Yezid Zidan

Ismail Zidan Fransaya 1954-cü ildə Əlcəzairdən gəlmişdi. Fransızlarla müharibə yenicə başlamışdı, onun dünyaya göz açdığı Kabiliyanın özünəməxsus sakitliyinə son qoyulmuşdu. Ismail və həyat yoldaşı Malikə Parisə gələndə ciblərində qara qəpik də yox idi. Kasıb ailədən çıxmışdılar, təhsil almaq imkanı olmamışdı. İrəlidə onları məşəqqətli həyat gözləyirdi. Ailənin üzərində fərarilik damğası vardı:

Əlcəzairlilər düşmən ölkəyə gedənlərə yaxşı baxmırdılar. Paris romantikası Zidan ailəsinin gözünə də görünmürdü; iş tapmaq, nəhayət, acından ölməmək lazımıydı. Alınmadı. Cənuba – Marselə üz tutmaq qərarına gəldilər. Ilk övlad sevincini də elə orada Camel anadan olanda yaşadılar. 1972-ci il iyunun 23-də Fərid, Nordin və Liladan sonra ailənin beşinci uşağı – Zinəddin Yezid Zidan doğuldu…

Zinəddin uşaqlığını belə xatırlayır: “Evimizdə cəmi üç stul var idi. Buna görə də heç vaxt hamımız birlikdə nahar eləyə bilmirdik. Stolun arxasına növbə ilə keçirdik. Sonralar-  atam univermaqda anbardar işinə düzələndə vəziyyətimiz bir az babatlaşdı. Yeddi yaşım tamam olanda həyətdə öz topumla oynayırdım…”

Ad günü hədiyyəsi

Koreyanı məğlub eləyəndə Zidan atasının, babalarının vətəni olan Afrika ölkəsinin bayrağına büründü, qələbəyə əlcəzairlilərlə birlikdə sevindi. Özünü həmişə əlcəzairli saymışdı. Fransanı dünya çempionluğuna daşıyanda da başqa cür düşünməmişdi. Içindəki əlcəzairli obrazı onu heç vaxt tərk eləməmişdi. 2006-cı ildə mundialda Marko Materatsini də kəllə zərbəsiylə elə-belə yerə uzatmamışdı. Əlcəzairli damarına toxunmuşdular. Italyan futbolçu bacısını təhqir eləmişdi, əlcəzairli belə şeyləri bağışlaya bilməzdi.

Indi Zidanın sevinci yerə-göyə sığmır. Əlcəzair milli komandasını seçmədiyinə görə özünü həmişə qınayıb. Etiraf eləyir ki, dünya çempionatlarında iştirak arzusuna qurban verib bunu. Əlcəzair çoxdandır mundiallarda oynamırdı, Zinəddin isə belə böyük turnirdən imtina eləmədi. Onun missiyasını qan qardaşları uğurla həyata keçirir. Onların arasında Fransada dünyaya göz açanlar çoxluq təşkil eləyir: 23 futbolçudan yalnız 8-i Əlcəzairdə doğulub. Bu futbolçular tarix yazmağı bacardılar. Əlcəzair ilk dəfə qrup mərhələsini adlaya bildi. Siz Rusiya ilə oyunda hesab bərabərləşəndən sonra hansısa əlcəzairli futbolçunun yalandan özünü zədələnmiş kimi göstərərək, vaxtı apardığını gördünüzmü? Görməzsiniz! Əlcəzairli obrazı belə olur. Bir gün Materatsini yerə uzadan Zidanı hamı anlayacaq…

Zinəddin növbəti ad gününü Əlcəzairin qələbəsi ilə qeyd elədi. Dünyanın belə işləri var. Buna təsadüf deməyə adamın dili gəlmir. Zidana bundan böyük ad günü hədiyyəsi ola bilməzdi…

Rekorda doğru

Dünya çempionatında 1/8 mərhələsinə vəsiqə qazanan bütün komandaların adları müəyyənləşib. Cənubi Amerikanın 5 komandasından 4-ü bir-biri ilə qarşılaşacaq (Braziliya – Çili, Kolumbiya – Uruqvay). Avropa təmsilçiləri bu mərhələdə üz-üzə gəlmək taleyi yaşamır: Hollandiya – Meksika, Kosta Rika – Yunanıstan, Fransa – Nigeriya, Argentina – Isveçrə, Almaniya – Əlcəzair, Belçika – ABŞ. Püşk onu deyir ki, yarımfinala Cənubi Amerikanın ən yaxşı halda iki komandası vəsiqə əldə eləyə bilər. Çünki həmin iki Cənubi Amerika cütünün qalibləri 1/4 mərhələsində münasibətləri aydınlaşdıracaq. Bu həm də o deməkdir ki, Braziliya ilə Argentina yalnız finalda üz-üzə gələ bilər.

