Ölkənin xarici ticarət dövriyyəsinin 9,3% MDB-nin payına düşür
Son aylarda Azərbaycanda istər siyasi dairələrdə, istərsə də cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri ölkəmizin geosiyasi proseslərdə tutacağı mövqedir. Hakimiyyət bu məsələdə qəti mövqe ortaya qoymasa da, bir çoxları rəsmi Bakının məhz Rusiya ilə yaxınlaşmaqda maraqlı olduğunu iddia edir. Bu mövqe isə şimal qonşumuzun həm siyasi, həm də ticarət əlaqələrində ölkəmiz üçün ciddi əhəmiyət kəsb etməsi ilə əsaslandırılır.
Hətta Rusiyanın xüsusilə iqtisadi əlaqələrdə əvəzolunmaz olduğunu deyir. Lakin rəsmi statistik rəqəmlər bu iddianı təkzib edir. Bu günlərdə Dövlət Statistika Komitəsi (DSK) yanvar-aprel ayları üçün Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı məlumatları açıqlayıb. Bu məlumatlar Rusiyanın Azərbaycan üçün əvəzolunmaz olduğunu iddia edənlərin arqumentlərini darmadağın edir.
Bunun üçün açıqlanan məlumatlara siyasi aspektdən yanaşaq.
Ixracda MDB ölkələrinin çəkisi 3.1, başqa dövlətlərin payı isə 96,9 faizdir
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel ayları ərzində xarici ölkələrlə 9,9 milyard dollarlıq ticarət, o sıradan 7,2 milyard dollarlıq ixrac, 2,7 milyard dollarlıq idxal əməliyyatları aparılıb. Bu isə xarici ticarətdə müsbət hal kimi dəyərləndirilən 4,5 milyard dollarlıq müsbət saldo deməkdir. Əsas məsələyə keçməzdən əvvəl bir məqama da toxunmaq lazımdır. Azərbaycanın ixracının böyük hissəsini neft və neft məhsulları təşkil etdiyindən 4,5 milyard dollarlıq müsbət saldo öyünmək üçün əsas ola bilməz.
Keçək əsas məsələyə. Hesabatda bildirilir ki, ticarət əlaqələrinin 90,7 faizi (9 milyard dollarlığı) MDB üzvü olmayan dövlətlərlə, o cümlədən 43,5 faizi Avropa Birliyi ölkələri ilə aparılıb. MDB-yə üzv olan ölkələrlə aparılan ticarət əlaqələrinin həcmi isə 9,3 faiz təşkil edib. Ümumilikdə xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 25-i Amerika, 38-i Asiya ölkələri və digərləridir.
DSK-nın məlumatına əsasən, sözügedən dövrdə MDB-yə üzv olan ölkələrə Azərbaycandan 222,8 milyon dollarlıq mal ixrac edilib. Başqa ölkələrə ixrac edilən məhsulların dəyəri təxminən 7 milyard dollar civarındadır. Ixracda MDB ölkələrinin çəkisi 3,1, digər dövlətlərin payı isə 96,9 faizdir.
Bu isə o deməkdir ki, Rusiya ilə birgə digər MDB ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı cüzidir. Belə olan halda Rusiyanın ticarət tərəfdaşı kimi Azərbaycan üçün əvəzolunmaz olması ilə bağlı iddiaların əsassız olduğu üzə çıxır.
Idxal əməliyyatlarında maxinasiya
Idxala gəldikdə, hesabata görə, yanvar-aprel aylarında Azərbaycana MDB-yə üzv dövlətlər istisna olmaqla, başqa ölkələrdən 2 milyard dollarlıq mal gətirilib. Bu da o deməkdir ki, Rusiya ilə birgə MDB dövlətlərinin payı cəmi 700 milyon dollardır.
Məlumata əsasən, ümumilikdə idxalın 25,4 faizi MDB, 29,1 faizi Avropa Ittifaqı, qalan 45,5 faizi digər ölkələrin hesabına formalaşıb.
Hesabatda qeyd olunur ki, xarici ticarət dövriyyəsinin 84,2 faizi Italiya, Indoneziya, Almaniya, Rusiya, Fransa, Türkiyə, Israil, ABŞ, Tayvan, Tailand, Hindistan, Gürcüstan, Çin, Böyük Britaniya, Avstriya, Ukrayna, Kanada kimi dövlətlərin payına düşür.
Burda Rusiyanın payını nə qədər olduğunu göstərilməsə də, yuxarıda əks olunan rəqəmlər bunun o qədər də böyük olmadığını deməyə əsas verir.
DSK habelə Azərbaycana idxal edilən malların ümumi həcmində ticarət tərəfdaşlarımızın hansı paya sahib olduqlarını açıqlayıb. Açıqlamada bildirilir ki, hesabat dövründə ölkəmizə idxal edilən mallarda Rusiya 15,1, Türkiyə 14, ABŞ 9,8, Almaniya 7,9, Çin 7,2, Böyük Britaniya 6, Ukrayna 5,3, Qazaxıstan 3,6, Koreya 2,5, Braziliya və Italiya hər biri 2,1, Fransa 1,9, Yaponiya 1,8, Iran və Niderland hər biri 1,7, Finlandiya 1,6, Avstriya 1,2, ümumilikdə başqa ölkələr 14,5 faiz paya sahibdir.
