İlham Əliyev hakimiyyətinin «Azadlıq»ı çökdürmək planının arxasında nələr dayanır?
Ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdar olan hər bir vətəndaş bilir ki, “Azadlıq” qəzeti hakimiyyətin şəxsi düşmənləri siyahısına daxildir. Tarixə ekskurs etsək və bugünə qədər olan dövrün təhlilini aparsaq, bu düşmənçiliyin artan xətt üzrə davam etdiyini görərik.
Bildiyiniz kimi, ölkəmizdə KIVDF adlanan bir qurum var və bu qurum mətbuata maliyyə dəstəyi göstərir. Ancaq “Azadlıq” qəzetinə münasibətdə aydın oldu ki, bu qurum hakimiyyətin sifarişini yerinə yetirir və ölkə həqiqətlərindən yazan, müstəqil mətbuatı təmsil edən qəzetləri çökdürmək funksiyasını həyata keçirir.
Əvvəlcə KIVDF “Azadlıq” qəzetinin icra etmiş olduğu layihəni maliyyələşdirməkdən imtina etdi və qəzetin 20000 manatını vermədi. Növbəti mərhələdə müraciət olunmasına baxmayaraq, yenə də “Azadlıq”a maliyyə dəstəyi olmadı. Sonradan məlum oldu ki, Müşahidə Şurası “Azadlıq”la bağlı monitorinq aparmaq üçün komissiya yaradıb. Gülüş doğuran məqam ondan ibarətdir ki, ictimai rəyə heç bir təsiri olmayan, insanların ikrahla yanaşdığı qəzetlərin rəhbərləri, “Azadlıq”a qəzetçilik dərsi keçmək qərarı vermişdilər. Daha gülünc reallıq odur ki, KIVDF-nin maliyyələşdirdiyi qəzetlər arasında elə adlar var ki, 20 illik jurnalistlik təcrübəsi olanlar da bu qəzetlərin varlığından bixəbərdi.
Təbii ki, “Azadlıq” növbəti dəfə KIVDF-yə müraciət etmədi və yenə də maliyyədən məhrum oldu.
Bugünlərdə ölkə başçısı Ilham Əliyev AŞPA-da çıxış etdi və Azərbaycandakı mətbuat azadlığından danışdı. Təkcə “Azadlıq” qəzetinin üzləşdiyi çətinliklərə nəzər salsaq, bununla “mətbuat azadlığı”nın səviyyəsini müəyyən edə bilərik.
Bəlkə də Ilham Əliyev haqlıdır? Hakimiyyəti mədh edən, ölkədəki korrupsiyanı, talançılığı, ədalətsizliyi görməyən, yalnız inkişafdan yazan qəzetlər “azad”dır və bu qəzetlər 3-cü, 4-cü, 5-ci dərəcəli məsələlərdən istədikləri qədər yaza bilərlər. Yəni rejimin azadlıq anlayışı bu meyarlarla ölçülür.
“Azadlıq” qəzeti isə bugünə qədər qadağalara boyun əyməyib, hər kəsi adı ilə çağırıb və qəzetçiliyə qazanc mənbəyi kimi baxmayıb.
Azərbaycanda mətbuat o qədər azaddır ki, hakimiyyətin nəzarətində olan “Qasid” firması “Azadlıq”a olan 70000 manat borcunu ödəmir. Bu firmanın sahibi deputatdır, YAP-ın siyasi şurasının üzvüdür və istifadə etdiyi avtomobilin dəyəri qəzetə olan borca bərabərdir. Yəni Ilham Əliyevin sədri olduğu partiyanın funksioneri azad mətbuatın çöküşündə “müstəsna” rol oynayır. Ilham Əliyev həqiqətən də azad mətbuatın tərəfdarı olsaydı, onun tabeçiliyində olan şəxs “Azadlıq”a qarşı bu addımı ata bilərdimi? “Qasid” firmasının hansı qəzetə “Azadlıq” qədər borcu var?
Yaxud “Azadlıq” qəzeti qondarma ittihamlarla məhkəməyə verildi və 80000 manat cərimə olundu. Bəs, “Azadlıq” nə yazmışdı ki, belə aqressiya ilə üz-üzə qaldı?
“Azadlıq” qəzeti Tağı Əhmədovu 5 qəpikləri mənimsəməkdə ittiham etdiyi üçün məhkəməyə verildi. Bugün isə, Tağı Əhmədov ən azı 79000 manatı mənimsəməkdə, metroda ticarət köşklərini satmaqda ittiham olunur və buna görə heç kim məhkməyə verilməyib.
Daha sonra “Binə” ticarət mərkəzində fəaliyyət göstərən sahibkarların üzləşdikləri çətinliklərlə bağlı yazı dərc etdik və bu yazıya görə qəzet 32000 manat cərimə olundu. Hansıki, bir müddət sonra “Binə” ticarət mərkəzində sahibkarlar aksiya keçirdi və bu aksiya “Azadlıq”ın nə qədər haqlı olduğunu üzə çıxardı. Bugünə qədər də bu ticarət mərkəzi haqqında müxtəlif yazılar yazılmaqdadır. Yəni bu məhkəmə cərimələri də hakimiyyətin sifarişi əsasında həyata keçirildi və “Azadlıq”ı çökdürməyin növbəti mərhələsi idi.
Əgər “Azadlıq”a olan borclar ödənilsəydi, yüksək məhkəmə cərimələri olmasaydı, qəzet yayımına əngəl törədilməsəydi, “Azadlıq”ın KIVDF-yə ehtiyacı olmazdı.
Yəni hakimiyyət bütün arsenalı ilə bizə əngəl törətməsə, bizim dövlətin yardımına ehtiyacımız olmaz.
Bugün “Azadlıq”ın fədakar kollektivi 3 aydır ki, əmək haqqı almır. Ancaq Ilham Əliyev “jurnalistlərin dostu”dur və azad mətbuatdan danışır.
Bir sözlə, hakimiyyət bütün vasitələrlə “Azadlıq”ı çökdürməyə davam edir. Bunun üçün isə, hakimiyyətin buyruq qulu olan KIVDF “fədakar”casına iş başındadır.
Biz qətiyyən ruhdan düşmürük, yalanın, yalataqlığın, saxtakarlığın qarşısında boyun əymədiyimiz üçün qürur duyuruq və bilirik ki, məhrumiyyətlərimizə səbəb azad sözü təmsil etməyimizdir.
İlham