Əliyev Qərblə “buz müharibəsi”ndə

2014-cü ilin yayı ölkəmiz üçün hansı perspektivlər açır?

«İstidir, lap səhra kimi»… Bu, təkcə məşhur filmdən sitat deyil, həm də Azərbaycanın yaşadığı siyasi həyatın təsviridir. Siyasi proseslər o qədər  yandırıcıdır ki, biz buna “yay günlərində soyuq müharibə” deyə bilərik. Bəli, sözün həqiqi mənasında Azərbaycan ciddi soyuq müharibə yaşayır.

Düzdü, hakimiyyət arada bu müharibəni başqa müstəviyə çəkmək istədi, amma bacarmadı. Küçə və meydanlarda insanlar görünmür. Amma baş verən olaylar küçə və meydanlardakı böyük aksiyalardan az nəticə vermir. Şübhəsiz ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində meydanlara çıxan insanların bu olaylarda rolu olduqca mühümdür.

Bəli, biz yeni transformasiya dövrünü yaşayırıq. Azərbaycanın uzun zamandır hansı seçimi edəcəyi barədə fikirlər səslənir – Qərb, yoxsa Rusiya? Bakı kimi seçəcək? Fəqət, Qərb Bakıya düşünmək imkanı vermədi. Daha doğrusu, Qərb düşündü ki, Azərbaycan rəsmiləri şüuraltılarındakı qorxunun təsirinə düşə bilərlər. Beləliklə…

Fransa və Isveçrə prezidentlərinə qarşı provakasiya

Şübhəsiz ki, hər kombinasiyada bir məqsəd olsa belə, Rauf Mirqədirovun həbsilə başlayan prosesin sonradan Leyla Yunusun həbsinin astanasına gəlib çıxması, polis orqanlarında Əli Kərimli əleyhinə ifadələrin alınması prosesi onu göstərirdi ki, Ilham Əliyevin texnoloqları ölkəni başqa müstəviyə keçirmək istəyirlər. Bu sanki arxadan gələn orduya yaxalanmamaq üçün çayı keçib, körpünü partlatmaq cəhdi idi. Ilham Əliyev müxalifət liderini və ən fəal hüquq müdafiəçisini həbs etdirib, ölkəni rəsmən diktatura elan etdirmək istəyirdi, amma alınmadı.

Bunu niyə edirdi? Göründüyü kimi, ötən ilin noyabrından  Ukraynada başlayan Avropa Birliyi-Rusiya qarşıdurması hələ də davam edir. Ilham Əliyev başa düşürdü ki, bu proseslər hansısa formada həllini tapandan sonra sıra Azərbaycana gələcək. Ona görə də dialoq və transformasiya imkanlarını tam aradan qaldırmaq üçün rəsmən diktatura qurmaq istəyirdi. Bu məqsədlə Bakıya Avropanın iki ölkəsinin prezidentinin səfəri gözlənilərkən onların görüş protokolunda olan insanları həbs etmək planı qururdu. Bu təkcə meydan oxumaq deyildi, həm də qaçıb can qurtarmaq idi. Amma Avropa bunu tez hiss etdi və hakimiyyətin planı alınmadı.

Aydın hiss olunurdu ki, Ilham Əliyevin Leyla Yunusu həbs etdirə bilməməsi onun əsəblərinə toxunub. Üstəlik, Leyla Yunus siyasi qərarlar çıxaran hakimlərin siyahısını hazırlayaraq, ABŞ Konqresinin Helsinki Komissiyasına və Avropa Ittifaqına göndərir. Bu siyahı getdikcə genişlənəcək. Söhbət, məmurlara Qərb ölkələri tərəfindən real sanksiyaların tətbiq edilməsindən gedir.

Helsinki dinləmələri

Helsinki dinləmələri Azərbaycan hakimiyyəti üçün tənqidə hazırlıq məşqi idi. Cüzi diplomatik sapmalarla, həm Dövlət Departamentinin, həm də Konqresin təmsilçiləri Azərbaycanda vəziyyətin kəskin pis olduğunu dedilər. Insan haqları, demokratiya, siyasi məhbuslar məsələsi dinləmələrin əsas mövzusu oldu. Azərbaycan ilk dəfə bu cür açıq və sərt tənqid gördü. Və demək olar ki, rəsmi Bakını müdafiə etmək istəyənlər də öz həmkarlarının dəmir arqumentlərilə susduruldular. Məsələn, Rusiyanın bölgədə Əliyev üçün təhlükə ola biləcəyinə dair fikrə “Əliyevin çətin anında Putin onun yanında idi” cavabı verildi.

