Şəxsiyyəti sındırmaq hesabına bioloji kütlə yaratmaq

Hitler bu metoddan istifadə edib və onu avtoritar rejimlərin istifadəsinə verib

Bu yazını bir mühüm cəhətə görə təqdim edirik. Hitlerin konslagerlərində əsirləri bioloji kütləyə çevirmək üçün tətbiq edilən eksperimentlərin müasir avtoritar rejimlər tərəfindən necə təkrar olunduğuna diqqətinizi cəlb etmək istəyirik. Metodlar dəhşətli dərəcədə eynidir və nəticəyə də eyni ciddiyyətlə iddia edirlər. Bu, psixoanalitik Bruno Bettelheymin “Aydın ürək” kitabından fraqmentlərdir. Bu kitabda o, 1938-39-cu illərdə Dahay və Buhenvald konslagerlərində apardığı eksperimentlərdən bəhs edib. Psixoloq Ilya Latıpov insanın ətraf mühitə adaptasiyası strategiyası ilə bağlı araşdırmalar apararkən Bettelheymin bu kitabına müraciət edərək, əla bir məqalə yazıb. Sizə təqdim edilən də, onun yazısıdır. Psixoloq Ilya Latıpovun.

“Məni o maraqlandırırdı ki, konsentrasiya edilmiş həbs düşərgələrində nələr baş verib. Nasist sistem insanları necə sındırıb, insanları sındırmaq üçün hansı strategiyalardan istifadə edilib, insanlar bu sistemə qarşı necə dirəniş göstəriblər və necə deformasiya olunublar?

1938-39-cu illərdə, Bettelheymin əsir düşərgələrində olduğu zaman hələ total qırğınlara başlamamışdı, amma hər halda, insan həyatını hesaba almamağa başlamışdı. Bu sistem ideal, müti, sahibinin lütfündən başqa heç nə haqqında düşünmək iqtidarında olmayan qul əməyinin “tərbiyə edilməsi”nə başlamışdı.

Uyğun olaraq həddi-büluğa çatmış yetkin şəxsiyyətləri ürkək uşağa çevirmək, insanı zora tabe edərək infantil duruma salmaq, körpə şüuruna geri aparmaq, bundan o yana isə sadəcə olaraq, şəxsiyyətini itirən, iradəsiz və duyğusuz bioloji kütlə yaratmaq əsas məqsəd idi.

Insanın sındırılması və şəxsiyyətinin yox edilməsi strategiyasının Bettelheym təcrübəsini araşdıraraq, bu təcrübənin əsas strategiyalarını müəyyən etdim.

Məsələ burasındadır ki, bu təcrübələr hər zaman ayrı-ayrılıqda tətbiq edilib və edilməkdədir, nasistlər, sadəcə olaraq, bu zorakılıq və vəhşətləri ümumiləşdirərək bir yerdə təqbiq ediblər.

Bu eksperimentlər nədən ibarətdir?

Insanı mənasız işlə məşğul olmağa məcbur et

Birinci qayda…

Bu, esesçilərin sevimli üsullarından biri olub. Məhbuslar anlam verə bilmədikləri işlərə məcbur ediliblər. Məsələn, daşları bir yerdən başqa yerə, sonra isə əksinə daşımaq. (Bu qayda indi də Azərbaycan həbsxanalarında geniş tətbiq edilir-red.). Bir kənara sıra ilə qalaqlanmış bellər atıldığı halda, məhbusları əllə çala qazmağa məcbur etmək. Niyə? Ona görə ki, mən əmr edirəm, vəssalam!”

Əməl olunması mümkün olmayan və bir-birini istisna edən qaydalar tətbiq etmək

Ikinci qayda…

Bu qaydalar insanları həmişə onları pozmaq qorxusu altında saxlayır. Insanlar nəzarətçilərdən tamamilə asılı duruma düşürlər. Nəzarətçilər kefləri istəyəndə bu qayda pozuntularını qeydə ala, istəməyəndə isə qeydə almaya bilərlər və şantaj üçün nəhəng bir meydan açılır. Məhbus isə bu pozuntunun qeydə alınmaması üçün daim nəzarətçidən asılı duruma düşür və ona yarınmağa çalışır.

(Azərbaycanda eyni qanunun müxtəlif adamlara müxtəlif cür tətbiq edilməsi bu qaydanı xatırladır. Həm rüşvət üçün meydan yaranır, həm də qanunu özününkülərə və özününkü olmayanlara münasibətdə fərqli tətbiq etmək haqqı yaradılır-red.).

