“Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün ciddi tədbirlər görülməlidir”
Ben Kardin: “Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir, nəyi gözləyirsiniz?”
ATƏT PA-nın Bakı sessiyası çərçivəsində ABŞ nümayəndə heyətindən senator Benjamin kardinin Rusiya əleyhinə hazırladığı qətnamə layihəsi qəbul olunub. Qətnamə Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır və bir sıra sərt əlavələrlə qəbul edilib.
Sənədin müəllifi Benjamin Kardin müzakirə zamanı dünya birliyini, o cümlədən ATƏT-i sərt tənqid edib. O, Qərbi Rusiyanın qarşısında aciz qalmaqda qınayıb. “Dondurulmuş münaqişələrin sayı nə qədər artacaq ki, dünya ayılsın?! Azərbaycan, Gürcüstan, Moldova, indi də Ukrayna… Dağlıq Qarabağ münaqişəsi 22 ildir inildəyir, sağaldan yoxdur. Siyahıda daha hansı ölkə var? Biz ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirdik, amma özünü doğrultmadı. Bəs ədaləti kim bərpa edəcək? Axıdılan insan qanlarına, itirilən torpaqlara göz yumacağıq?! Gözümüzün qabağında ölkələr ərazisini itirir, dövlətlər əriyib gedir. Siz nəyi gözləyirsiniz?”, – deyə Ben Kardin vurğulayıb.
Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov qətnamə layihəsinə etiraz edərək, Ukrayna probleminin Rusiya ilə bağlı olmadığını vurğulayıb. O bildirib ki, bu böhran başqa səbəblərdən yaranıb. Onun sözlərinə görə, Ukraynadakı vəziyyət ölkənin şərq regionlarında əhaliyə federallaşma və Ukraynanın federasiyaya çevrilməsi ilə bağlı referendum keçirməyə şərait yaratmaqdan imtina edilməsi ilə bağlıdır.
Rusiyalı deputat Oleq Lebedev isə qeyd edib ki, Krım Ukraynadan ayrılmaq üçün hüquqi yol keçib və orada qanuni referendum baş tutub: “Hansı ki belə hüquqi yolu heç bir Avropa ölkəsi keçməyib. Krım referendumunda 96 faiz Ukraynadan ayrılmağa səs verib”. O, həmçinin yaxın tarixi misal çəkərək qeyd edib ki, ABŞ Kosovanı ayırarkən bu hüquqi yolu təmin etməyib: “Ümumiyyətlə, bu qətnamədən ədalətsizlik qoxusu gəlir”.
Digər rusiyalı deputat Sergey Çijov isə iştirakçılara xəbərdarlıq edib: “Siz bu qətnaməni qəbul etməklə vəziyyəti daha da ağırlaşdırırsınız. Siz bu gün burada yeni bir qığılcımın başlamasına rəvac verirsiniz”.
Ukrayna nümayəndə heyətinin rəhbəri Oleq Zarubinski Rusiya nümayəndələrinə etiraz edib: “Ukrayna heç kimin ərazisini işğal etməyib. Ukrayna tərəfinin elan etdiyi atəşkəs müddətində Ukrayna əsgərləri atəş açmayıb. Ötən 10 gün ərzində 27 Ukrayna əsgəri öldürülüb, 60-a axın əsgər yaralanıb. Ukraynanın elan etdiyi atəşkəs qarşı tərəfdən pozulur. Burda populist çıxışlar etməyək, reallıqdan danışaq. Xalqların öz müqəddəratını təyinetmə hüququndan danışılanda Krımı bura əlavə etmək olmaz. Krımda ruslar, ukraynalılar, tatarlar və başqa millətlər yaşayır”.
