Hörmətli Aslan bəy!
Mən kim bilir, bu mövzuda artıq neçənci dəfədir yazıram, düzünü deyim ki, eyni həqiqətləri dönə-dönə yazmaq qədər də əzablı bir iş yoxdur. Üstəlik, əgər bunlar həm də adi həqiqətlərdirsə!
Amma həqiqəti yazmaq, hətta dönə-dönə, təkrar-təkrar yazmaqdan da böyük zövq yoxdur və mən, bir daha illərcə yazmaqdan əlimin, söyləməkdən dilimin qabar olduğu gerçəkləri yenidən qələmə almaq məcburiyyəti hiss edirəmsə, bu, həm də o gözəl zövqü bir daha dadmaq üçündür.
***
Aslan bəy!
Səhv etmirəmsə, Siseron deyirdi ki, “həqiqət öz-özünü çox asanlıqla müdafiə edir”. Azərbaycanda elə vəziyyət yaranıb-yaradılıb ki, həqiqət də, onun carçıları da tam müdafiəsiz vəziyyətdədir, həqiqətə və həqiqətpərvərlərə hücum bir an olsun dayanmır.
Belə hücumlardan biri də nə yazıq ki, sizdən gəlib.
Budur “Azadlıq” qəzetində “Aslan Ismayılov Cəmil Həsənliyə ”hücum”ları pislədi” başlıqlı xəbəri oxuyuram; həmin xəbər sizin ötən günlərdə Cəmil bəyin ziyalının vətəndaş mövqeyi ilə bağlı açıqlamasını haqlı olaraq qınayanları ağır ifadələrlə ələşdirən facebook sosial şəbəkəsindəki statusunuz əsasında hazırlanıb.
Aslan bəy, siz həmin statusunuzda elə beləcə də yazırsınız: “Cəmil müəllimə hücum çəkənlər onun keçdiyi yolun, Vətən, Millət üçün gördüklərinin cüzi bir hissəsini də görməyiblər. Bu tip insanlar həyatda heç nəyə nail olmayıblar, ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır. Bunu həqiqətən yaxşı bacarırlar. Bəli, bu sahədə nə Cəmil müəllim, nə də məni kimilər onlara çata bilməzlər. Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə ”dost tənqidi vacibdir” deməsi ilə də razılaşmıram. Yazılanları oxudum, onlar “dost tənqidi” deyil, “imkan düşüb buna da yerini göstərək” deməkdir.
Bunlar söyür, bizlər isə susuruq. Sovet bolşevikləri ilə bunların heç bir fərqi yoxdur. Bizlər susduqca bunlar aqressivləşir və özlərini mütləq hakim sayırlar. Bizlər çalışırıq ətrafımızdakıların uğuruna sevinək, xüsusilə yaradıcı insanların bəzən buraxdığı səhvləri görsək də, özümüzü görməzliyə vuraq, çünki onlar ruh adamlarıdır, tez acıyırlar. Bir iki cızma qara edib, ən biədəb sözləri yeni bir kəşf kimi bəh-bəhlə tirajdlayanlara, nəinki tənqidə, söyüşə də acımayırlar” (bütöv halda oxumaq istəyənlər üçün link: http://www.azadliq.info/syast/295-syast/47166-aslan-smaylov-cmil-hsnliy-huecumlara-etriaz-etdi-.html).
***
Aslan bəy!
Əvvəla, Cəmil Həsənlinin qınağa tuş gələn sözlərini sonradan təkzib etməsi, bunu “jurnalist təhrifi” adlandırması və sonda da “Mən necə elə danışa bilərəm?!” deməsi, sizin “Roma papasından artıq katolik olmaq” cəhdinizi gülməli vəziyyətə salır. Cəmil bəy etiraf edir ki, onun adından yayılan fikirlər mahiyyət etibarilə yanlışdır, o özü qətiyyən belə fikirləşmir və fikirləşə bilməz, bununla da hətta bu təhrif olunmuş açıqlamaya görə onu tənqid edənlərə haqq qazandırır, siz isə buna rəğmən yenə Həsənlinin tənqidçilərinə qarşı dişinizin dibindən çıxanı yazırsınız. Həm də saray ədiblərinin ədası və leksikonu ilə!
Digər tərəfdən, kimisə tənqid edərkən illah ki, onun keçdiyi yolun neçə kilometrinisə keçməyin lazım olduğu barədə qoyduğunuz şərt də çox komikdir; biz bunu psevdo şair-yazıçılardan çox eşitmişik: “Hələ biz yazdıqlarımızın yarısını yazın, ondan sonra tənqid edin”. Tamamilə qeyri-ciddi məntiqdir. Biz onların yazdıqlarınının nəinki yarısını, heç bir abzasını da yazmamaq üçün varıq, biz onların yazdığı hər sözün, hər hərfin altında belə böyük bir riyakarlıq, saxtakarlıq dayandığını düşünür və belələrinin yazdığı bir cümləni belə yazmağı özümüzə rəva görmürük. Cəmil bəyin keçdiyi yola gəlincə; onun alim və ziyalı kimi zaman-zaman xidmətlərini heç kim inkar etmir. Amma heç bir müstəsna xidmət heç kimi yanlış fikir irəli sürərkən “toxunulmaz” elan etməyə də əsas yaratmır. Ən azından Cəmil bəyin və bizim hamımızın müdafiəçisi, dəstəkçisi, tərəfkeşi və təəssübkeşi olduğumuz dəyərlər özü tabuları, toxunulmazlıqları rədd edir, şübhəçi, dartışmaçı olmağı öyrədir.
***
Aslan bəy!
