“Hamı üzərində qələbə” mümkündürmü?

Yazılarımın birində alman şairi və dramaturqu olan Bertold Brextin “Həqiqəti yazmağın beş çətinliyi” adlı məqaləsindən bəhs etmişdim, bu məqaləni oxumağı hamıya məsləhət görmüşdüm. Oxuyanlar sağ olsunlar, oxumayanlar da mütləq oxusunlar. Məqalə Azərbaycan türkcəsinə çevrilib və siz onu “kultura.az” saytında axtararaq tapa bilərsiniz.

Brextin məqaləsi 1934-cü ildə Avropada faşizm və nasizm ideologiyalarının tüğyan etdiyi bir zamanda yazılıb. Yəni, düz 80 il əvvəl!

Müəllif həmin yazısı ilə müasiri olduğu yazıçı və publisistlərə üz tutaraq, onları əsl həqiqətləri yazmağa, ideologiya tələsinə salınmış insanları xilas etməyə çağırırdı.

Məqalədə günümüzün Azərbaycanı ilə səsləşən məqamlar kifayət qədərdir, oradakı bir parça isə faşizmin yeni dövrdəki təzahür forması – urfaşizmin ayaq açıb yeridiyi ölkəmizin acı reallığına dəqiqliklə ayna tutur. Məsələn, Brext yazırdı ki, despotizm yandaşları məzlumlara fayda gətirən hər şeyi şərəfsizlik kimi lənətləyir. Ölkədə aclıq və səfaləti aradan qaldırmaq istəyirsən… – deməli, şərəfsizsən! Insanlar rəhbərə etimadsızlıq göstərir, onun ölkəni fəlakətə sürüklədiyini zənn edirlər… – deməli, şərəfsizdilər! Yoxsullar gündəlik yeməyə belə çatmayan maaşa etiraz edir, ailəsinin qayğısına qalır, övladlarının gələcəyi onları narahat edir… – deməli, şərəfsizdilər!

Brext davam edərək yazırdı ki, despotizm yandaşlarının təbliğatında insan kimi yaşamaq istəyənlər üçün hazır damğalar var: ailəsinə çörək aparmaq istəyənlər – qarınquludur; zəhmətinə görə ədalətli maaş istəyənlər – yaramazdır; həyatından bezdirilmiş, gələcəyə ümidini itirmiş insanlar – qorxaqdır; zülmkarlara etimad göstərməyən, onların saxta vədlərinə inanmayanlar – vətən xainidir; rəhbərin “ali” niyyətlərini bəyənməyən, ona qarşı çıxanlar – anti-milli ünsürdür.

Indi bizdə də fərqli fikirliliyə, özgür düşüncəyə, tənqidçi, müxalif mövqeyə qarşı eyni münasibət hökm sürür, hətta Brextin sadaladıqları bir çox yarlıqları – “vətən xaini”, “anti-milli ünsür”… – hərfbəhərf belələrinə çox asanlıqla yapışdırırlar.

Elə dünən tanınmış vəkil, son illərdə ölkədəki soyğunçuluğa, talançılığa qarşı sərt çıxışları ilə bilinən Əliabbas Rüstəmovun şərlənərək həbsini, beləcə ölkədəki vicdan məhbusu siyahısının bir az da şişməsini götürək. Əliabbas bəy vəkil olaraq müştərisindən rüşvət almaqda suçlandırılır. Gülüncdür: vəkil müştərisindən necə rüşvət tələb edə bilər? Amma əgər söhbət, Brextin yazdığı kimi, insan kimi yaşamaq istəyənlər üçün hazır damğaların olduğu bir ölkədən gedirsə, burada təəccüblənməli heç nə yoxdur. Siz istənilən vaxt istənilən ittihama hazır olmalısınız.

Vəziyyətin faciəviliyi isə ondadır ki, bir çoxları sadəlövhcəsinə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlamasından müsbətə doğru hansısa gözlənti içindədir. Buyurun, sədrliyin ilk günlərində belə, biz yeni vicdan məhbusunun ortaya çıxması barədə danışırıq.

Axı başqa cür mümkün də deyil. Başqa cür idarəetmə, azacıq sivil, modern yanaşma Sistem üçün sadəcə, siyasi intihardır.  

Dözülməz rejimlər üçün hətta elə an gəlir ki, demokratiyanı, hüququ, ədaləti imitasiya belə, təhlükə yaradır. Ən kiçik nəfəslikləri belə qapamaq zərurətə çevrilir. Tam qələbə üçün – tam havasızlıq!

Əlbəttə, belə rejimlər heç vaxt tam qələbəyə nail olmurlar, amma ən azından buna ümid edirlər. Ümid isə həmişə məzlumların çörəyi deyil, bəzən zalımların da gərəyidir. 

Qaçılmaz olan acınacaqlı sonu “hamı üzərində qələbə” ilə həmişəlik təxirə sala biləcəklərinə ümid etmək – Azərbaycandakı rejim hazırda bununla məşğuldur. 

Bütün basqılara, amansız repressiyalara rəğmən isə ölkədə heç də hamı məğlub olmur, hələ də azad, demokratik, firavan gələcəyə dair ümidlərini qoruyanlar qalır.

Sonda ölən isə bu iki tərəfdən birinin ümidi olacaq. Konkret hansının?

Bu suala cavab axtaranlar bəşəriyyətin elə ən yaxın tarixinə baxsalar, kifayətdir.