qenimetzahid-yeni

Dünyanı buxovlamaq üçün nə qədər ağıl(sızlıq) lazımdır?

Onlar Əli Kərimliyə nə üçün təhlükə mənbəyi kimi baxırlar?

Xalq Cəbhəsinin sədri Əli Kərimlinin Avropalı deputatlarla «sanksiyalaşdırılmamış» görüşünün polis tərəfindən dağıdılmağa cəhd edilməsi yenicə başlayan ayın çox ciddi hadisəsi oldu. Təbii ki, hadisə, baş verdiyi andan beynəlxalq qalmaqala çevrildi, çünki görüş Əli Kərimli ilə Avropalı siyasətçilərin arasında baş vermiş fakt idi. Azərbaycan hökumətinin polis məntiqi isə yalnız Əli Kərimliyə yox, Avropalı deputatlara da hökm edirdi ki, onlar Bakıda, Azərbaycanda hakimiyyətin icazəsi olmadan kiminləsə görüşüb söhbət edə bilməzlər.

Bundan bir neçə gün əvvəl İlham Əliyev AŞ PA-nın sessiyasında çıxış edərək Avropalı deputatlara sübut etmək istəyirdi ki, Azərbaycanda demokratiya var, toplaşmaq azadlığı var və sairə. Başqalarını demirəm, hətta Azərbaycandan olan bəzi QHT təmsilçiləri, hüquq müdafiəçiləri də həmin zaman həmin zalda oturub İlham Əliyevin dünyaya sırımaq istədiyi yalanları dinlədiklərinə görə qürur hissi keçirdiklərini bildirirlər. Axı, hökumət bir zamanlar «Lissabon» ətrafında yaratdığı şounu AŞ PA-nın sözü gedən sessiyası ətrafında da yaratmağı planlaşdırıb və bu kampaniya ölkənin bütün inzibati idarəçilik vertikalı boyu aparılır. Hətta Penitensiar Xidmətin saytında da İlham Əliyevin sözü gedən çıxışından fəxr edənlərin ürəyindən keçənləri bildirməsi üçün guşə yaradılıb. Başqa məsələdir ki, hakimiyyət oradakı pərtliyi aradan qaldırmaq üçün bu qədər qışqırıq salır. Həqiqət isə ondan ibarətdir ki, İlham Əliyevin canını dişinə tutaraq bacardığı bütün yalanları söylədiyi həmin sessiyadakı çıxışına inananların sayı o çıxışı dinləyənlərin bir faizi qədər də deyildi. Bakıda Avropalı deputatların Əli Kərimli ilə görüşünü pozmaq istəyən Azərbaycan hökumətinin inzibatçı qafası həmin o bir faizi də saxta arqumentlərdən məhrum etdi. İndi saxta demokratları İlham Əliyevin əsəbi yalanları ilə qürrələnməyə məcbur edəcək bir şey qalmayıb.

Amma hakimiyyət Əli Kərimli faktorundan əməlli-başlı qorxduğunu göstərdi, axı. Nifrət başqa şeydir, qorxu isə bir başqa şey. Azərbaycan hakimiyyəti demokratiyanın bütün görsənişlərinə və demokratik dəyərlərin bütün daşıyıcılarına nifrət edir. Demokratik dəyərlərin uğrunda ardıcıl və davamlı mübarizə aparan, bu mübarizənin aparıcı siması olan Əli Kərimlinin mövcudluğu isə Azərbaycan hakimiyyəti üçün çəkilməsi mümkün olmayan ağır dərddir.
İl yarım bundan əvvəl, 2012-ci ilin dekabrında AXCP sədri Əli Kərimli Bakıda gənclərlə görüş keçirtdi. Avtoritar rejimin yaratdığı nimdaş ictimai əhval-ruhiyyə həmin günlərdə də pessimizmdən başqa bir şey göstərmirdi. Amma görüşün keçirildiyi gündən başlayaraq bütün rəsmi təbliğat vasitələri AXCP sədrinin bu görüşünə qarşı «Lissabon» effekti ilə təbliğat aparmağa başladılar. Niyə, məhz, o görüşü xatırladıram? Durğunlaşmaqda olan cəmiyyət üçün ildırım effekti verən və AXCP üzvü olan-olmayan yüzlərlə gəncin qatıldığı həmin o görüş istibdadın təntənəsindən güc alanlara tərs şapalaq olmuşdu! Dirəniş ölmür, bitmir və davam edir. Nə qədər sıxsan da, təqib və təzyiqlərlə, həbslərlə, çeşidli hədə-qorxularla, yalan-palanla,.. cəmiyyəti nə qədər gicələk etsən də, dirəniş bitmir və davam edir. Diktaturanın diqtə etdiyi şərtləri qəbul etməyən yeni nəsillər meydana atılır və mübarizəni davam etdirir. Əli Kərimli yorulmaz və davamlı mübarizəsi ilə cəmiyyətin bütün müqavimət potensialını üzə çıxaran, bu gücün ən effektli şəkildə istiqamətləndirilməsi ilə avtoritar dəyərləri cəmiyyətin bütün hüceyrələrinə yeritmək istəyənlərin qarşısında dayanan siyasi liderdir. Siyasi müqavimətin simvollaşmış adamıdır. Avtoritarizmin də öz simvolları var. Öz heykəlləri, öz ritualları, korrupsiyaları, oğurluqları, fərdi və ya ictimai işgəncə üsulları… Bu, bir kompleksdir. Amma avtoritarizm öz gələcəyini o zaman nəyahətsiz olaraq təsəvvür edə bilir ki, ona qaşı dayanan düşərgənin simvolları, ritualları, dəyərlər kompleksi olmasın. Azərbaycanda isə bu, var.

