Pablo Eskobar 1949-cu ildə Kolumbiyanın Rioneqro şəhərində fermer ailəsində dünyaya göz açmışdı. Pis uşaq deyldi. Anası yerli orta məktəbdə müəlliməydi və oğlunun tərbiyəsinə ciddi vaxt ayırırdı. Pablo içmir, siqaret çəkmir, babat oxuyurdu. Heyf, tezliklə məktəbin arxasında xəlvətcə nəşə çəkənlərin arasında o da göründü…
Sonralar Eskobar dünyanın ən böyük narkobaronlarından, terrorçularından birinə çevrildi. Pablo yüzlərlə hakim, prokuror, polis, jurnalist öldürmüşdü. Nə qədər qəribə səslənsə də, kasıb kütlənin ona həmişə böyük rəğbəti olub. 1989-cu ildə “Forbes” jurnalı onun varidatını 47 milyon dollar miqdarında dəyərləndirmişdi. Oğlu Sebastyan xatirələrində yazır ki, atası bir dəfə polislərin əlinə keçməməsi üçün 1 milyon 964 min dolları yandırıb. Eskobarı 1993-cü il dekabrın 2-də öldürdülər. Bir gün əvvəl 44 yaşı tamam olmuşdu. Neçə illərdir polisdən gizlənirdi. Buna qədər təxminən bir ilə yaxındır ailə üzvlərini görmürdü. Həmişə evə zəng vuranda çalışırdı ki, uzun danışmasın, yoxsa polis yerini öyrənəcək. Həmin gün oğlu Xuanın səsini eşidəndə kövrəldi, dəstəyi tez yerə qoymağa ürəyi gəlmədi; təxminən beş dəqiqə danışdılar. Beləcə, gizləndiyi yeri öyrəndilər. Atışma zamanı yaralansa da, polis onu sağ buraxmadı: axırıncı gülləni yerində qovrulan Pablonun başına sıxdılar…
Bu hadisənin üstündən düz yeddi ay keçəndən sonra elə həmin şəhərdə – Medelyində Andres Eskobarı da öldürdülər. Futbolçu Eskobarı. Məşhur narkobaronla heç bir qohumluq əlaqəsi olmayan Eskobarı. Dünya çempionatında ABŞ-la oyunda topu öz milli komandasının qapısına göndərən Eskobarı…
Mafiyanın gülünc qisası
Andres Eskobar elə bu şəhərdə – Medelyində doğulmuşdu. Futbolçu karyerası ərzində yalnız bir dəfə də xarici klubun formasını geyinmişdi: bir ilini “Yanq Boyz”da keçirmişdi. Müdafiəçi 1988-ci ildən Kolumbiya milli komandasına dəvət alırdı. 1994-cü il mundialı onun üçün sayca ikinci dünya çempionatı idi. Böyük futbolçu sayılmasa da, demək olar, həmişə əsas heyətdə oynayırdı. ABŞ-la oyun komanda üçün çox vacib idi. Qrup mərhələsinin ilk görüşündə Rumıniyaya uduzmuşdular. Meydan sahiblərini məğlub eləməsəydilər, mübarizə onlar üçün bitirdi. Eskobarın bəxti gətirmədi: 34-cü dəqiqədə top onun ayağına dəyəndən sonra komandasının qapısına yönəldi. Kolumbiya heç cür özünə gələ bilmədi və 1:2 hesabıyla məğlub oldu. Cəmi on gün sonra Andresin Medelyində meyidini yapdılar. 12 güllə yarasından sonra xəstəxanaya çatdırılsa da, 45 dəqiqə sonra gözlərini əbədi yummuşdu. Qatili uzağa qaça bilməmişdi. Umberto Munyos Kastro hələ indiyə qədər futbolçu ilə niyə belə qəddar davrandığının səbəbini demir. Deyilənə görə, o, hər dəfə tətiyi çəkərkən “Qol” qışqırırmış.
Kolumbiyada heç də hamı Eskobarın məhz avtoqola görə öldürüldüyünü düşünmür. Bir çoxu bu fikirdədir ki, futbolçu soyadının güdazına gedib. Narkobaronla eyni soyadı daşıyırdı. O narkobaronla ki, son illər mafiya yoldaşlarının etimadını doğrultmurdu, işləri əməllicə korlamışdı. Eskobar soyadlı futbolçunun milli komandaya zərər yetirməsini müdafiəçiyə bağışlamadılar.
Umberto Munyosun həbsxanada az yatmasında da mafiyanın rolunu görürlər. Eskobarın qatilinə əvvəlcə 43 il iş vermişdilər. 2001-ci ildə həbs müddətini 26 ilə qədər azaltdılar. Munyos həbsxanada cəmi 11 il keçirdi. 2005-ci ildə onu azadlığa buraxanda adını belə qoydular ki, özünü “içəridə” nümunəvi aparıb.