Ukraynanın başqa bir təmsilçisi Aleksandr Stoyan deyib ki, Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanmasına Rusiyanın separatçıları əngəl törədirlər. “Əgər separatçılara kənardan dəstək olmasaydı bu münaqişə çoxdan həllini tapardı. Onlara silah və maliyyə yardımının göstərilməsinə son qoyulmalıdır”, – Stoyan vurğulayıb. O, Assambleyanı Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılara dəstəyə son qoymağın Rusiyadan tələb edilməsilə bağlı aydın mövqenin hazırlanmasına çağırıb.
Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib ki, ölkəsi Ukraynanın nə şərqində, nə də qərbində müharibə getməsini istəyir: “Ukraynaya sülh lazımdır. Regionda müharibələr, qarşıdurmalar təkrarlanmamalıdır”.
Azərbaycanlı deputat Azay Quliyev isə bildirib ki, ATƏT məkanında – Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və Helsinki Yekun Aktının bütün prinsipləri pozulub: “Bu gün burada Helsinki prinsiplərinin pozulması müzakirə olunur və onun gələcəkdə pozulmaması ilə bağlı çağırışlar edilir. Ukrayna böhranının ölkənin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıyam. Amma bu gün ATƏT regionunda ərazi bütövlüyünün pozulması halları digər ölkələrdə də mövcuddur və ciddi narahatlıq doğurur. Gələn il Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyi qeyd olunacaq. Biz bu yubileyə hansı uğurlar və müsbət nəticələrlə gedirik? Bu 40 il müddətində Helsinki Yekun Aktı bizə nə verdi? Biz Helsinki Yekun Aktının 40 illiyi ilə əlaqədar Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyünün pozulması ilə bağlı tutarlı bir hesabat hazırlamalı və bura təcrübəli, peşəkar insanları cəlb etməliyik”.
ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi Joao Soares Ukraynada keçirilmiş prezident seçkilərinin bəzi regionlarda – Luqansk və Donetskdə baş tutmamasından narahatlığını ifadə edərək nəticələrin orada da tanınmasını istəyib. Onun təklifi ilə 25 may seçkilərinin bütün ölkə üzrə legitim sayılması məsələsi layihəyə salınıb.
Başqa müzakirə iştirakçıları da bildiriblər ki, Helsinki prinsipləri pozulduqda ciddi tədbirlər görülməlidir. Çıxışçılar Krımın Ukraynadan qoparılmasını pislənib və Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi üçün ciddi tədbirlər görməyin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, bu istiqamətdə Ukraynaya dəstək göstərilməlidir.
Müzakirələrdə bildirilib ki, Ukraynada olan böhran bütün Avroatlantik məkanda vəziyyəti dəyişib. Bu böhran silah gücü ilə yaradılıb və digər ölkələrə də təsir edib. İlk növbədə, böhranın genişlənməsinin qarşısının alınmasının vacibliyi qeyd olunub. Rusiyanın Ukrayna ilə bağlı apardığı siyasət ATƏT-in prinsiplərinə tamamilə ziddir.
Müzakirə iştirakçılarının əksəriyyəti Krımın Rusiya tərəfindən anneksiyasını, silahlı separatçıların dəstəklənməsini pisləyiblər və qətnamənin lehinə olublar.
Yalnız Fransadan olan deputat Marie-Francoise Bechtel Rusiyanın lehinə mövqe bildirib: “Burada Rusiya Ukraynadan heç nə tələb etmir. Siz burada bütün öhdəlikləri Rusiyanın üzərinə qoyursunuz, amma Ukraynadan heç nə tələb olunmur. Bu, birtərəfli qətnamədir”.
Sənədə bir sıra düzəlişlər edilib. Bunlar Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin tənqidinin sərtləşdirilməsini, Şimali Baltik regionuna hərbi təxribat uçuşlarına son qoyulmasını, qoşunların Baltik ölkələri sərhədindən geri çəkilməsini, Latviya, Litva və Estoniyanın rusdilli əhalisi arasında pozuculuq fəaliyyətinə son qoyulmasını tələb edir.
