Müzəffər Baxışov: «Bu prosesdə şəxsən iştirak etmişəm və əminliklə deyə bilərəm ki, bu cinayətdə vəzifəli şəxslərin rolu var»
Bosniya prokurorluğu 2007-2009-cu illər arasında yüzlərlə fəhlənin Azərbaycana aparılıb qul kimi istismar edilməsini görə mütəşəkkil cinayətkar qruplaşmanın 13 üzvünün həbs edildiyini açıqlayıb. Virtualaz.org saytı Bosniya mənbələrinə istinadən xəbər verir ki, həmin şəxslər Bosniya, Serbiya və Makedoniyadan 600-dan çox fəhlənin qul kimi Azərbaycana satılmasını təşkil ediblər. Bosniya prokurorluğu bəyan edib ki, həmin şəxslər yüzlərlə fəhləni iş adı altında aldadıb Azərbaycana aparıblar.
Şübhəlilər bu insan alverindən 3 milyon avro, yaxud 4,1 milyon dollar qazanıblar.
Xatırladaq ki, bosniyalı fəhlələrin Azərbaycanda qul kimi işlədilməsini vaxtilə “Azadlıq” radiosu üzə çıxarıb. Radionun araşdırması nəticəsində məlum olmuşdu ki, həmin qullar Azərbaycanın Idman və Gənclər Nazirliyinin sifarişi ilə inşa edilən obyektlərin tikintisində işlədiliblər. Tikintini “SerbAz” Layihə və Tikinti MMC adlı podratçı şirkət həyata keçirib. Aparılan araşdırma göstərib ki, Bosniya, Serbiya və Makedoniyadan Azərbaycana “SerbAz” şirkəti tərəfindən 700-ə yaxın qul gətirilib. Onlar Mingəçevir Olimpiya Mərkəzinin, “Buta Palace” sarayının, “28 may” ticarət mərkəzinin və digər obyektlərin tikintisində işlədiliblər.
“SerbAz” şirkətinin Gənclər və Idman Nazirliyinin rəhbərliyinə bağlı olduğunu göstərən dəlillər aşkar edilib. Şirkətin ofisinin nazirliyin Azadlıq prospekti, 128 ünvanında, Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzində yerləşdiyi üzə çıxıb.
Verilən məlumata görə, qeyri-insani şəraitdə yaşayan və amansızcasına istismar edilən fəhlələrdən ən azı ikisi ölüb. Onların harada basdırıldığı da məlum olmayıb.
Qeyd edək ki, Azərbaycanda qul əməyinin istismarı və yüzlərlə xarici ölkə vətəndaşının qul kimi işlədilməsi faktı beynəlxalq hesabatlara da düşüb. Indi Bosniyada qulların Azərbaycana daşınmasını təşkil edən mütəşəkkil cinayətkar qrupun üzvlərinin yaxalanması məsələnin yenidən böyüməsinə, bu qrupun Azərbaycandakı şəriklərinin kimliklərinin üzə çıxmasına səbəb ola bilər.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, səslənən fikirlər reallığı əks etdirir və məcburi əməyə cəlb olunmuş həmin şəxslərin vəkili qismində o da məhkəmədə iştirak edib: “Bizim ofis bu məsələnin araşırması ilə məşğul olurdu. Həmin vaxt ciddi müqavimət olduğu üçün bu iş üzrə cinayət işinin açılmasına nail ola bilmədik. Məhkəməyə müraciət etsək də, heç bir əsas olmadan vəsadətlərimizi təmin etmədilər. Ona görə o vaxt məsələ açıq qaldı. Indi bu məsələnin yenidən gündəmə gəlməsi, günahkarların məsuliyyətə cəlb edilməsi ehtimalını artırır. Cinayət Məcəlləsinin 12-ci maddəsinə görə, bu tipli işlər transmilli cinayətlər sayılır”.
Ekspert onu da əlavə etdi ki, Cinayət Məcəlləsində bu cür əməllərə görə sərt cəzalar nəzrədə tutulur: “CM-nin 144-2 maddəsinə görə hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək 8 ilə qədər həbs cəzası vəd edir. Eyni əməl iki və ya daha çox şəxs barəsində törədildikdə, təkrar törədildikdə, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə, təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bu əməllər şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu proseslərin içində olan şəxs kimi deyə bilərəm ki, həmin cinayətlərin törədilməsində Azərbaycanın rəsmi şəxslərinin rolu var və obyektiv araşdırma aparılsa, həmin vəzifəli şəxslərin adları üzə çıxacaq.
Akif