Eskobarın ölümündən düz 20 il ötür. Geridə qalan müddətdə Kolumbiya milli komandasında avtoqol qeydə alınmayıb…
Kolumbiyanın yeni siması
Kolumbiya milli komandası dünya çempionatlarında ən yaxşı dövrünü keçirir. “Narkobaronlar ölkəsi” indiyə qədər mundiallarda belə uzağa getməmişdi. Kolumbiya ən güclü 8 komandanın sırasına qoşulub. Finala cəmi iki addım qalıb. Kolumbiya dünya çempionatında o qədər yaxşı təsir bağışlayır ki, Braziliyaya uduzmayacağına inananların sayı yetərincə artıb. Hələ bu, Falkaosuz Kolumbiyadır. Komandanın lideri zədəyə görə dünya çempionatına gələ bilməyib. Dərd eləməyə dəyməz, Falkaosuz da Kolumbiya çox yaxşı görünür. Falkao yoxdur, Xames Rodriges var. Falkao yoxdur, Xuan Kuadrado var. Falkao yoxdur, Cekson Martines var. Falkao yoxdur, Pablo Armero var. Mario Yepes var, David Ospina var, Kristian Sapata var, Xuan Kintero var, Xuan Sunyiqa var… Adların çoxu sizə heç nə demir? Siz bu oğlanları birlikdə meydanda görəsiniz. Onlar komanda halında oynayanda rəqibin ad-sanına baxmırlar. Düzdür, hələ çempionluğa iddialılardan heç biriylə qarşılaşmayıblar, amma onların gücünə şübhə eləyən yoxdur.
ABŞ-ın yeni futbolçu müdafiə naziri
Indi həm də onun müzakirəsi gedir ki, dünya çempionatının ən yaxşı futbolçusu kimdir. Beş-altı ad çəkilir. Biri Lionel Messidir, biri Neymar, biri Aryen Robben, biri Xorxe Rodriges, biri Kərim Benzema, biri də Tomas Müller. Fikir verirsiz, adətən, çox qol vuranların adını çəkirlər. Azarkeşlərin adətidir, daha çox məhsuldar futbolçular gözlərinə görünür. Məsələn, Hollandiya millisindən Memfis Depayın yaxşı oyununu necə görməmək olar. Lap elə Kuadrado olsun. Kolumbiyanın yarımmüdafiəçisi 4 qolun vurulmasında birbaşa rol oynayıb: son ötürməni verib. Çilidən Aleksis Sançes, Meksikadan Gilyermo Oçoa, Kosta Rikadan Keylor Navas, Hollandiyadan Robin van Persi, Fransadan Matyö Valbuena, Almaniyadan Bastian Şvaynştayger, Əlcəzairdən Sofyan Fequli, Belçikadan Divok Origi, Uruqvaydan Alvaro Pereyra çempionatı yüksək səviyyədə keçirib. Bu futbolçuları mundialın ən yaxşısı seçməyəcəklər, bu heç, başqa söhbətin mövzusudur. Fakt odur ki, çox qol vurmaq hələ ən yaxşı olmağın göstəricisi deyil. Insaf da yaxşı şeydir, düzünü demək lazımdır: Messi olmasaydı, Argentina bəlkə heç bura qədər gəlib çıxa bilməyəcəkdi. “Barselona”nın ulduz futbolçusu bir növ komandasını təkbaşına irəli aparır. Hər oyunda rüsvay olmaqdan xilas eləyir.
Yuxarıda Tim Hovardın adını yazmadıq, yox, yadımızdan çıxmayıb. Hovard Belçika ilə oyunda nə qədər yaxşı qapıçı olduğunu göstərdi. 30-a qədər zərbə dəf elədi. Hovard əlindən gələni elədi ki, ABŞ millisi Argentinaya rəqib olsun. Neyləmək olar, futbolu 11 nəfər oynayır, qapıçı hamının yerinə döyüşəsi deyil. Hovard o qədər yaxşı oynadı ki, yəqin növbəti mövsümdə onu formasını geyindiyi “Everton”a nisbətən daha güclü komandada görəcəyik. ABŞ-da isə əsl qəhrəmana çevrilib. Hovard hətta “Vikipediya”da bir neçə saatlıq ölkənin müdafiə naziri kimi təqdim olunub. Amerikalıların incə yumorunu başa düşmək çətin deyil. Hovard komandanın qapısını layiqincə qoruyurdu. Necə deyərlər, işini ABŞ-ın müdafiə naziri Çak Heygeldən pis görmürdü…
Sabahdan – final mərhələsinin oyunları başlayır. Bu mərhələdə Braziliya-Kolumbiya, Hollandiya-Kosta Rika, Almaniya-Fransa, Argentina-Belçika görüşlərinə baxacağıq. Bura həm Avropanın, həm də Amerikanın hərəyə dörd komandası gəlib çıxıb. Amerikalılar çempionluq sayına görə avropalılara 9:10 hesabıyla uduzur. Bu mərhələ avropalıları tam sıradan çıxarmayacaq. Çünki bir cütdə yalnız Avropa komandaları qarşılaşır. Amma amerikalılar ümumi hesabın bərabərləşməsinə bir az da yaxınlaşa bilər. Hollandiya və Belçikanın uduzması yetər.
Coşqun Eldaroğlu