Əliyevi hiddətləndirən britaniyalı deputatdan yeni ittiham

«İlham Əliyev Strasburqda özünü lovğa və dalaşqan kimi apardı»

Pol Flin: «Əliyev ölkəsinin böyük neft sərvətlərindən istifadə edərək, dünyanı ələ almağa çalışır»

Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışı zamanı Ilham Əliyevi qəzəbləndirənlərdən biri də britaniyalı deputat Pol Flin oldu. AŞ PA üzvü Əliyevə Azərbaycandakı siyasi məhbuslar, o cümlədən insanların fikirlərinə görə şərlənib həbsxanaya salınması, seçkilərin saxtalaşdırılması haqda sual verməklə, onu hiddətləndirdi. Əliyev də qəzəbini boğa bilməyərək, britaniyalı deputatı “yalançı” adlandırdı.
Həmin deputat Ilham Əliyevin AŞ PA-dakı davranışı ilə bağlı təəssüratlarını bloq yazısında bölüşüb. Onun tərcüməsini təqdim edirik:

***

Əliyev bu həftə Strasburqda özünü lovğa və dalaşqan kimi apardı. Bir çoxları üçün üçün o, hər keçən ay daha çox zənginləşən, Qafqaza yenidən müharibə gətirə biləcək qorxunc təhlükədir. Beynəlxalq hüquq-müdafiə təşkilatları, dünyada insan haqlarının müdafiəsilə məşğul olan şəxslər xəbərdarlıq edir ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə haqqı yoxdur.
Strasburqda – Avropa Şurası Parlament Assambleyasının iclasında ona sual ünvanlamaq üçün mənə 30 saniyə verilmişdi. Ondan soruşdum: “Mən Azərbaycanda saxta ittihamlarla mühakimə olunub türmələrə salınan jurnalist və bloggerlərlə görüşmüşəm, bu ölkədə seçkilərin nəticələri saxtalaşdırılıb. Sizin Nazirlər Komitəsinə sədrliyiniz dövründə Azərbaycan insan hüquqları sahəsində Avropa Şurasının standartlarına əməl edəcək, yoxsa, Avropa Şurasının digər üzv dövlətlərini indi sizdəki kimi acınacaqlı deqradasiya səviyyəsinə salacaq?”
O, çətin suallar verən digər şəxslərə qarşı olduğu kimi, yenə də özündən çıxdı. Məni yalan danışmaqda ittiham etdi. Mənim sualımda səsləndirdiyim iki ittihamla bağlı məsələni inkar etdi və ölkədə insan hüquqları sahəsindəki vəziyyətə açıq-aşkar çox şişirdilmiş qiymət verdi.
Görünür, cənab Əliyev ATƏT müşahidəçilərinin Azərbaycanda 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisinə dair rəyini oxumalıdır: “9 oktyabr seçkisi ifadə azadlığı, həmçinin toplaşma, birləşmə azadlıqlarının məhdudlaşdırılması, namizədlərə bərabər imkanlar yaradılmaması şəraitində keçdi. Seçki kampaniyası dövründə namizədin və seçicilərin qorxudulması, medianın imkanlarının məhdudlaşdırılmasına dair məlumatların arası kəsilmədi. Bu cür problemlər, ciddi çatışmazlıqlar seçki prosesinin bütün mərhələlərində, o cümlədən səsvermə günü də müşahidə olundu. Demokratik seçkilərlə bağlı ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etmək üçün Azərbaycan mütləq bu çatışmazlıqları aradan qaldırmalıdır.
Səslərin sayılması prosesinə də mənfi qiymət verilib. Baş verən ciddi pozuntuları nəzərə alaraq, konkret olaraq, seçki məntəqələrinin 58 faizində səslərin sayılması pis və ya çox pis qiymətləndirilib. ATƏT-in Beynəlxalq Müşahidə Missiyasının nümayəndələri 15 məntəqədə seçici siyahıları, nəticələr və ya protokollarla manipulyasiya halları, o cümlədən bir namizədə verilmiş səslərin digər namizədin adına hesablanmasını müşahidə ediblər.
Müşahidə missiyasının nümayəndələri həmçinin 37 məntəqədə qutulara topa-topa bülletenlərin doldurulmasının şahidi olublar. 7 məntəqədə isə artıq bir dəfə seçici siyahısına imza ataraq səs vermiş adamların yenidən səs verməsinə şərait yaradılıb.
Müşahidə missiyası xeyli prosessual pozuntular da qeydə alıb ki, bunlardan ən geniş yayılmışı eyni adamın bir neçə dəfə səs verməsinin qarşısının alınması üçün tədbir görülməməsi olub. Seçki məntəqələrinin 19 faizində seçicilərin bundan əvvəl səs verib-vermədiyini müəyyənləşdirmək məqsədilə barmaqlarında görünməz mürəkkəb olub-olmadığı yoxlanılmayıb. 11 faizində isə səsverməyə gələnlərin barmaqlarına mürəkkəb vurulmayıb. Digər problemlərə gəlincə, seçki qutularının düzgün möhürlənməməsi (məntəqələrin 4 faizində), seçici siyahılarında eyni imzaların (4 faiz) olması kimi pozuntular aşkarlanıb. ATƏT təmsilçiləri müşahidə apardıqları seçki məntəqələrinin 7 faizində qrup şəklində səsvermənin şahidi olublar. 9 faiz seçki məntəqəsində isə seçicilərin heç də hamısı bülleteni gizli şəraitdə işarələməyib. ATƏT müşahidəçiləri eyni zamanda, seçicilərin hədələnməsi, onların seçiminə təsir göstərmək cəhdi kimi hallar da qeydə alıblar. ATƏT nümayəndələri belə nəticəyə gəliblər ki, seçki məntəqələrində quraşdırılmış nəzarət kameraları müşahidə apardıqları məntəqələrin 8 faizində səsvermənin gizliliyini təmin etməyib”.