Kollektiv məsuliyyət müəyyən  etmək

Üçüncü qayda…

Lap qədimlərdən bəllidir ki, kollektiv məsuliyyət şəxsi məsuliyyəti silib aparır. Amma xətanın qiymətinin həddən artıq olduğu durumlarda kollektivin bütün üzvləri bir-birinin nəzarətçisinə çevrilir. Kollektiv onu istismar edən nəzərətçilərlə istər-istəməz, müttəfiq olur. Məsələn, nəzarətçi hansısa, mənasız, beşcə dəqiqə sonra yadından belə çıxaracağı bir əmr verir. Bütün kollektiv bu əmri icra edir. Amma səhəri gün əmr təkrar olunmasa da, kollektivin bütün üzvləri həmin əmri təkrarən icra etməyə məcbur edir. Bir dəfə nəzarətçilərdən biri əsirlərə əmr edir ki, ayaqqabılarını çöldən və içəridən sabunla yusunlar. Bu cür yuyulmadan sonra quruyan ayaqqabılar insanın ayağını döyənək edir. Bu əmr bir daha heç zaman təkrar edilmir. Amma əsirlər hər gen ayaqqabılarını eyni qayda ilə yumağa davam edirlər, ayaqqabısını yumayanları isə özləri söyür və ya cəzalandırırlar.

Bunlar giriş eksperimentləridir. Bundan sonrakı 3 eksperiment isə biokütlənin yaradılması ümün istifadə olunan əsas zərbə üsullarıdır.

Insanları onlardan heç nəyin asılı olmadığına inanmağa məcbur etmək

Dördüncü qayda…

Bunun üçün gözlənilməz situasiyalar yaradılır. Bu situasiyalar insanların öz təşəbbüsü ilə nəyi isə müəyyən etmək imkanlarını əllərindən almaq üçündür. Çex əsirlərdən ibarət olan böyük bir qrup, məhz, bu qayda ilə məhv edilib.

Bir müddət çex əsirlər başqalarından fərqli olaraq, daha imtiyazlı şərtlərlə saxlanılıb. Onlara iş tapşırılmayıb və nisbətən daha yaxşı yedizdiriliblər. Sonra gözlənilmədən, onları bütün imtiyazlardan məhrum ediblər, əsirlər üçün ən ağır iş olan daş karxanasına göndəriblər və qida rasionlarında da başqalarına nisbətən məhdudiyyətlər təyin ediblər. Bir neçə aydan sonra onları yenidən əvvəlki duruma qaytarıblar. Sonra yenə də karxanaya… Bu kəskin və gözlənilməz dəyişiklikdən sonra onların hamısı, sadəcə olaraq, ölüblər.

Bu, insanın öz həyatı üzərində heç bir nəzarət imkanının olmaması, nəyə görə mükafat və nəyə görə cəza alacağını bilməməsi üzündən baş verir. Şəxsiyyət, sadəcə olaraq, adaptasiya strategiyasını işə sala bilmir və tam şəkildə sıradan çıxır.

Gündəlik qrafikin şəxsi təşəbbüslərə yer qoymadığı dərəcədə sıx və sərt qaydaları da buraya aiddir. Gün ərzində öz iradən və istəyinlə azacıq da olsa, nəsə etmək və ya etməmək imkanı tanınmır. Əgər iki-üç dəqiqə yuyunmağa gecikdinsə, tualetə gecikəcəksən, daha sonra yeməyə (hərçənd, bu yemək də yalnız acından ölməmək üçün kifayət edir).

Bütün gün ərzində öz işləri üçün əla seçilmiş sərt nəzarətçilər əsirləri amansızlıqla qovur. Sən nə edəcəyini müəyyənləşdirmirsən və bir an sonra yaşayıb-yaşamayacağın da sənə bəlli deyil. Cəzalar və mükafatlar heç bir sistemə əsaslanmır. Əgər ilk vaxtlar əsirlər hesab edirlərsə ki, yaxşı işləmək cəzadan və ölümdən xilas edir, az müddət sonra bu ümid də öldürülür. Cəza və mükafat yalnız nəzarətçinin kefindən asılıdır. Avtoritar rejimlər üçün bu qayda çox sərfəlidir, çünki bu qayda vətəndaş aktivliyini və təşəbbüslərini məhv edir. Kənardan isə hətta “səndən heç nə asılı deyil”, “hə, nəyə nail oldunuz?”, “həmişə belə olub və həmişə də belə olacaq” atmacalarını da buraya əlavə edin.

Insanları “görməməyə və eşitməməyə” məcbur etmək

Beşinci qayda…

Bettelheym belə bir situasiyanı təsvir edir. Nəzarətçi əsirlərdən birini vəhşicəsinə döyür. Böyürdən əsirlərin böyük bir dəstəsi keçir və onlar başlarını o biri tərəfə çevirərək hamılıqla belə təəssürat yaradırlar ki, bu vəhşiliyi görmürlər. Nəzarətçi “öz işindən” ayrılmadan onlara “afərin!” deyə bağırır. Ona görə ki, əsirlər “görmədim və eşitmədim” qaydasını əxz etdiklərini nümayiş etdirirlər.

