Britaniya təşkilatı Əliyevi yalan danışmaqda ittiham etdi

«İndex on Censorship»: «İlham Əliyev reallıq hissini itirib»

Dünyada söz azadlığının müdafiəsilə məşğul olan “Index on Censorship” təşkilatı Azərbaycanın dövlət başçısı Ilham Əliyevi yalan danışmaqda ittiham edib. Təşkilat dövlət başçısının Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışına dair material hazırlayıb. “Ilham Əliyev reallıq hissini itirib” başlıqla materialın tərcüməsini təqdim edirik:

***

Ötən həftə Avropa Şurası Parlament Assambleyasında Ilham Əliyevin çıxışı tragikomik şəraitdə başladı. AŞ PA prezidenti Anna Broşür Azərbaycan diktatoru çıxış edərkən jurnalistlərdən kameralarını yığışdırılmasını istədi. Sən demə, xanım Broşür demək istəyirmiş ki, çıxış zamanı Ilham Əliyevi zaldakıların hamısının görməsinə şərait yaradın. Yəni, jurnalistlərə maneçilik yaratmaq məqsədi olmayıb.
Əliyevin çıxışı Azərbaycanın ötən aydan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsilə bağlı idi. Və necə bir çıxış idi!
“Təşəbbüsləri reallığa çevirməyə” söz verən bu adam Azərbaycanda təkcə neft sektorunda deyil, bütün sahələrdə inkişafdan danışdı. O, ölkədə çox müsbət atmosferin olmasından bəhs etdi, mövcud olan azadlıqları sadaladı: siyasi fəaliyyət azadlığı, söz azadlığı, mətbuat azadlığı… Dedi ki, Azərbaycan bu azadlıqlarla fəxr edir. Azərbaycan bilir ki, senzurasız internet, müstəqil qəzetlər demokratiya baxımından çox vacibdir.
Bu, çox gözəl çıxış idi, amma dedikləri həqiqətdən kənar sözlər idi. O, çempionatda qələbə qazanmış komandanı tərifləsəydi, yeni maşınından, macəralarından danışsaydı, daha çox həqiqətə uyğun olardı.
Azərbaycandakı gerçək mənzərə bu ölkənin prezidentinin təsvir etdiyindən çox kəskin fərqlənir. Əliyevin çıxışı öncəsi “Human Rights Watch” bəyan etmişdi ki, Azərbaycanda təkcə son iki ildə ən azı 40 nəfər siyasi fəal, jurnalist, blogger, hüquq müdafiəçisi təqib və təzyiqlərə məruz qalıb ki, onların da böyük əksəriyyəti hazırda dəmir barmaqlıqlar arasındadır. “Index on Censorship”in saytında Azərbaycan haqda axtarış verib, repressiyalara məruz qalmış həmin şəxslər baradə ətraflı məlumat almaq olar.
Və bütün bunlar bəlli məlumatlardır. Insanlar Azərbaycan haqda üç şeyi bilirlər: bu ölkənin çoxlu neft-qazı var; “Eurovision”u çox ciddi qəbul edir; insan haqları məsələsində reputasiyası həddindən artıq pisdir.
Əliyev çıxışını bitirəndən sonra Avropa Şurasının Sosialistlər qrupundan deputat, irlandiyalı Maykl Maknamaranın “Amnesty International”ın statistikasına  istinadən, Azərbaycanda hazırda 19 nəfər vicdan məhbusunun olması barədə sualı ilə üzləşdi. Əliyev isə bildirdi ki, xeyr, belə deyil. Azərbaycanda siyasi məhbus yoxdur. Bu siyahılarda adları olan şəxslər isə yalan danışırlar. Azərbaycana qarşı “məqsədli provakasiya” proqramı var idi…
Amma aydın olmadı ki, bəhs olunan bu proqramı kim həyata keçirirdi.
Əliyev and içdi ki, Azərbaycanı baltalamaq məqsədi daşıyan bu cür söhbətlər uğursuzluğa düçar olacaq.
Azərbaycan prezidenti ağ yalan danışmaq qabiliyyətinə görə tək deyil. Sovet və post-sovetin bu “spesifik davranışını” o, Kommunist partiyası və KQB-dən öyrənib. Rəhbər nə deyirsə, həqiqətdir, ölkədə bunun əksi baş versə də…
Əliyev deyir ki, ölkədə siyasi məhbus yoxdur, biz azad mediaya dəstək veririk, bunun demokratiya üçün çox vacib olduğunu bilirik; Elə Putin də deyir ki, Ukraynanı faşistlər ələ keçirib, Rusiyanın isə onlarla vuruşmaqdan başqa yolu yoxdur; Aleksandr Lukaşenko isə bildirir ki, Belarusda kədərli tamaşa səhnəyə qoymağa ehtiyac yoxdur, çünki bu ölkədə ümumiyyətlə, belə hadisə baş vermir.
Deyə bilərsiniz ki, “hə, nə olsun?! Siyasətçilər və institutlar yalan danışır”. Siz haqlısınız. Yalanın müxtəlif formaları var. Məsələn, “bu vəsaitləri xərcləməyə mənim haqqım olub” və ya “mənim bu qadınla heç bir münasibətim olmayıb” və s. Funksional demokratiyalarda siyasətçilər şəxsi və ya institusional çatışmazlıqlarla bağlı yalan danışırlar. Lakin hakimiyyətin tamamilə rəhbər və onun yaxın ətrafının əlində cəmləşdiyi avtoritar cəmiyyətlərdə isə çatışmazlıq anlayışı olmur. Bütün uğurlar rəhbərin adı ilə bağlıdır, tənqidlər “qara piar” sayılır, uğursuzluqlar isə hökumətin apardığı siyasətin nəticəsi yox, sabotajın nəticəsi sayılır.
Əgər ölkədə güc balansı pozulubsa, bu, obyektiv gerçəklik ola bilərmi? Məsələn, Belarusda jurnalist Irina Xalip ev dustağıdır, amma Lukaşenko deyir ki, o, istədiyi vaxt, istədiyi yerə gedə bilər. Bu nə deməkdir?
Bu cür durum Azərbaycan, Beralus kimi ölkələrdəki rejimlərdə yaşayanların vəziyyətini yaxşılaşdırmaq istəyənlərdə suallar yaradır: diktatorlar bildiyimiz həqiqətləri təhrif edib yalan danışanda biz hansı addımı atmalıyıq?

Siyasət şöbəsi