«Orada insan həyatına etinasızlıq, hədə-qorxu, həbslər var, insanların ruhu kütləvi şəkildə öldürülüb…»
Azərbaycandakı acınacaqlı duruma görə beynəlxalq aləmə çağırış: «Enerji təhlükəsizliyi insan həyatından daha qiymətlidir?»
Azərbaycanda insan haqları və demokratiya sahəsindəki acınacaqlı duruma görə dünyanın ən müxtəlif yerlərindən hakimiyyətə ünvanlanan ittihamların ardı-arası kəsilmir. Əliyev hökuməti seçkilərin saxtalaşdırılması, günahsız insanların həbsxanaya salınması, azad mətbuatın boğulması, məhkəmələrin tamaşaya çevrilməsi və s. addımlarına görə xarici mediada mütəmadi tənqid obyekti olur. Bu qəbildən olan növbəti material “Əl-Cəzirə”də yayımlanıb. “Azərbaycan: ruhu öldürülmüş ölkə” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Azərbaycan – ruhu öldürülmüş ölkə
Çexiyalı diplomat, Avropa Ittifaqının genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle 2011-ci ildə çıxışında demişdi: “Avropa diktatorları yox, demokratları dəstəkləməlidir”.
Bu bəyanat “Ərəb baharı” dalğası dövrünə təsadüf edirdi.
“Tunis, Misir və digər ölkələrin küçələrində kütlələr ümumbəşəri dəyərlər uğrunda mübarizə aparırlar. Bu gün biz öz xalqının qanını axıdan, insan həyatına dəyər verməyən diktatorlarla yox, bu adamlarla əməkdaşlıq etməliyik. Həm də onların özləri üçün…”, – deyə Füle əlavə etmişdi.
Tunis və Misirdən bir o qədər uzaq olmayan digər qitədə müxtəlif cür yırtıcılar yatır. Orada da insan həyatına etinasızlıq, hədə-qorxu, həbslər var və bütün bunların nəticəsi olaraq, kütləvi şəkildə insanların ruhu öldürülüb.
9,3 milyon əhalisi olan Azərbaycan eyni zamanda, Avropa üçün alternativ enerji mənbəyidir. Azərbaycanda insan haqlarının durumu iyrənc olsa da, bu ölkə hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.
Füle yuxarıda qeyd olunan bəyanatı 2011-ci ildə vermişdi, biz 2014-cü ilə çatmışıq, indi də bir çoxları soruşur: diktaturaları dəstəkləməmək barədə bəyanat necə oldu?
Avropa Şurasını əhatə edən diktaturalara nəzər salanda görürük ki, bu bəyanatdan sonra çox şey dəyişməyib. Məsələn, Azərbaycanda baş verənlər buna parlaq misaldır.
Azərbaycan mayın 15-də Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayandan cəmi bir neçə gün sonra Avropa Şurası Parlament Assambleyasının prezidenti (AŞ PA) Anna Broşür Azərbaycan hakimiyyətini ölkədə insan haqları, ifadə, toplaşma, birləşmə azadlıqları sahəsində pisləşən vəziyyətin nizama salınması üçün dərhal tədbirlər görməyə çağırmışdı.
Həmçinin Avropa Şurasının baş katibi Torbörn Yaqland da iki hüquq müdafiəçisinin həbsilə əlaqədar Azərbaycan hökumətinə narahatlığını çatdırmışdı: “Mən Azərbaycan hökumətini fundamental prinsiplərə və Avropa Konvensiyasının hüquqi normalarına əməl etməyə çağırıram. Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Avropa Konvensiyasını ratifikasiya edib və onun tələblərinə əməl edəcəyinə dair öhdəlik götürüb”.
Belə görünür ki, Avropa Şurası üzvlərinə münasibəti dəyişməlidir. Məsələ burasındadır ki, bir sıra üzv ölkələrdə heç bir irəliləyiş yoxdur, buna baxmayaraq, heç bir tədbir də görülmür.
2000-ci ildə AŞ PA-da Çeçenistan hadisələrinə görə Rusiyaya sanksiya tətbiq olunmuşdu. Bu yaxınlarda da eyni addım Krım hadisələrilə əlaqədar atıldı.
Bəs Azərbaycanın nəyi fərqlidir? Ola bilsin ki, Azərbaycanda hərbi çevriliş yoxdur, başqa dövlətə qarşı ərazi iddiası yoxdur, amma bu ölkədə insan haqlarının vəziyyəti dəhşətlidir. Həbs olunan fərqli fikirlilərin, ictimai-siyasi fəalların artması bu ölkə ilə bağlı həyəcan təbili çalmağa əsas verir.
Azərbaycan 13 ildir ki, Avropa Şurasının üzvüdür və onun bu təşkilata daxil olmasından bəri ölkədə çox az şey dəyişib. Xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, “demokratikləşmə və insan haqlarının müdafiəsi uzun bir prosesdir, Azərbaycan da bu prosesin içindədir”.