Bu qaydanı əxz etməklə nəzarətçi ilə əlbir olduğunu dərk edən kütlənin içərisindəkilərdə isə xəcalət və utanc duyğuları güclənir, eyni zamanda, öz gücsüzlüklərini dərk etdikləri üçün sınırlar.

Totalitar ölkələrin hamısında da belədir. Insanlar “hamı bilir, amma hamı özünü elə aparır ki, heç kimin heç nədən xəbəri yoxdur” qaydasının hesabına avtoritar rejimlərin ömrünü uzadırlar.

Insanları sonuncu daxili xətti tapdalamağa məcbur etmək

Altıncı qayda…

Gəzən meyit olmamaq, hətta təhqir edilmiş. Deqradasiya olunmuş insan olaraq qalmaq üçün hər kəs hər zaman həmin qırmızı xəttin haradan keçdiyini bilir. O xəttin ki, onu tapdalamaq olmaz və hətta həyat bahasına olsa belə, o xəttin keçdiyi yerdə dayanmaq lazımdır. Bu xətti həyatını saxlamaq hesabına ayaqlayıb keçənlər insan kimi öz dəyərini tamamilə itirirlər. Bettelheym bu xətt barədə bir tarixçəni belə anladır: “Bir dəfə nəzarətçi işdən yayınmaqda ittiham etdiyi iki yəhudini çirkabın axdığı arxın içinə uzanmağa məcbur etdi. Yaxınlıqdakı polyakı çağıraraq ona əmr etdi ki, yəhudilərin üstünü torpaqlasın. Polyak etiraz etdi və əmrə əməl etmədi. Nəzarətçi onu nə qədər döysə də, polyak bunu etmədi. Sonra nəzarətçi onların yerini dəyişdirdi. Polyak arxın içinə uzandı, yəhudilərə isə onun üstünü torpaqlamağı əmr etdi. Onlar işə başladıar və polyakın üstü az qala tamam örtüləndə nəzarətçi işi dayandırdı. Əsirlərin yerini yenə də dəyişdirdi. Polyaka əmr etdi ki, yəhudilərin üstünü torpaqlasın. Bu dəfə polyak əmrə tabe oldu. Ya qisas hissi ilə, ya da belə bir duyğu ilə ki, son anda nəzarətçi ona da durmağı əmr edəcək. Amma nəzarətçi işi durdurmadı, əksinə, polyakın tökdüyü torpağın üstünə çıxıb təpikləri ilə torpağı presləməyə başladı. Bir müddət sonra onların ikisini də – biri ölü, o biri isə yarımcan halda, – çıxarıb krematoriyaya apardılar”.

***

Bütün bu qaydaların tətbiqinin bir ümumi nəticəsi vardı. Əsirlərə təlqin edilirdi ki, onlar heç kimdir, taleləri öz əllərində deyil və heç nəyi dəyişə bilməzlər. Bu qaydaların əzdiyi və qırmızı xətti tapdalamağa məcbur etdiyi əsirlərin hamısı gəzəri meyitlər idi.

Bu cür zombiləşmə çox asan başa gəlirdi. Əvvəlcə insan öz iradəsi ilə hərəkət etməyə son verir. Onun davranışlarının daxili qaynağı sıradan çıxır və nəzarətçilərin əmri başlıca və yeganə qaynağa çevrilir. Heç bir seçim təsəvvürü olmadan bütün əmrlər dərhal yerinə yetirilir. Sonra onlar yeriyərkən ayaqlarını qaldırmağa belə təşəbbüs göstərmirlər və ayaqlarını sürüyərək gedirlər. Sonra onlar yalnız qabağa baxırlar və ətrafa baxmaq təşəbbüsləri ölür. Sonra isə onlar özləri də ölürlər.

Insanlar o zaman zombiyə çevrilirdilər ki, onlar öz davranışlarını dərk etmək üçün bütün cəhdlərdən imtina edirdilər. Bu halda onlar yalnız kənardan gələn əmrləri icra etmək durumuna düşürdülər. Zombiləşməyənlər isə əvvəllər, bəlkə də heç zaman dərk etmədikləri bir həqiqəti anlayırdılar ki, onlar bütün hallarda ətrafda baş verənlərə öz münasibətlərini qoruyub saxlamaq imkanı verən insan azadlığına sahibdirlər.

Insan öz rəyinin bitdiyi yerdən zombiləşməyə başlayır.

P.S. Bruno Bettelheym – psixoanalitik. 1938-1939-cu illərdə Hitlerin konslagerində olub. 1939-cu idə Hitlerin ad günü münasibətilə verilən amnistiyaya düşərək düşərgədən buraxılıb və ABŞ-a gedib.