Rusiyanın payı bəzi Avropa dövlətlərinin payından çoxdur. Ancaq qeyd etmək lazımdır ki, söhbətin Rusiya ilə hər hansı dövlətin müqayisəsindən deyil, ümumilikdə Avropa Birliyi dövlətləri ilə müqayisədən gedir. Belə olan halda yuxarıda sadalanan Avropa Birliyinə üzv ölkələrin payı 22,4 faizdir. Bu isə Azərbaycanın nə idxalda, nə də ixracda Rusiyadan asılı olmadığını göstərir. Belə olan halda Azərbaycanın Gömrük Ittifaqına üzvlüyünün üstünlüyündən danışanların da əsassız arqumentlərdən çıxış etdiyini görmək olur. Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payının azlığı, üstəlik, bu ölkədən idxal edilən məhsulların keyfiyyətinin Avropa mallarının keyfiyyətindən aşağı olması ölkəmizin Rusiya ilə geniş iqtisadi əlaqələr olmadan da rahat keçinəcəyini deməyə əsas verir.
DSK-nın reallıqdan uzaq rəqəmləri
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərin hər zaman olduğu kimi reallığı əks etdirmədiyini demək olar.
Bunun üçün rəqəmlərə nəzər salaq. Idxal olunmuş malların 32,7 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 9,2 faizi nəqliyyat vasitələri, 0,9 faizi mebel, 9,7 faizi qara metallar və onlardan hazırlanan məmulatlar, 2,5 faizi əczaçılıq məmulatları, 12,4 faizi yeyinti məhsulları, 4,3 faizi tütün və tütün məmulatları, 1,4 faizi sement və s. olub. Ümumilikdə 4 ay ərzində Azərbaycana təxminən 4800-dən çox çeşiddə mal idxal olunub.
Siyahıda əsas diqqət çəkən məqam yeyinti məhsulları və əczaçılıq məmulatları ilə bağlıdır. 2,7 milyardlıq idxalda 2,5 faiz 67 milyon 500 min dollar deməkdir. Dörd ay ərzində Azərbaycana cəmi 67 milyon 500 min dollarlıq əczaçılıq məmulatlarının gətirildiyi inandırıcı görünmür. Çünki Azərbaycan dərman istehsal etmir. DSK-nın açıqladığı rəqəmin reallığı əks etdirmədiyini görmək üçün ölkədə apteklərdə və xəstəxanalarda kiçik müşahidə aparmaq yetərlidir. Xəstəxanalarda vətəndaşlara yazılan ən sadə reseptdə dərmanların qiyməti 50 manatdan az tutmur.
Qeyd edək ki, rəsmi məlumata görə, Azərbaycanda 800-ə yaxın aptekin fəaliyyət göstərdiyi deyilir. Lakin qeyri-rəsmi məlumata görə, təkcə paytaxtda 3000-ə yaxın aptek, ümumilikdə ölkədə isə 5000 minə yaxın aptek var. Bunların hər birində gündə orta hesabla yüz manatlıq dərman satılsa, bu, günə 500 min, aya 15 milyon manat, dörd ayda isə 60 milyon manat deməkdir. Belə olan halda dörd ayda ölkəyə cəmi 67 milyon 500 min dollarlıq əczaçılıq məmulatlarının gətirildiyi real görünmür. Bu da ənənəvi olaraq Dövlət Statistika Komitəsinin məlumatlarının reallığı əks etdirmədiyini, yəni xarici ticarət dövriyyəsi ilə bağlı rəqəmlərin azaldıldığını deməyə əsas verir.
Digər şübhə doğuran məqam ölkəyə idxal edilən yeyinti məhsulları ilə bağlıdır. 2 milyard 700 milyon dollarlıq idxalın 12,4 faizi 334 milyon 800 min manat edir. Dörd aya ölkəyə bu qədər ərzaq məhsulunun gətirildiyi inandırıcı deyil. Çünki Azərbaycan 80 faiz ərzaq idxalından asılıdır. Deməli, burda da DSK-nın rəqəmləri az göstərib. Bu isə bir daha idxal əməliyyatlarında maxinasiyalara yol verildiyini təsdiqləyir.
Azərbaycan 1300 adda məhsul ixrac edir?!
Dövlət Statistika Komitəsi Azərbaycanın ixracatının da geniş təfsilatını da verir. Hesabatın bu bölümündə bildirilir ki, 4 ay ərzində ölkəmizdən 1300-ə yaxın çeşiddə mal ixrac olunub. Ixracın strukturunda ənənəvi xam neft, neft məhsulları və təbii qazla birlikdə meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli yağlar, şəkər, spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, pambıq iplik, qara metal, alüminium və onlardan hazırlanan məmulatlar üstünlük təşkil edib.
Rəsmi məlumatlara görə, ixracın 85 faizin xam neft təşkil edir. Belə olan halda Azərbaycanın 1300 adda məhsul ixrac etməsi, yumşaq desək, reallıqdan uzaqdır.
Ümumilikdə bu dövrdə Azərbaycandan ixrac olunan qeyri-neft məhsullarının dəyəri 491 milyon dollara çatmışdır.
7,2 milyard dollarlıq ixracın təxminən 6,8 faizini qeyri-neft məhsulları təşkil edib. Bu rəqəm isə ötən dörd ayda xarici ticarətdə neftin payının 90 fazdən çox olduğunu göstərir.
Dövlət Statistika Komitəsi açıqladığı məlumatlarla növbəti dəfə hakimiyyətin ifşa etdi. Iqtidar mənsublarının iqtisadi inkişaf yalanı ilə yanaşı Rusiyaya yaxınlaşmaq üçün əsas gətirdiyi arqumentlərin də yalan olduğu bir daha sübut olundu.
Fizzə


