Dəmirəl də Ihsanoğlunu dəstəkləyir. Bu baxımdan Azərbaycan hakimiyyəti Türkiyədəki siyasi proseslərə münasibətini açıqlamağa tələsmir. Doğrudur, Azərbaycanın Türkiyədəki siyasi proseslərə əhəmiyyətli təsiri yoxdur. Amma “tamamilə yoxdur” demək də doğru olmaz. Istər maddi, istər siyasi cəhətdən Azərbaycanın da Türkiyədəki siyasi proseslərə müəyyən qədər təsiri var.

Məlumatlarda qeyd edilir ki, hakimiyyətin hələlik prosesləri sükutla izləməyi üstün sayır. Amma bunun da çox davam edəcəyi mümkün deyil. Türkiyədə siyasət hərarət artdıqca Azərbaycan hakimiyyətinin də proseslərə cəlb olunacağı şübhəsizdir.