Insan da ağac kimidir

Azərbaycanda təhsilin acınacaqlı halını bu günlərdə Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) açıqladığı rəqəmlər bir daha aydın ortaya çıxardı. Vəziyyət həqiqətən faciəvidir, təsəvvür edin ki, 9-cu sinfi başa vuranların ən azı 30, 11-ci sinfi bitirənləri 20 faizi bir fəndən “2″ alıb. Ümumilikdə buraxılış imtahanı verən 193.5 min 9 və 11-ci sinif şagirdindən 126.9 min nəfəri və ya 66 faizi buraxılış imtahanlarından ”2″ və “3″ qiymət alıb.

Bir sözlə, yaptokratiya bizə nəhəng bir savadsızlar ordusu miras buraxır. Düşünülmüş siyasətdir: Kamyunun dediyi kimi, “cəhalət bütün pisliklərin anasıdır”, deməli, ölkə nə qədər cəhalətə gömülərsə, pis, yaramaz əməllər üçün də bir o qədər münbit şərait yaranar. 

Təhsilin içacıdıcı durumunu göstərən başqa bir fakt: bu il 11-ci sinfi bitirən şagirdlər 2003-2004-cü tədris ilində 1-ci sinfə gediblər. Həmin il ölkənin bütün orta məktəbləri üzrə 137.1 min uşaq 1-ci sinfə qəbul olub. 2012-ci ildə həmin uşaqların 117.3 min nəfəri 9-cu sinfi bitirib. Göründüyü kimi 20 min uşaq və ya 1-ci sinfə qəbul olanların 15 faizi hətta 9 illik təhsildən kənarda qalıb. 

Dəyərli iqtisadçı dostumuz Rövşən Ağayevin bu barədə sosial şəbəkədəki qeydlərini oxudum, bəy yazır: “Bəlkə bu uşaqlar ölkədən köçüb? Rəsmi statistika bunu inkar edir. Rəsmi məlumata görə, 2004-2012-ci illərdə başqa ölkələr cəmi 17 min nəfər köçüb gedib. Miqrantların yaş strukturunda da uşaqların payı 20 faizi ötmür. Hətta emiqrasiya ehtimalı nəzərə alındıqda, yenə də 15 minədək uşaq 9-cu sinfi bitirmədən orta təhsildən ayrı düşüb. Ölüm əmsalını nəzərə almıram, çünki rəsmi məlumata görə, 6-17 yaşlı uşaqlar arasında ölüm faizi 0.3-0.4 faizdən çox deyil”.

Bəs doğrudan da, hanı o uşaqlar? Bunu ölkədəki ağır sosial vəziyyətlə izah etmək çətin deyil. Həmin uşaqları siz ofisiantlıqdan, konduktorluqdan tutmuş ən ağır iş yerlərində görə bilərsiniz.

Bir müddət əvvəl ali təhsil aldığı halda hansısa varlının obyektində gözətçiliklə məşğul olan bir tanışla rastlaşdım təsadüfən. Ayaqüstü bir az dərdləşdik, söhbət o yerə gəldi ki, övladını məktəbə, təhsilə həvəsləndirə bilmədiyindən gileylənməyə başladı. Uşaq deyirmiş ki, “onsuz da evimizdə iki diplom (atasının və anasının) yatır, üçüncüyə nə ehtiyac var?” 

Mən həmin tanışa məsləhət gördüm ki, övladını gələcəyə kökləsin, həmişə belə davam etməyəcəyini, insanın biliyinə, bacarığına görə qiymətləndiriləcəyi bir zamanın yetişəcəyinə inandırsın. O, acı bir təbəssümlə üzümə baxıb kinayə ilə dedi: “Bəy, sən özün həmin zamanın gələcəyinə inanırsanmı?”

“Mən inanıram!” – əminliklə dedim.

“Amma mən inanmıram. Özüm inanmıramsa, uşağı necə inandırım buna?”- bunu deyən tanışım “boş şeydir” mənasında əlini yelləyib uzaqlaşdı.      

Bax, vəziyyət belədir. Hamı fikirləşir ki, onsuz da öz bilik və bacarıqları ilə həyatını qurması mümkünsüzdür. Lap yaxşı təhsili olsa belə, “daydayı”sı, babat pulu olmasa nəyə yarayır? Bunlarsız hansı karyeraya ümid edə bilər?

Azərbaycanda təhsil, bilik, elm baxımından bilərək bu vəziyyət yaradıblar. Bu, xalqı itaətdə saxlamağa imkan verir. Əlbəttə, deyə bilərsiniz, Sistemi yalnız cahillər, savadsızlarmı müdafiə edir? Bəyəm “siyasi qullar” arasında təhsilli insanlar azdırmı? Belə sualların cavabı da bəsitdir: bilginin, savadın göstəricisi yalnız yazıb-oxumağı bacarmaq deyil.

Bilgi, savad həm də düşünməyi öyrənməkdir. Düşünməyə cəhd bacarığına yiyələnməkdir. Azad fikir ürətmək, sərbəst mükalimə yürütmək, müstəqil nəticələr çıxarmaq, qərarlar vermək vərdişlərinə yiyələnməkdir. Təşəbbüskar olmağı mənimsəməkdir. Yaxşı, yüksək təhsilin vəzifəsi həm də insanlara ilk məktəb illərindən bunu aşılamaqdır. Azərbaycanda belə bir təhsil anlayışı nə vaxt mövcud olub? Indi onun hətta işartısı belə yoxdur. Bizdə təhsil deyilən zad onilliklər boyunca yalnız “şəxsiyyətə pərəstiş” üzərində köklənib, məsələn, Nyuton qanunları ilə bərabər “yazılmamış qanun”ları öyrətməklə də məşğul olub: hər şeyin düzünü yalnız bir nəfər bilir, doğru olan hər şeyə ancaq bir nəfər qərar verə bilər, sənsə yalnız onun kölgəsinə sığınmalı, onun kölgəsində sürünməlisən. 

Insan da ağac kimidir, o kölgədə, günəş görmədən nə qədər boy ata, böyüyə, ucala, hansı bar verə bilər ki?!