Sonradan məqaləyə çevrilən məlum facebook statusunuzda başda xalqsız xalq yazıçısı Anar Rzayev başda olmaqla, psevdo şair-yazıçıların tərənnümçüsü kimi çıxış edir, onlar barədə haqlı tənqidləri ?iftira? kimi qələmə verməyə çalışır, bununla da ilk növbədə özünüifşaya yol açırsınız.
Siz hansısa məmurun illərlə eyni vəzifəyə yapışıb qalmasını tənqid etmirdinizmi? Elə isə indii necə olur, 27 ildir faktiki olaraq “ədəbiyyat naziri” funksiyasını yerinə yetirən, təzəlikcə isə daha 5 il bu görəvi tutmasına “xeyir-dua” verilən Anar Rzayevi necə qoruya, ondan azad ruhlu ədəbi gəncliyə qarşı sitat gətirə bilirsiniz?
Bu qədər də məntiqsiz, ikili bir mövqe ola bilərmi?
***
Aslan bəy!
Siz indi vəkili kimi çıxış etdiyiniz psevdoziyalılarla hansı nöqtədə birləşirsiniz? Onlar barədə haqlı (bəli, qeyd-şərtsiz, mübahisəsiz olaraq məhz haqlı!) tənqidlərin hansını bölüşmürsünüz?
“Yalana qarşıyam” deməklə iş bitmir. Yalançıya qarşı da olmaq lazımdır. Yerlin, qohumun, dostun olmağına baxmayaraq yalan danışan hər kəsə də qarşı olmaq lazımdır.
Yalana qarşı ola-ola yazdığı bir-iki qotur hekayənin, üç-dörd gül-bülbül şeirinin arxasında gizlənərək hər gün çıxdığı hər tribunadan yalan üyüdənləri necə içinizə sindirirsiniz? Kitablarında vicdanlı, ləyaqətli, şərəfli insan obrazları yaradıb həyatda bütün bəşəri dəyərləri, ictimai maraqları özünün və övladlarının karyerası, komfortlu həyatı üçün xərcləyənləri necə qoruyursunuz?
***
Aslan bəy!
On illərdir bu topluma “ziyalı” kimi sırınanların gerçək kimliyini bilmək istəyirsinizsə, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Altan Karamanoğlunun bir zamanlar “Aydınlıq” qəzetinə verdiyi müsahibəni oxuyun.
Illərdən 1991-ci il. O vaxtlar Türkiyənin Bakıda konsulluğunun yerləşməsi üçün indiki “Səadət” sarayında AYB-yə məxsus otaq istənilir. Təmsil etdiyi ölkənin adına və şanına layiq yer axtarışında olan Karamanoğlu bu otağı, həm də kirayə haqqı qarşılığında, həm də təmir xərclərini belə üzərinə götürmək qarşılığında konsulluq üçün ayırması xahişi ilə dəfələrlə AYB sədri Anar Rzayevə ağız. Amma Rzayev bu xahişləri hər dəfə geri çevirir.
Karamanoğlu sonda həmin vaxtki ölkə başçısı Ayaz Mütəllibovla görüşür. Məsələni ona anladır. Mütəllibov elə Karamanoğlunun yanındaca Rzayevə telefon açır. Məsələ anındaca həll olunur. Necə həll olunmasın? Axı birinci şəxs ? prezident zəng edir.
Ən ağrılısı isə odur ki, eyni AYB sədri Elçibəy hakimiyyətə gəldikdən sonra “Mən artıq bu Azərbaycanda yaşaya bilmərəm” deyib hansı ölkəyə üz tutur bilirsinizmi? Aylar əvvəl konsulluğu üçün bir otaq ayırmağı yaxına buraxmadığı, amma prezident zəngi ilə dərhal “ləbbeyk” dediyi Türkiyəyə!
Bu indi sizin və sizin kimi bir çoxlarının şar kimi üfürərək şişirtdiyi, hər zaman – sovet vaxtı birinci katiblərin, müstəqillik dövründə prezidentlərin sevimlisi olmaq üçün əldən-ayaqdan gedən psevdoziyalıların gerçək üzü, siması, kimlik faktıdır.
Və biz indi bütün bunları yazanda, dilə gətirəndə iftiraçı, böhtançı oluruq, onlar isə xalqın fəxri, qürur yeri, qəhrəmanı olaraq qalırlar, eləmi?
***
Aslan bəy!
Sizin böyük şair, yazıçı kimi qəbul və müdafiə etdiyiniz adamların ədəbi qiymətini anlamaq üçün dünya ədəbiyyatından bir az məlumatlı olmaq kifayətdir. Onların hamısının bir yerdə yazdığı qalaq-qalaq kitablar Viktor Hüqonun bir abzasına dəyməz. Bu öz yerində.
Amma indi məni bu maraqlandırır: bir yandan yaltaqlığı idbarlıq kimi qəbul edənlər o biri yandan bunların alovlu müdafiəçisinə necə çevrilirlər…
Saray ədəbiyyatından iyrənərək danışanlar həm də bu psevdo şair və yazıçıların başına necə and içirlər…
Nədir bu ikiləşmənin sirri? O pəhriz nədir, bu turşu nə?
Yalanı sevməmək nədir, yalançını göylərə qaldırmaq nə?
Siyasi monarxiyaya “yox” demək nədir, ədəbi monarxistlərə təzim etmək nə?
Haqdan yana olduğunu söyləmək nədir, gücdən yana olanların səfində yer almaq nə?
Və doğrudanmı, bütün bu məntiqli suallara başda siz olmaqla, Aslan bəy, kimlərinsə məntiqli bir cavabı var?!.