Məmmədyarovun dediyi bu “prosesin” nəticələri isə hələ də görünmür. Hazırda Azərbaycanda həbsdə saxta ittihamlarla mühakimə olunmuş on nəfər jurnalist, beş nəfər blogger və səkkiz nəfər gənc fəal var. “Amnesty International”ın məlumatına görə, təkcə ötən il Azərbaycanda ən azı 19 nəfər vicdan məhbusu dəmir barmaqlıqlar arxasına göndərilib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və Bəşir Süleymanlı nümunəsi də var. Onlar “vəzifədən sui-istifadə edərək, seçkinin nəticələrini saxtalaşdırma” ittihamı ilə mayda mühakimə olundular və nəticədə Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı isə 3 il 6 ay azadlıqdan məhrum edildi.
Siyasətçilər də hədəfdədir. Məsələn, “Respublikaçı Alternativ” (REAL) Hərəkatının sədri Ilqar Məmmədov hazırda barəsində çıxarılmış 7 illik həbs cəzasını çəkir.
Sanki bu cür həbslərdə gender balansını da gözləyirlər. Təqib və təzyiqlər tanınmış qadın hüquq müdafiəçilərindən də yan keçməyib. Məsələn, tanınmış hüquq müdafiəçisi Leyla Yunus beynəlxalq konfransa gedərkən saxlanılıb, ona ölkəni tərk etmək qadağası qoyulub və ertəsi gün istintaqa cəlb olunaraq dindirilib.
Bütün bu adamların hökumətin yürütdüyü siyasətə qarşı tənqidləri büdcə vəsaitlərinin xərclənməsi, seçkilər, fərqli fikirlilərə qarşı təzyiqlərlə bağlıdır. Hökumət üçün isə onlar “xuliqan”, “yalançı”, “narkoman”, “nifrət yayan”lardır.
Azərbaycan həm də BMT-nin Insan Haqları Şurasının üzvüdür. Şuranın Əsasnaməsinin 8-ci bəndinə görə, insan haqlarını kobud və sistemli şəkildə pozan dövlətlərin üzvlüyü 2011-ci ildə Liviya nümunəsində olduğu kimi, dayandırıla bilər.
Azərbaycanda insan haqları sahəsində onsuz da pis olan durumu sanki bir az da kəskinləşdirmək üçün ötən ilin yanvarında AŞ PA-da müzakirəyə çıxarılan qətnamə qəbul olunmadı. AŞ PA deputatlarının 79-u Azərbaycanda siyasi məhbuslar haqda qətnamə layihəsinin lehinə, 125-i isə əleyhinə səs verdi.
Azərbaycanda hələ də diffamasiyaya görə cinayət məsuliyyəti var. Azərbaycan deputatlarından biri bu yaxınlarda dedi ki, diffamasiya məsələsinin müzakirəsi qeyri-müəyyən vaxta qədər təxirə salınacaq, çünki “Azərbaycandakı əhali buna hazır deyil”.
Azərbaycan müstəqillik qazanandan sonra ilk illərdə Qərbdə çox az tanınırdı. Hərçənd, bu gün milyonlarla dollar xərcləyərək, ABŞ-da lobbi şirkətlərinin xidmətlərindən istifadə edirlər. Avropa da bu məqsədlə müxtəlif fondlardan yararlanırlar. Məsələn, London, Brüssel, Berlin, Paris və Istanbulda ofisləri olan Avropa-Azərbaycan Cəmiyyəti.
Heç kim üçün sirr deyil ki, ölkəni bir nəfər idarə edir. Onun da rəhbərliyi mükəmməllikdən çox uzaqdır – xüsusən də demokratiya sahəsində.
Avropa Şurasının onun dəyərlərinə hörmət etməyən Azərbaycan kimi üzvlərlə bağlı heç bir müsbət nəticə doğurmayan bəyanatlar verməkdənsə, ciddi tədbir görməsinin vaxtı çatmayıbmı? Azərbaycan hakimiyyəti 10 il əvvəlkindən daha güclüdür. Eyni zamanda, bu ölkədə fərqli fikirli adamlara qarşı davranışlar da 10 il əvvəllə müqayisədə kəskin pisləşib.
Ölkə enerji resursları sayəsində iqtisadi baxımdan kifayət qədər güclüdür. Bəllidir ki, beynəlxalq ictimaiyyət Azərbaycandakı şantaj, təqib və təzyiqlər, repressiyalar barədə məlumatlıdır. Lakin heç bir konkret addım atılmır.
Belə olan halda, sual meydana çıxır: enerji təhlükəsizliyi insan həyatından daha qiymətlidir? Indiyə qədər görünən budur ki, belədir.
Siyasət şöbəsi