Əliyevin ədalətli seçki kimi qiymətləndirdiyi budur!

“Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyir: “Bu, açıq-aşkar ironiyadır ki, Azərbaycan, standartlarını kobud şəkildə pozduğu quruma sədrlik edir. Avropa Şurasının rəhbərliyi öz fikirlərini ifadə etdiklərinə görə həbsxanaya salınmış adamların azadlığa buraxılması, bu ölkədə müstəqil qrupların fəaliyyətinə imkan verilməsi üçün Əliyevə çağırış etmək baxımından bu fürsəti əldən buraxmamalıdır”.
Təəssüf ki, bu ölkədə jurnalistlər və bloggerlərin həbsi davam edir. Amma biz buna görə qətiyyən Əliyevin narahatlığının şahidi olmamışıq. O lovğalanırdı ki, ötən il ona qarşı keçirilmiş mitinqə cəmi 800 adam gəlib. Təəccüblü deyil, çünki əvvəlki mitinqlərə gələnlər Əliyevin polisləri tərəfindən döyülərək ölümcül hala salınmışdı.
Əliyev ölkəsinin böyük neft sərvətlərindən istifadə edərək, dünyanı ələ almağa və bizi özünün qüsursuz olmasına inandırmağa çalışır. O həmçinin çıxışında 22 ildir həll olunmayan Dağlıq Qarabağ probleminə Qərbin yetərincə diqqət göstərməməsindən şikayətləndi. Əliyev müəyyən addımlar ata biləcəyinə işarə etdi. Bu münaqişə barədə məlumatlı ekspertlər mənə bildirdilər ki, ola bilsin, Əliyev hərbi əməliyyatlara başlamağı planlaşdırır. Ümid edirik ki, qan tökülməsindən qaçmaq mümkün olacaq və konfliktin yenidən qızışmasına imkan verilməyəcək.

Siyasət şöbəsi