Müharibə qumar kimidir…

…ordan ancaq bəxti gətirən sağ qayıdır

Müharibəyə könüllü yollanıb. Bakı Dövlət Universitetinin tələbəsi ikən Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qoşulub. Daha sonra tale onu qanlı döyüşlərin mərkəzinə atıb. Rüxsarə Cumayeva Qarabağdan 300 kilometr məsafədə yerləşən Zaqatala rayonundandır. Lakin vətənin bir hisəsində baş verən qanlı müharibəyə biganə qala bilməyib:”Hər gün cəbhədən ölüm xəbərləri gəlirdi. Kəndlərimiz işğal olunurdu. Tibb bacısına ehtiyac olduğunu bilirdim. Qərar verdim ki, yaralılara kömək etməliyəm”.

1991-94-cü illəri cəbhədə tibb bacısı kimi çalışan Cumayeva deyir ki, yüzlərlə yaralı əsgəri həyata qaytarmaqda onun da payı olub: “Müharibə qumar kimidir. Ordan ancaq bəxti gətirənlər sağ qayıdır. Döyüşdə həyatla ölüm arasında məsafə bir göz qırpımı qədərdir. O dörd ilin necə keçdiyinin fərqində olmadım. Elə gecələr var idi ki, gündüzdən seçilmirdi. Güllələrin, mərmilərin saçdığı işıqlar gecələrimizi gündüzə, həyatımızı cəhənnəmə döndərirdi”.

R.Cumayeva sözügedən müharibə illərində ən ağır döyüş bölgələrində xidmət göstərdiyini deyir: “1992-ci ildə ilk dəfə Nəbilər kəndinə göndərildim. Bir donuz fermasinda yerləşib əsgərlərin yaralarını sarıyırdım. Nurcahan və Nəzakət adlı qızlar bizdən yuxarıda yaralıları sarıyırdılar. Mehmanada, Murovda döyüşlərdə olmuşuq.ÿ

Hərdən burnuma qan və barıt qarışıq qoxu gəlir, döyüş səhnələri gözlərimin qabağından getmir. Əsgərlərə tibbi xidmət göstərdiyim zaman yaralanmışam. Sol əlimdən və sağ ayağımdan qəlpə yaraları almışam. Buna baxmayaraq, geri – rayonumuza qayıtmamışam. Qardaşım evimizə qayıtmağım üçün nə qədər dil tökdü. Yaralı olsam da, heç əsgərləri səngərdə qoyub hospitala getmədim, qaldı ki evə dönməyim ola. Belimdə 40 kilo dava-dərmanla Fərrux dağını aşmışam. Heç vaxt geri çəkilməmişəm. Işimiz tək yara sarımaqla bitmirdi. Ölən əsgərlərin cəsədlərini də daşıyırdıq ki, heç olmasa tabutları evlərinə gedib çıxsın, döyüş bölgəsində qalıb çürüməsin. Müharibə çox dəhşətlidi. Insanın əşyadan fərqi qalmır. Bir anın içində cansız cəsədə çevrilə bilərsən”.

Cumayeva içini çəkərək qollarında ölən əsgərlərin də olduğunu söylədi: “Yaralılara kömək etdikcə, meyidləri daşıdıqca yüngülləşirdim. Yaraları ağır olan, çox az yaşama şansı olan əsgərlər də olurdu. Qollarımda ölən hər əsgərlə mən də ölürdüm. Bu cür şeylərin şahidi olmaq çox ağırdı. Müharibə hamının əsəblərini gərmişdi. Bir dəfə Ağdama cəsəd təhvil verməyə getmişdim. Ölən əsgərin qardaşı cəsədi görəndə ağlını itirdi. Sanki qardaşının qatili mən imişəm kimi qranatı çəkib ayaqlarımın altına atdı. Cəld qranatı götürüb təcili yardım maşınının arxasına atdım. Partlayışdan maşını necə silkələdisə… Dəliyə döndüm. Qışqıra-qışqıra adamın üstünə atıldım ki, iki yaxınım əsirlikdədi, əlimdən heç nə gəlmir, qardaşın öldürülüb, amma mən öldürməmişəm. Qələndər Ismayılov ona yaxın əsgərlə arxamca gəldi. Mənə bir sillə vurdu ki, əsgərlərə kömək lazımdı. Sən burda nə gəzirsən? Indicə ölsəydin yaxınlarına nə cavab verəcəydik? Rüxsarəni ermənilər yox, bizimkilərmi öldürüb deyəcəydik?..

