ABŞ Əliyevlə Sarkisyana niyə xəbərdarlıq etdi?

Ollandın Qarabağla bağlı təkliflərinin arxasında nə dayanır?

Çərşənbə günü ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan prezidentlərini döyüşkən ritorikadan çəkinməyə və “mümkün qədər tez zamanda” Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırıb. Turan-ın Vaşinqton müxbiri xəbər verib.

“Biz tərəfləri danışıqlar masası arxasında səyləri artırmağa və diqqəti regiona sülh gətirəcək məqamlara yönəltməyə çağırırıq”, – Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda brifinqdə bildirib.

“Məlumdur ki, döyüşkən ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir və biz qəti əminik ki, bu, sülh prosesinə ziddir”, – o vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Brent Hartli də analoji bəyanatla çıxış edib. 

Maraqlıdır ki, bir müddət əvvəl Ermənistan rəhbərliyinə daxil olan şəxslərdən biri mətbuata açıqlamasında bəyan etmişdi ki, Olland Cənubi Qafqaza səfər edərkən Ermənistanla Azərbaycan tərəfinə Qarabağ münaqişəsinin nizamlanmasına dair konkret təkliflər təqdim edib. Bəzi ekspertlərin fikrincə, elə münaqişə tərəflərinin də Parisə dəvət olunması Ollandın təkliflərinə münasibətin necə olduğunu öyrənmək məqsədi daşıyır. Əgər bir müddət əvvəl Rusiyanın münaqişənin tənzimlənməsində aktivləşdiyi hiss olunurdusa, hazırda ABŞ və Fransanın proseslərə müdaxiləsi gündəmə gəlib.

Vəfa Quluzadə: «ABŞ və Fransanın Qarabağla bağlı təşəbbüsləri regiona real sülhün gətirilməsinə hesablanıb»

Politoloq Vəfa Quluzadə hesab edir ki, Dövlət Departamentinin hazırda sərgilədiyi mövqe olduqca maraqlıdır. ABŞ-ın Cənubi Qafqazda sülü dəstəklədiyini deyən V.Quluzadə bildirdi ki, münaqişə həllini taparsa Azərbaycan, Ermənistan, Gürcüstan sülh şəraitində əməkdaşlıq edə bilər. Belə bir iqtisadi əməkdaşlıq isə Qərbə xeyir gətirəcək: «ABŞ və Fransanın münaqişənin həllindəki təşəbbüsləri regiona real sülhün gətirilməsinə hesablanıb. Rusiyanın isə münaqişənin həllində vaxtaşırı göstərdiyi aktivliyin səbəbi tam başqadır. Rusiya Azərbaycanı Gömrük ittifaqına cəlb etməyə çalışır. Rusiya bu niyyətini həyata keçirmək üçün Qarabağ faktorundan yararlanmağa çalışır. Rusiya Azərbaycana Avrasiya İttifaqına qoşulacağı təqdirdə problemin mərhələli formada həllini təklif edir. Sülhün təminatçısı kimi isə əlbəttə ki, rus qoşunları çıxış edəcəklər. Bu isə artıq Azərbaycanın müstəqillyinin itirilməsi deməkdir».

Qərbin münaqişəyə yanaşmasında mənfi bir məqam ondan ibarətdir ki, Qarabağın statusu ayrıca subyekt kimi götürülür. «Amma problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına işarələr vurulur. Qərb Qarabağı mübahisəli ərazi hesab edir. Amma təklif olunur ki, yeddi rayon işğaldan azad olunduqdan sonra Qarabağın statusu təyin edilsin. Əgər Azərbaycanın ərazi bütövlüyü əsas şərt olacaqsa bu cür danışıqlara biz gedə bilərik. İnanmıram ki, Qərb bizim qəbul etməyəcəyimiz təklifləri irəli sürsün. Ollandın Bakı və Yeravanda irəli sürdüyü təkliflər təkcə Fransanın mövqeyi deyil. Bu Qərbin mövqeyinin birgə formada təzahürüdür».

Xəyal