«Yelisey sarayı öz həyatını riskə atıb insan haqlarını müdafiə edənlərə açıq dəstək verməlidir»
Fransa prezidenti Əliyevlə gizli görüşə görə tənqid hədəfi oldu
Fransanın “Le Monde” qəzeti ölkə prezidenti Fransua Ollandı xarici siyasətdə əməkdaşlıq etdiyi ölkələrdə insan haqlarının durumuna yetərincə diqqət yetirmədiyinə görə tənqid edib. Müəllif Jan Mari Fardo yazır ki, hələ Nikola Sarkozinin prezidentliyi dövründə də Fransanın əməkdaşlıq etdiyi ölkələrdə insan haqlarının pozulmasına biganə münasibəti tənqid olunurdu. Artıq iki ildir ki, Fransua Olland prezidentdir, amma bu, yenə problem olaraq qalır.
“Ollandın xarici siyasəti və insan hüquqları” başlıqlı məqalədə bildirilir ki, Fransa prezidentinin beynəlxalq siyasəti bir neçə məsələ üzərində qurulub: Israil-Fələstin konflikti, Əfqanıstan, Aralıq dənizinin cənubundakı Afrika ölkələri. Rusiyada baş verənlər barədə bir kəlmə də deyilmir. Çinlə bağlı narahatlıqlar isə yalnız iqtisadi əlaqələrin möhkəmlənməsi kontekstində səslənir.
Sözügedən məqalədə Olland həmçinin bəzi avtoritar dövlətlərin başçıları ilə gizli görüşə görə qınaq obyektinə çevrilib ki, onların arasında Azərbaycan prezidenti Ilham Əliyev də var.
“Olland bir sıra ölkələrin dövlət başçılarını qəbul etməsini gizlətməyə çalışıb. Beləcə, 2012-ci ildə Bəhreyn kralı və Azərbaycan prezidentini səssiz-səmirsiz qəbul edib”, – deyə məqalədə qeyd olunur.
Müəllif vurğulayır ki, Fransa BMT-də repressiv rejimləri (Şimali Koreya, Şri-Lanka, son vaxtlar Qətər) açıq şəkildə kəskin tənqid edir. Lakin müttəfiqlərindən söhbət gedəndə susur. Məsələn, Mərakeş haqda.
Məqalədə Fransua Ollandın Azərbaycana səfəri, buradakı görüşlərindən də bəhs olunur. Fransa prezidenti Azərbaycandakı avtoritar rejimlə mübarizə aparıb həyatını risk altında qoyanlara açıq dəstək verməyə çağırılır:
“Fransa da başa düşür ki, ölkənin iqtisadi və siyasi inkişafının yeganə yolu məhz insan hüquqlarının qorunduğu, qanunun aliliyinin təmin olunduğu, sosial ədalət mövcud olan hüquqi dövlətin yaradılmasıdır. Sözsüz ki, Fransa ”kölgə diplomatiyasında” insan haqlarına dair məsələlərə diqqət yetirir. Bu yolla dünyadakı despotlara təsir göstəriləcəyinə ümid varmı? Əgər varsa, hansı ölkələrdə? Bu yaxınlarda Fransa prezidenti Fransua Olland Azərbaycana səfəri zamanı Əliyevin avtoritar rejiminin altı tənqidçisilə görüşdü. Onların arasında hüquq müdafiəçisi Leyla Yunus da vardı. Sözsüz ki, bu cür görüşü yalnız alqışlamaq olar. Amma biz Yelisey sarayının saytında xanım Yunusla görüş barədə məlumat axtarsaq, boşuna vaxt sərf etmiş olarıq. Halbuki, Yelisey sarayının öz həyatını riskə atıb insan haqlarını müdafiə edənlərə mütəmadi və açıq şəkildə dəstəyini nümayiş etdirməsi çox vacibdir”.
Məqalənin sonunda vurğulanır ki, Fransanın dünyada insan hüquqlarının qorunmasında fəal iştirakı təkcə haqqı pozulanlar deyil, Fransanın özü üçün də çox vacibdir: “Əlbəttə, Fransa ümumbəşəri dəyərlərə, o cümlədən insan hüquqlarının müdafiəsinə sadiqliyi real diplomatik təcrübədə fərqli göstərən yeganə ölkə deyil. Bu məsələdə müqayisəyə ABŞ-dan başlamaq olar. Amma bunun özü də Fransanın qorxaqlığına haqq qazandırmır. Insan hüquqlarını prioritetlər siyahısının ön sıralarına qaldırmaq üçün Ollandın qarşıda üç ili var. Yaxın perspektivdə bu, hüquqları pozulanlar üçün son dərəcə vacibdir. Uzaq perspektivdə isə ölkəmizə qazanc gətirən strategiya ola bilər”.
Siyasət şöbəsi