Azərbaycan hakimiyyəti çətin vəziyyətdə

Rusiya Krımdan Azərbaycana aviareyslər həyata keçirməyə hazırlaşır

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) iki yerli hava yolları şirkətinə Krımın Simferepol şəhərindən Türkiyə, Ermənistan və Azərbaycana reyslər həyata keçirməyə icazə verməyə hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə sənəd aviadaşıyıcılara beynəlxalq hava daşımalarının yerinə yetirilməsi üçün lisenziyanın verilməsinə dair nazirliklərarası komissiyanın iclasına təqdim olunub.
Xəbərdə bildirilir ki, sənədə əsasən “Uralskie Avialinii” şirkəti həftədə beş dəfə Bakıya və Irəvana reyslər həyata keçirməlidir. Bundan əlavə, Çeçenistanın “Qroznıy Avia” şirkəti həftədə iki dəfə Simferepoldan Antalya və Irəvana, habelə hər gün Istanbula reys həyata keçirmək üçün “Rosaviasiya”ya müraciət edib.
Martın ortalarından, yəni Krımın Rusiya tərəfindən ilhaqından sonra ora bütün aviareyslər yalnız Rusiya şəhərlərindən həyata keçirilir. Iyunun əvvəllərində baş nazir Dmitri Medvedyev Simferepol aeroportunun beynəlxalq reyslər üçün açılması barədə sərəncam verib.

Əgər “Rosaviasiya” “Uralskie Avialinii” şirkətinə Simferepoldan Bakıya reyslər həyata keçirməyə icazə versə, o zaman Azərbaycan hakimiyyəti üçün ciddi siyasi problem yaranacaq. Çünki Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və deməli, Krımı hələ də Ukrayna ərazisi hesab edir. O zaman Ukrayna ərazisinin bir hissəsi hesab edilən Krıma reyslər də ancaq Kiyevin icazəsi ilə həyata keçirilə bilər. Əks halda bu, beynəlxalq mülki aviasiya normalarına zidd olardı. Azərbaycan buna qarşı çıxacağı təqdirdə isə Rusiyanın təzyiqləri ilə üzləşə bilər.