Hüquq müdafiəçiləri konqresmen tərəfindən Əliyevə təqdim olunan siyahı barədə nə düşünürlər?
Azərbaycandakı siyasi məhbus problemi beynəlxalq aləmin gündəmindədir. AŞ PA-nın son sessiyasında təşkilatın sədri Ann Brassör də ölkəmizdəki siyasi məhbus probleminə diqqət çəkmişdi. Tədbirdən sonra isə A.Brassör Azərbaycandakı siyasi məhbus probleminə diqqət çəkərək bildirmişdi, problemləri inkar edərək onların qarşısını almaq olmaz. «Biz həll edilməsi lazım olan problemlər barədə açıq və səmimi dialoqlarımızı davam etdirməliyik. Mən bəzi məhkumlarla görüşmək üçün yenidən Azərbaycana qayıdacam”, deyə A.Brassör vuğulamışdı.
ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kris Smit də “Azadlıq” radiosuna müsahibəsində əsas diqqəti Azərbaycandakı siyasi məhbus probleminə çəkib. İ.Əliyevlə görüşdən dərhal sonra verdiyi müsahibəsində K.Smit vurğulayıb ki, siyasi məhbuslar dərhal azad olmalıdır. Konqressmen eyni zamanda vurğulayıb ki, görüşləri zamanı o, Əliyevə dərhal azadlığa buraxılmalı olan siyasi məhbusların siyhısını da təqdim edib.
Son baş verən olaylardan göründüyü kimi siyasi məhbus problemi beynəlxalq aləmin diqqətində olan bir nömrəli məsələdir. Amma hakimiyyət bu problemin həlli istiqamətində elə bir addım atmaq niyyətində görünmür. Əksinə hakimiyyət birinci şəxsin dilindən ölkədə siyasi məhbus probleminin mövcudluğunu ümumiyyətlə inkar edir. İqtidar hətta özünə yaxın hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısını belə qəbul etmək istəmir. Belə olan halda beynəlxalq aləmdən gələn ciddi basqını nəzərə alsaq, situasiya ilə bağlı gözləntilər necədir?
Leyla Yunus: «Bu cür açıqlamalar problem həllini tapmadıqca davam edəcək»
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, beynəlxalq təşkilatların bu cür sərt mövqeyi Azərbaycanın vətəndaş cəmiyyətindən adekvat reaksiya gələcəyi təqdirdə nəticə verə bilər. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxslər o həqiqəti anlamalıdırlar ki, siyasi məhbusların hamısı bir nəfər kimi azadlığa buraxılmalıdır: «Hazırda beynəlxalq aləmin siyasi məhbuslarla bağlı sərt mövqeyi ortadadır. Son olaraq ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kris Smit, AŞ PA-nın sədri Ann Brassör siyasi məhbuslarla bağlı sərt mövqedən çıxış ediblər. Bu cür açıqlamalar problem həllini tapmadıqca davam edəcək. Bu cür bəyanatların fonunda Azərbaycanda siyasi məhbusları iki yerə bölən hüquq müdafiəçiləri utanmalıdırlar. Hüquq müdafiəçiləri arasında bu cür fikir ayrılığı olan zaman hakimiyyət öz simasını qoruyub saxlayır və bəyan edir ki, görürsünüz bunlar heç siyasi məhbusların dəqiq sayın bilmirlər».
Siyasi məhbus probleminin həlli üçün hakimiyyətə sərt tələblərin irəli sürülməsinin tərəfdarı olan L.Yunus hesab edir ki, bu istiqamətdə müzakirə və komissiyanın yaradılmasını təklif edənlər prosesi əksinə yubadırlar.
Mehman Əliyev: «Beynəlxalq aləmin hakimiyyətə sərt təpkisi nəticəsiz qalmayacaq və iqtidar mövqeylərindən geri çəkilməyə məcbur olacaq»
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, beynəlxalq aləmin hakimiyyətə sərt təpkisi nəticəsiz qalmayacaq və iqtidar bu məsələdə mövqeylərindən geri çəkilməyə məcbur olacaq. Amma hətta hazırkı siyasi məhbusların bəzilərinin azadlığa çıxmasından sonra hakimiyyətin heç kimi həbs etməyəcəyinə heç kimi zəmanət verə bilməyəcəyini söyləyən M.Əliyev vurğuladı ki, siyasi məhbus kriteriyaları cəmiyyət, siyasi partiyalar, hakimiyyət tərəfindən müzakirə edilərək qəbul edilməlidir: «Bu onun üçün vacibdir ki, gələcəkdə heç kim siyasi məhbus adıyla həbs olunmayacaq. Çünki dərhal müzakirə edilərək qəbul edilən siyasi məhbuslarla bağlı kriteriya işə düşəcək və həbs olunan şəxs dərhal azadlığa buraxılacaq. Amma bir məqamı da nəzərə almaq lazımdır ki, İlham Əliyev çıxışı zamanı qeyd etmişdi ki, Azərbaycanda diffomasiyaya görə heç kimi həbs etmirlər. O zaman belə çıxır ki, gələcəkdə hakimiyyət siyasi məhbusları başqa maddələrlə, ittihamlarla həbs etməyə çalışacaq».
Xəyal


