Bəlkə də, Azərbaycan Yazıçılar Birliyinin qurultayını keçən həftə ədəbi aləmdə baş verən ən unudulmaz hadisə hesab etmək olardı, əgər orada rəhbər vəzifələri yeni simalar əvəzləsəydi… Amma göründüyü kimi, heç nə dəyişmədi. Ədəbi dünyamız bundan sonra da köklü ənənələrə bağlı olaraq yoluna davam edəcək. O qurultaydan uzun zaman yaddaşlarda qalan şey, yəqin ki, görkəmli şairimiz Məmməd Ismayılın fərqli çıxışı olacaq…
Uzun illərdir Çanaqqalada yaşayan böyük şairimizin əlini, demək olar ki, buradakı “ədəbi birlik”dən çoxdan üzdüyünü eşitmişdim. Indi də məlum olur ki, onu illər sonra xatırlayıb, qurultaya dəvət etməkdə bərk peşmançılıq hissi keçiriblər. Açıq çıxışından sonra ona başlanan hücumlar da bunu deməyə əsas verir. Əslində, Məmməd bəy orada artıq heç bir söz deməyib, sadəcə, gerçəkləri xatırladıb böyük məclisin diqqətinə. Şair “Azadlıq” radiosuna verdiyi müsahibədə çıxışını belə şərh edir: “Mən orda üzümü salonda oturanlara tutub dedim ki, siz öz içinizə diqqət yetirin, görün neçəniz mənlə razısınız. Dedim ki,ÿmən sizdən heç fəxri adlar da istəmirəm, öz adım dünyanın ən gözəl adıdır, Məhəmməddir. Amma bircə nəfər də alternativ düşünən, müxalif düşünən istedadlı adama dəyər veribsinizmi? Ildə 70 nəfərə prezident təqaüdü verirsiniz, o adamlar içində bircə nəfər də alternativ, müstəqil yazar varmı? Qurultayla bağlı solaxay çıxış etmişəm, ona görə çürüyür bu söhbətlər…”
Bu sözlərdə həqiqətdən uzaq bircə kəlmə belə yoxdur. Hələ Məmməd bəyin toxunduğu mövzuda daha kəskin, daha acı danışmaq olardı. Gerçəkdən, sovet dövründən miras qalan bu qurumun işində insanlara yaradıcılıq ruhu verən, yolunu açan, həyatını stimullaşdıran nə var axı? Şair düz demir məgər, bu qurumda hansı fərqli, müxalif düşünən istedadlı insana dəyər verildiyini görən olub? Bu gün AYB-nin 1600 nəfərlik siyahısını ortaya qoyub, çıxdaş etməli olsaq, yekun səhifədə neçə nəfərin adı qalar? Bu ədəbi birlikdə təmsil olunan, kimsənin, kimsənənin tanımadığı adamların sayı-hesabı belə yox!
Uzun zamandır AYB 37-ci illərin xofu canında qalan aciz bir qurum kimi görünür insana. Sovetlərdən qalan mexanizmin vintləri də çox dəyişməyib sanki. Bu quruma üzv olan neçə-neçə qələm sahibi tanıyıram ki, fərqli mövqedə olan dostlarının ədəbi məclislərinə, kitab təqdimatlarına belə getməkdən ehtiyatlanırlar. Tək məclislər deyil, belə insanların yaradıcılıq nümunələrinə, fikirlərinə, mövqelərinə də uzaq məsafədə dayanmaq qorxusu var hələ bu cəmiyyətdə. Belə hadisələr gizləyəcək, saxlayacaq bir sirr də deyil, hər kəs hər şeyi yaxşı bilir.
Yaradıcı insan üçün ən önəmli şərt azadlıqdır. Hökumətdən maliyyələşən bir qurumda təmsil olunmaq qələm əhli üçün normaldırmı? Axı bu şərtlər altında fəaliyyət göstərən təşkilatın işində istər-istəməz bir asılılıq yaranır. Hələ qaldı ki, bu, yazıçıları, qələm sahiblərini bir araya gətirən ədəbi birlik olsun… Bəlkə, Azərbaycan kimi ölkələr istedadlı yazıçının azad yaşaması, qələminin hesabına ehtiyaclarını ödəməsi, ayaqda qalması üçün çox ağır şərtlər irəli sürür. Amma bənzər qurumlara üzvlük və asılılıq nəyi dəyişir ki, beş-on nəfərin işinə yaramaqdan başqa?..