Rusiyalı deputat O. Lebedev təkrar söz alaraq qətnamədən “soyuq müharibə qoxusu” gəldiyini bildirib və etiraz olaraq zalı tərk edib.
Qətnamə layihəsi səsə qoyulub və lehinə 92 səs, əleyhinə 30 səs, bitərəf 27 səs olmaqla, qəbul edilib
***
ATƏT Parlament Assambleyasının (PA) 23-cü yay sessiyası çərçivəsində Ukraynadakı böhranın həlli ilə bağlı Bakı Qrupu yaradılıb.
ATƏT PA-nın prezidenti Ranko Krikoviç Ukraynadakı vəziyyətin normallaşdırılması üçün rəhbəri olduğu təşkilatın ciddi addımlar atacağını qeyd edib: “Biz ATƏT olaraq təhlükəsizlik sütunumuza sadiq qalmışıq. Biz Ukrayna-Rusiya münasibətlərinin yaxşılaşması üçün bir çox işlərə imza atmışıq. Şərqi Ukraynadakı vəziyyət hələ də normal deyil. Ukraynanın şərqində aparılan döyüşlər nəticəsində insanlar həlak olub, qaçqınlar və məcburi köçkünlərin sayı artıb. Helsinki qanunları pozulub. Biz təcili qərar qəbul etməliyik. Biz əməkdaşlarımızı da ora göndərəcəyik. Ukraynaya sülh gətirmək məqsədi ilə ATƏT PA çalışacaq”.
Polşalı nümayəndə isə Rusiyanın Ukraynada törətdiyi əməllərin qeyri-qanuni olduğunu və buna qarşı müxtəlif əməliyyatlar aparmaq vaxtının çatdığını vurğulayıb: “Ukraynanın şərq hissəsində terrorçular fəaliyyət göstərir. Rusiyanın Ukraynaya hərbi qoşunlar yerləşdirməsi qəbuledilməzdir”.
Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova Azərbaycanın 22 ildir şikayətinə baxılmadığını vurğulayıb: “Hər kəs Helsinki aktının pozulmasına görə narahatdır. 22 ildir ki, torpaqlarımız işğal edilib. 22 ildir ki, bizim şikayətimizə baxılmır. Ona görə də Avropada yeni konfliktlər yaranıb. Mən Azərbaycanın mövqeyini bəyan etmişəm”.
Bahar Muradova deyib ki, Bakı qrupunun taleyi Minsk qrupunun taleyinə oxşamamalıdır. “Bu gün burada əsası qoyulan Bakı qrupunun işinə töhvə verməliyik. Biz problemin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq. Tərəflər arasında münaqişəni gərginləşdirməməliyik”.
***
Bu gün günün ikinci yarısında ATƏT Parlament Assambleyasının Bakıda keçirilən plenar iclasında ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Benjamin Kardinin müəllifi olduğu “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlı qətnamə layihəsi müzakirəyə çıxarılacaq. APA-nın məlumatına görə, qətnamə layihəsi bu gün parlamentarlara təqdim edilib.
Layihədə Rusiyanın Ukraynaya münasibətdə Helsinki prinsiplərini, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Sənəddə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir. Qətnamə layihəsində qeyd olunur ki, 2014-cü il martın 16-da Krımda keçirilən referendum qeyri-legitim, qeyri-qanunidir və heç bir hüquqi qüvvəsi yoxdur. ATƏT-ə üzv dövlətlər Rusiyanın Krımı zorla ilhaq etməsini tanımamağa çağırılır. Eyni zamanda Rusiya Ukraynaya müdaxiləni dayandırmağa çağırılır. Sənəddə ATƏT-in böhranın aradan qaldırılması yönündə səyləri dəstəklənir, ATƏT-in Krım da daxil olmaqla, bütün Ukrayna ərazisində öz fəaliyyətini həyata keçirməsinin dəstəklənməsi istənilir.