Keçənlərdə bir məclisə düşdüm. Çoxdan tanıdığım bir nəfər yanındakı dostu ilə məni tanış etdi. Adını dedikdən sonra kiçik bir arayış verdi: “Mübariz oğlandı, ilk mitinqlərə çıxanlardandır, indi isə yeməyə çörək tapmır”.
“Yeməyə çoxumuz çörək tapmırıq, bunun Meydan hərəkatına nə dəxli var?” – mən bir az acıqlı tonda dedim.
“Necə yəni nə dəxli var? Müstəqil olduq, nə oldu, barmağımız bala batdı? Gül kimi yaşayırdıq da…”
Mən daha acıqlı cavab verməyə hazırlaşırdım ki, bayaqdan bəri ağzını açmayan köhnə hərəkatçı üzündəki kədərli bir təbəssümlə dilləndi: “Bəy, baş qoşma, mən belə tənələrə artıq vərdiş eləmişəm”.
Mən o kədərli təbəssümü heç vaxt unutmuram.
Xatırladıqca ağrı və qəzəb keçir içimdən:
Niyə belə oldu? Niyə belə olmalıdır?
***
Nə vaxtsa belə bir kəlam oxumuşdum: “Həyatın iki faciəsi var: biri istədiyimizi əldə etmək, digəri isə arzumuza çata bilməməkdir”. Heç müəllifini də xatırlamıram.
O vaxt kəlam mənə müəllifinin boş bir təzad yaratmaq cəhdi kimi gəlmişdi, necə yəni istədiyimizi əldə etmək də faciədir, arzumuza çatmamaq da? Bəs həyatın xoş anı hansıdır?
Amma indi o sözlərin müəllifini çox gözəl başa düşürəm. Biz müstəqillik istəyirdik və əldə etdik. Arzumuz isə azad, demokratik, hüquqi bir dövlətdə yaşamaqdı. Bu arzumuz illərdir elə arzu olaraq qalır, beləcə, get-gedə müstəqillikdən də soyuyuruq.
Bax, ona görə də təsadüfən tanış olduğum köhnə hərəkatçı kimi, indi ömrü Meydan hərəkatında keçənlər ətraflarındakı insanların tez-tez belə tikanlı, kinayəli sualları, tənələri ilə qarşı-qarşıya qalırlar: “Çox müstəqillik-müstəqillik deyirdiniz, budurmu müstəqillik?!”
Bizim istədiyimiz oldu. Arzular isə doğrulmadı. Ən azı hələlik onlar arzu olaraq qalır. Bəs sabah? Bilmirik. Get-gedə sabah da narahatlıqların, nigarançılıqların ünvanı olmağa başlayır.
Görünür, əldə edilən hansısa uğur həyatın faciəsinə məhz belə anlarda – arxası ilə böyük uğursuzluqlar başlandıqda çevrilir.
Etiraz etmirəm: azadlıqlarla, ədalətlə, hüquqla taclandırılmamış bir müstəqillik barsız ağac kimi bir şeydir. Elə bir ağac ki, kölgəsində də ancaq maddiyyat, sərvət hərisləri və onların nökərləri yatıb dincəlirlər.
Amma hələ ki, arzularımıza çata bilməmişiksə, bu, müstəqilliyi tənə, qınaq hədəfinə çevirməyə də əsas vermir. Müstəqillik uğrunda tər tökmüş insanların əməyini qiymətləndirməməyə, onların zəhmətini, mücadiləsini ironiya hədəfinə çevirməyə də haqq qazandırmır. Bizim yalnız hansısa “böyük qardaş”ın qoltuğunda asudə yaşaya biləcəyimiz qənaətini də gücləndirmir. Müstəqilliyin əldə edilməsi uğurun ilk pərdəsidir. Mübarizənin isə son pərdəsi deyil. Əksinə, daha çətin, məşəqqətli mərhələnin başlanğıcıdır. Biz indi o mərhələdən keçirik.
Müstəqilliyin öz gerçək anlamına, dəyərinə qovuşması mərhələsidir bu. Hər kəsin özgürcə, bərabərcə, rifah, güvən içində yaşadığı, bəşəri dəyərlərin, böyük idealların hakim olduğu cəmiyyət, dövlət qurmaq mərhələsi.
***
Başadüşüləndir, bu mərhələ uzun çəkdi. Hamımızın düşündüyümüzdən, proqnozlaşdırdığımızdan da uzun çəkdi.
Daha da uzun çəkə bilər.
Əzablarımız, məhrumiyyətlərimiz indikindən daha da ağır ola bilər.
Amma bu, heç kimə Meydan adamlarını tənə obyektinə çevirmək haqqı vermir. Və bu, heç kimə müstəqilliyi yamanlamaq imkanı da tanımır.
Ona qalsa, gərək elektriki icad edənləri də yamanlayaq ki, əgər onu icad etməsəydilər, heç kimi tok vurub öldürməzdi.
Gərək ağac da əkməyək ki, nə vaxtsa kimsə onun başından yıxılıb qol-qıçını sındıra, ya da külək onu kiminsə maşınının üstünə aşırıb xurd-xəhil edə bilər.
Müstəqillik gözəl nemətdir. Indi onu bizə bəxş edənlərinmi günahıdır ki, kimlərsə bu gözəl neməti bizim üçün zəhərə çeviriblər? Müstəqillik uğrunda can qoyanlarınmı günahıdır ki, biriləri Azərbaycanı bu qədər çağdışı, anti-demokratik, hüquqsuz, səfil vəziyyətə salıblar?
Iştahımızı küsdürüblərsə, ağzımızın dadını qaçırıblarsa, buna ləziz hazırlanmış yemək neyləsin, onu bişirib süfrəyə gətirən neyləsin?