AŞ PA – ilk dəfə üz-üzə…

Ilham Əliyev üçün bu, çox ağır sınaq idi. Bir dəfə 2010-cu ildə “Euronews” telekanalına müsahibə verəndə bu cür çətin vəziyyətə düşmüşdü. Amma etiraf etmək lazımdır ki, o, ilk çətin durum idi. Ən çətin vəziyyət isə AŞ PA-nın sessiyasındakı çıxışı zamanı oldu. Onun çıxışı yarımçıq kəsildi. Özü də Ilham Əliyev və atası Heydər Əliyevin siyasətindən perik düşmüş insanlar tərəfindən…

Ilham Əliyev bunu heç gözləmirdi. Amma Avropada belə  olaylar olur. Ilham Əliyev ironiya etmək istədi, amma qəzəb alındı. Çünki özü də aydın bilirdi ki, onun vəziyyətində biri başqasına ironiya edə bilməz. Etsə də, bunu heç kim səmimi qarşılamaz.

“Onlar 92-93-cü illəri görməyiblər” deməklə AXC hakimiyyətinə və aksiyanın məqsədli olduğuna işarə etdi. Amma britaniyalı deputata “Saxtakarlıq sənin öz ölkəndədir” deməklə qəzəbini boğa bilmədi. O, Avropanın ortasında Avropa ilə qapalı sistemlərin savaşını apardı. Qalib olmaq ümidinin və şansının olmadığı isə qəzəbindən görünürdü.

Azərbaycan parlamentinin dərhal toplaşıb Ilham Əliyevə dəstək verməsi isə “Azərbaycan” qəzetinin “The Washington Post”u ifşa etməsi kimi idi. Ilham Əliyevə təskinlik lazım idi, o da təşkil olundu. Amma bu heç nəyə faydası olmayan bir tədbir kimi yadda qalmadı, həm də orta ranqlı “ləbbeyk ya rəhbər” deyənlərin ümidsiz çapalamaları kimi də diqqəti çəkdi. Onların çoxu danışa danışa bir gözləri ilə də arxa qapını güdənləri xatırladırdılar. Artıq hamı duyuq düşüb ki, bu gəmi ilə torpağa çatmaq şansı yoxdur.

ATƏT-dən ikinci zərbə

Narışkin demişdi ki, onların nümayəndə heyəti ATƏT Parlament Assambleyasının toplantısında fəal olacaq. Oqtay Əsədov isə  Rusiya ilə eyni mövqedən çıxış edəcəklərinə ümid ifadə eləmişdi. O ümid elə ifadə olunanda suya düşmüşdü zatən, amma Bakının mərkəzində həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, həm də Rusiyaya qarşı qətnamənin əleyhinə olan  Azərbaycan hakimiyyəti insan haqlarının durumuna görə tənqid atəşinə tutuldu. Görünür ki, Ilham Əliyev bu tədbirlərin qarşısını almaq üçün ölkədə tozu dumana qatmaq istəyirmiş. Amma Avropa sadəcə, belə dedi: “Sən gəlməzsən, biz gələrik, yola gəlməzsən, bir yolunu taparıq”.

Yeni status-kvo

Indi Əliyev Bakıda keçirilən enerji toplantılarında təriflənmir. Siyasi tədbirlərdə tənqid olunur. Əliyevlər indi bura səfər edən Qərb diplomatlarının, siyasətçilərinin protokoluna müdaxilə edə bilmir. Onlar artıq vətəndaş cəmiyyəti və müxalifətlə açıq görüşlər keçirirlər. Azərbaycanda siyasi keçidin kiminlə və necə baş verəcəyinə işarə edirlər. Açıq-aşkar 2013-cü ilin prezident seçkilərinin qaliblərilə təmasda olurlar. Cəmiyyəti fəallaşdıra və onun fəal hissəsinin fikrini ifadə edə bilən qüvvələrlə əməkdaşlığa üstünlük verirlər. Bu isə Əliyev üçün sadəcə, seçimlər yaradır – ya demokratik keçid, ya da demokratik keçid. Çünki onun başqa radikal addımlar atmaq resursu həm yoxdur, həm də bu tipli nümunələr artıq nəyə səbəb olduğunu ortaya qoyub.