Rüxsarə xanım bildirir ki, atəşkəsdən sonra müharibədə iştirak edən xanımlara ögey münasibət var: “Bu, cəmiyyət arasında da belədir, ailələr arasında da. Onlara yuxarıdan aşağı baxırlar. Müharibədə ailə quran qızlar da oldu, subay geri dönənlər də. Sanki döyüşdə kişilərlə çiyin-çiyinə olmaq çox pis işdi. Daha fikirləşmirlər ki, biz sizin oğullarınıza, həyat yoldaşlarınıza kömək etmişik, yaralarını sarımışıq. Vətən uğrunda həlak olan oğullarınızın cəsədlərini düşmənin ayaqları altında qoymamışıq. Xocalı əsirliyində olan tanıdığım bir xanım var. Xocalıdan olan bir oğlan onunla evlənmək istəyirdi. Oğlanın anası razılıq vermədi. Nə var, qız erməni əsirliyində olub. Dəhşətlisi budur ki, eyni hadisənin içində olan insanlar bir-birinə qarşı ayrı-seçkilik edir, o qıza artıq başqa gözlə baxır”.

Müharibədən sonra Cumayeva anasından qalma 10 kvadratmetrlik balaca bir otaqda yaşayır, qızı ilə birlikdə. Son illərdə sağlamlığı ilə bağlı problemlər onu həyatdan yamanca küsdürüb: “Uşaqlıqdan sol omba nahiyəmdə problem vardı. Cəbhədə olarkən bir gün ön xətdən BMP ilə Ağdama dərman dalınca gedirdim. Yolda BMP gedə-gedə üstündən yıxıldım. Bundan sonra ombamda ağrı başladı. Illər keçdikcə də ağrılarım artdı. Vaxtında imkanım olmadı əməliyyat etdirim. Sümük-sümüyə sürtündüyündən çanaq sümüyüm illərlə yavaş-yavaş yeyilməyə başladı. Uzun müddət imkansızlıqdan əməliyyat oluna bilmədim. Artıq ağrıkəsicilər kömək eləmirdi. Ötən il ərzində beş dəfə əməliyyata girdim – iki dəfə Ankarada, bir dəfə Bakıda, iki dəfə də Istanbulda. Bunların ancaq sonuncusu uğurlu oldu”. Rüxsarə xanım deyir ki, yataqda olanda ona 14 yaşlı qızı Rəqsanə baxıb. Qızcığaz kiçik yaşlarından anasının himayəsində böyüyüb. Anası illərlə yataq xəstəsi olduğuna görə evin bütün qayğılarını balaca Rəqsanə öz çiyinlərində çəkib. Qayğılar və çətinliklər onu vaxtından tez böyüdüb. Anası deyir ki, Rəqsanənin həmyaşıdları qayğısız həyat yaşayarkən Rəqsanə evə bazarlıq edir, yemək bişirir, ev təmizləyir, paltar yuyur: “Halbuki, bu işləri mən görməliyəm”.

Rəqsanə deyir ki, anası Ankarada əməliyyat olunanda ona bildirməyiblər: “Anamın nömrəsinə zəng çatmırdı. Bildiyim adamlara zəng etdim. Dedilər ki, anam onların yanında yoxdu. Oturub bərkdən ağladım. Həmin vaxt anam Ankarada əməliyyat olunurdu”.

Böyüyəndə həkim olmaq istəyir: “Anamın ağrıdan qıvrıldığını gözlərimlə görmüşəm. Anam yaxşı həkimlərin sayəsində ayağa qalxdı. Mən də böyüyəndə həkim olacam. Imkansız xəstələrə kömək edəcəm”.

Cumayeva qızı ilə ehtiyac içində yaşayır. Müharibə veteranı kimi aldığı cəmi 50 manat təqaüd heç nəyə yetmir. Yaxşı ki, Rüxsarənin qardaşı onlara əl tutur.

Gələn ilin martında onun o biri ayağı da əməliyyat olunmalıdır: “Ötən əməliyyatda ayağıma protez qoyub 12 santimetr uzadıblar. Indi əsayla gəzirəm. Ayaqlarımın birinə altı düz, o birinə dabanlı iki fərqli ayaqqabı geyinirəm ki, düz dayana bilim. Noyabrdan yardım kampaniyası başladacaqlar. Pul toplaya bilsək, o biri ayağım da əməliyyat olunacaq”.

Rüxsarə xanım ümidini bu kampaniyadan toplanacaq pula dikib. Bir ayağını Istanbulda kampaniya nəticəsində toplanan 12 min manata əməliyyat ediblər. O biri ayağı üçün də bir o qədər pul lazımdır. Yeganə arzusu isə tezliklə sağlamlığına qovuşub, qızını qayğılardan qurtarmaq, ana kimi onun gələcəyini təmin etməkdi.

civil-forum.az