Rusiya niyə səsini çıxara bilmədi?

«Putin Qərblə ciddi qarşıdurmaya getmək fikrində deyil»

Ötən ilin noyabr ayında Vilnüs sammiti ərəfəsində Rusiya bu sammitdə Assosiasiya sazişini imzalamağa hazırlaşan Ukraynaya ciddi təzyiqlər etməyə başladı. Nəticədə verdiyi vədə baxmayaraq Yanukoviç sazişi imzalamaqdan imtina etdi. Bundan sonra baş verən hadisələr dünyanın diqqətini Ukraynaya yönəltdi. Rusiya Krımı Ukraynadan qorarmağa nail oldu, ölkənin cənub-şərqində vəziyyəti gərginləşdirdi. Ancaq bütün bunlar Ukraynanı Assosiasiya sazişini imzalamasına mane ola bilmədi. Bu ilin iyunun 27-də Ukrayna Moldova və Gürcüstanla birgə bu sazişi imzaladı.  

Maraqlıdır ki, bu dəfə Rusiya bu prosesə nəinki mane ola bilmədi, hətta etiraz da etmədi.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan hakimiyyəti məhz Rusiyanın mümkün təzyiqlərini bəhanə edərək Avropa Birliyi ilə münasibətləri daha da yaxşılaşmağa çalışmır. Lakin Rusiyanın son proseslərə kəskin reaksiya göstərməməsi bunun sadəcə bir bəhanə olduğunu göstərdi.

Rusiyanın belə yumşaq mövqe tutması isə təsadüfi deyil. 

Ekspertlər bunu Ukrayna inqilabından sonra Rusiya beynəlxalq hüquq normalarına zidd addımlarına cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyaları ilə əsaslandırır. Belə ki, Qərb ölkələri bir birinin ardınca Rusiyanın vəzifəli şəxsləri haqqında sanksiyalar qəbul etmək haqqında qərar qəbul etdilər. Çünki Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa ilə əməkdaşlıq edən digər ölkələrə də Rusiya tərəfindən təzyiqlər artdı. Buna daha çox qorxutma məqsədi daşıyan bəyanatlarla münasibət bildirildi. ABŞ və Avropa Birliyi Rusiyaya qarşı mövqelərini daha da sərtləşdirmək kursu seçdi. Gürcüstan və Moldova ilə imzalanması sentyabra planlaşdırılmış tədbir iyun ayına keçirldi. Bununla da Avropa Birliyi Rusiya qarşısında geri çəkilmək niyyətində olmadığını bildirdi. Ukrayna, Gürcüstan, Moldova ilə sənədlərin imzalanmasına bir həftə qalmış ABŞ-la AB arasında Rusiyaya qarşı bu ölkənin enerji, bank və müdafiə sektorlarına qarşı sərt sanksiyaların tətbiq edilməsi ilə bağlı prinsipial razılıq əldə olundu. Bu tipli sanksiyalar nəticəsində iqtisadi vəziyyəti yaxşı olmayan ölkənin daha da pis vəziyyətə düşəcəyinə şübhə yoxdur. Məhz buna görə iyunun 27-də bu üç ölkə ilə AB arasında Assosiasiya müqavilələrinin imzalanmasına Rusiya olduqca təmkinli yanaşdı. Bəlli oldu ki, Putin Qərblə ciddi qarşıdurmaya getmək fikrində deyil. Eyni zamanda istisna etmək olmaz ki, Rusiya bu ölkələrə qarşı təzyiqləri tamamilə dayandıracaq. Başlıca həqiqət ondan ibarətdir ki, Avrointeqrasiya yolu seçmiş ölkələr qətiyyət göstərdikdə ABŞ və AB-nin dəstəyi ilə Rusiyadan qorxmadan, çəkinmədən bu istiqamətdə uğurlu addımlar ata bilərlər. Baş vermiş hadisə göstərdi ki, Azərbaycan hakimiyyəti Avrointeqrasiya yolu getmək istəsə, bu istiqamətdə ciddi addımlar atmaq olar. Başlıca problem Rusiyanın mövqeyi deyil, hökumətlərin səmimi şəkildə Avrointeqrasiya yolu seçməsidir. Avrointeqrasiya yolunda Azərbaycanın başlıca problemi Rusiya deyil, Azərbaycan hakimiyyətinin bu prosesin tələb etdiyi geniş miqyaslı və hərtərəfli demokratik islahatlar aparmaq istəməməsidir.

Fizzə