Anar Məmmədli və ATƏT-in Bakı ofisi ilə bağlı mühüm qərar qəbul olundu; Bakının etirazları rədd edildi
ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında daha bir dəyişiklik qəbul edilib.
ANS PRESS-in məlumatına görə, norveçli nümayəndə iclasda Anar Məmmədlinin həbsində siyasi motivlərin olması ilə bağlı ATƏT-in qanununa 44-cü düzəlişin edilməsini təklif edib.
“Anar Məmmədli Azərbaycanda seçki monitorinq mərkəzinin sədri olub. O saxtakarlıqla bağlı həbs edilib. Onun əleyhinə verilən məhkəmə qərarı ATƏT-in qanunları ilə ziddiyyət təşkil edir”.
Azərbaycanlı nümayəndə Rəbiyyət Aslanova isə bu təklifi qəbul etməyib. O, qeyd edib ki, Anar Məmmədlinin əməlində cinayət tərkibi var: “Bu zaman o niyə həbs edilməsin? O siyasi səbəbdən həbs edilməyib. Bu təklif Azərbaycanın əleyhinədir. Təklifin müəllifi Azərbaycan haqqqında məlumatlara malik deyil. Anar Məmmədlinin işinə obyektiv qiymət vermək üçün bu işi dəqiq öyrənmək lazımdır. Bu təklifi verən norveçli nümayəndəyə müxtəlif qruplardan məlumatlar ötürülüb. Azərbaycan huqüq müdafiəçisi ilə bağlı dialoqa hazırdır. Bu məsələdə hər hansı siyasi motiv yoxdur”.
Həmməruzəçi Cordana Comic bu düzəlişin tərəfdarı olduğunu bildirib: “Əgər Anar Məmmədli cinayətkardırsa, bunu sübut edən sənədləri təqdim edin. Və ya dialoqa başlayın. Dünən Azərbaycan nümayəndələri arasında bir dialoq oldu. Dialoq demokratiyada yeganə strategiyadır. Siz dialoqda xoşlamadığınız insanlarla məsələləri müzakirə edirsiniz”.
Nəticədə dəyişiklik 30 lehinə, 14 əleyhinə səs toplayaraq qəbul edilib.
Daha sonra “Helsinki+40: ”Hər bir insanın təhlükəsizliyi layihəsinə” 45-ci düzəlişlə bağlı müzakirələr aparılıb. Bu ATƏT-in ofisinin Bakıda açılması və mandatının yenilənməsi ilə bağlıdır. Isveçrə nümayəndə heyəti Habsburg Duqlas çıxış edərək bildirib ki, Azərbaycanda ATƏT-in ofisi açılmalı və mandatı yenilənməlidir.
Rəbiyyət Aslanova bu təklifi dəstəkləmədiyini bildirib. O qeyd edib ki, təklifin müəllifi ATƏT Azərbaycan əlaqələrinə kölgə salır: “Bu baradə mən həmin təklifin müəllifləri ilə dialoq aparmağa hazıram. Bu təklifin Azərbaycanın xarici siyasətinə heç bir dəxli yoxdur. Biz həmin təklifin əleyhinəyik”.
Səsvermə dəyişikliyin qəbulu ilə bitib. Rəbiyyət Aslanova isə səsverməyə etiraz etdiyini və onun etirazının qəbul edilmədiyini vurğulayıb: “Ilk növbədə demək istəyirəm ki, mənim etirazımı görməməzliyə vurdunuz. Sizin iclası aparmağınıza mən öz etirazımı bildirirəm”.
Portuqaliya nümayəndə heyətinin üzvü Isabel Santos isə Rəbiyyət Aslanovaya etirazını bildirib: “Xanım Aslanova mən sizin fikrinizlə qəti razı deyiləm. Ola bilsin sizin bu məsələyə görə məndən uzun müddət xoşunuz gəlməsin. Amma bu məsələlərin qəbulu doğru addımdır. Bir də siz müzakirələr zamanı etiraz etmədiniz, sənədin qəbulundan sonra etirazlar doğru deyil”.