Azərbaycandakı avtoritar rejim cəmiyyətə qarşı kompromissiz savaş aparır. Cəmiyyətə məxsus olan hər şeyi onun əlindən alır. Bütün mənəvi, siyasi, iqtisadi, fərdi, ictimai olanları cəmiyyətin əlindən alıb onu tamamilə əzmək, bioloji kütləyə çevirmək və bunun üzərində öz əbədi təntənəsini bərqərar etmək iddiasındadır. Hərçənd, bu zamana qədər Heydərizmdən daha sistemli və qatı dəyərlər sistemi ilə yüklənən, İlham Əliyevdən daha qəddar və özünü təmizə çıxarmaq üçün yalana-filana ehtiyac duymayan diktatorlar belə xalqı əbədi kölə halına sala bilməyiblər. Amma bu, axı, bütün diktatorların ən müqəddəs arzusudur. Əbədi hakimiyyət! Bunun uğrunda da İlham Əliyev və onun komandası Azərbaycan xalqına qarşı kompromissiz və davamlı savaş açıblar. Bu savaşı onların nəzərdə tutduğu təntənədən məhrum etmək, şaxını sındırmaq üçün təbii ki, ona qarşı kompromissiz mübarizə aparmaq və cəmiyyətin resurslarını ardıcıl olaraq təşkilatlandırmaqdan yorulmamaq, usanmamaq lazımdır. Əli Kərimli öz siyasi mübarizəsi ilə bu adamdır. O, düşüncəni konkret əməllə birləşdirən siyasi fiqurdur. Onun ətrafında elə bir adam tapa bilməzsiniz ki, həm onun, həm də İlham Əliyevin çıxışlarını alqışlasın. Çünki Əli Kərimli Azərbaycan cəmiyyəti ilə kompromissiz savaş aparanlara qarşı cəmiyyətin vicdanı ilə birlikdə dayanan adamdır. Buna görə, avtoritar şüur ona nifrət edir və ondan qorxur. İndi, o, Azərbaycan cəmiyyətinin kompromissiz mübarizə simvoludur. «Bizimlə deyilsənsə, bizə qarşısan» fikrindən zəhləm gedir və bunu heç zaman təlqin etməmişəm. Amma bu bir faktdır ki, indi ölkədə kompromissiz və davamlı olduğu üçün də ən effektli mübarizənin simvolu Əli Kərimlidir. Cəmiyyəti təşkilatlandıran, hədəfə istiqamətləndirən, heç zaman ruhdan düşmədən və hədəfi dəyişdirmədən irəliyə baxan siyasi liderdir. İndi Azərbaycanda cəmiyyətin mübarizə potensialına onun qədər güvənən və buna görə də ən ağır təzyiqlərin hədəfi olmaqla belə ən nikbin ovqata sahiblik edən siyasi liderdir. Avtoritar rejim bütün bunları bilir. Buna görə də, mümkün və normal məntiqlə mümkün görünməyəcək bütün vasitələrlə onu neytrallaşdırmağa çalışır. Bütün bunlara görə, onunla rəsmən görüş istəyən Avropalı deputatlara bu görüşü keçirməyi qadağan etməyə qədər absurd qərar verməyə hazırdır. Onun dünyaya çıxışını qadağan ediblər. İndi dünyanın onunla təmaslarını qadağan etməyə girişiblər. Birmadakı hərbi xunta kimi. Bu onların özünü də, Əli Kərimlini də dünyaya daha yaxşı tanıtmaq üçün zamanın təqdim etdiyi testdir.