Bukmeyker kontorları beş komandanı – Braziliya, Argentina, Almaniya, Hollandiya və Fransanı daha şanslı sayır. Bu komandalar uğurla davam eləsə, Fransa ilə Almaniyadan birini yarımfinalda görməyəcəyik. Bu komandaları bir mərhələ əvvəl qarşılaşmaq taleyi gözləyir.

Qrup mərhələsində qapılara 136 top vurulub. 1958-ci ildən sonra hələ belə yüksək göstərici qeydə alınmamışdı. Belə görünür ki, bizi yeni rekord gözləyir. Indiyə qədər dünya çempionatlarında ən çoxu 171 qol vurulub. Düzdür, hər oyuna orta hesabla vurulan topları nəzərə alsaq, daha yüksək göstərici olub. Amma ümumi qolların sayı baxımınndan bu çempionat ən məhsuldar ola bilər. Cəmi 36 qol qalıb.

Çempionatın məhsuldar keçməsi ən sərrast futbolçuların yarışını da maraqlı eləyib. Lionel Messi (Argentina), Neymar (Braziliya) və Tomas Müller (Almaniya) 4 qol vurub. 3 qol vuranların siyahısı daha uzundur: Robin van Persi (Hollandiya), Xames Rodriges (Kolumbiya), Şerdan Şakiri (Isveçrə), Aryen Robben (Hollandiya), Enner Valensiya (Ekvador), Kərim Benzema (Fransa).

Qrup mərhələsində 420 futbolçu meydana çıxıb. Onlardan yalnız 98-nə qol vurmaq müyəssər olub. Leroy Fer qol vuranların arasında meydanda ən az vaxt keçirəndir (15 dəqiqə).

Alversiz çempionat

Hakimlik xoşunuza gəlməyə bilər, amma komandaların ədalət prinsipinə əməl eləməsinə şübhə yeri yoxdur. Ilk iki turdan sonra növbəti mərhələyə vəsiqəni təmin eləyən komandalardan heç biri axırıncı oyunda bilərəkdən uduzmadı. Halbuki bəzi rəqiblərin yolunu açmaq olardı. Məsələn, Kolumbiya Yaponiyaya, Fransa Ekvadora, Almaniya ABŞ-a, Belçika isə Koreyaya üç xalı bağışlaya bilərdi. Hətta Argentina da Nigeriyanın işini asanlaşdırmadı, rəqibini məğlub elədi. Yalnız “stajlı” azarkeşlərin yadına gələr ki, 20-30 il əvvəl dünya çempionatlarında hansı oyun alveri olurdu. 1978-ci ildə Argentinadakı mundialda böyük biabırçılıq baş vermişdi. Meydan sahibləri qrupda Braziliyanı geridə qoymaq üçün Perunu azı 6 top fərqiylə məğlub eləməliydi. Oyun hansı hesabla başa çatsa yaxşıdır? 6:0! Belə təsadüflərə heç onda da inanmırdılar. Finalda oynamaq hüququnu haqsızlıq nəticəsində itirən braziliyalılar çox narazılıq elədilər, amma xeyri olmadı. FIFA oyun alveri faktını görmək istəmirdi. Səbəbi çox sonralar məlum oldu. Britaniyalı yazıçı Devid Yallop kitabında özəl mənbələrdən əldə elədiyi məlumatlarla hər şeyi çılpaqlığıyla yazmışdı. Argentinadakı hərbi xuntanın rəhbəri Xorxe Videla turnirin təşkilat komitəsinə 50 milyon dollar ödəyibmiş. Əlbəttə, pulun əhəmiyyətli hissəsi Peru hakimiyyətinə çatacaqdı. Perulu futbolçularla hələ oyundan əvvəl razılıq əldə olunmuşdu: hərəsinə 20 min dollar veriləcək. Onlar ustalıqla 0:6 hesablı məğlubiyyəti təmin elədilər. Yallopun kitabı Avropada əlinizə düşsə, alıb oxuyun. Orada hər şey yazılıb. Həmin kitabı yalnız Isveçrədə – FIFA-nın mənzil-qərargahı yerləşən ölkədə tapa bilməyəcəksiniz…

1982-ci ildə Avstriya Almaniyaya (o vaxt AFR) təxminən belə razılığa görə bilərəkdən 0:1 hesabıyla uduzmuşdu. Fərq ondaydı ki, minimal hesablı məğlubiyyət hər iki komandanı növbəti mərhələyə daşıyırdı. Xorst Xrubreşin oyunun əvvəlindəki qolundan sonra futbolçular, demək olar, meydanda qaçmırdı. Tam bir rüsvayçılıq. Az əvvəl üz-üz gələn Çili və Əlcəzair beləcə mübarizədən kənarda qalırdı. FIFA məhz həmin oyundan sonra qrupdakı son qarşılaşmaları eyni vaxtda keçirmək qərarı verdi. Bax, o alverə görə üçüncü turda bütün oyunları canlı izləyə bilmirsiniz…

Şübhəniz olmasın, tarixin təkcə ən maraqlı yox, həm də ən ədalətli çempionatlarından birini izləyirsiniz. Adamın bir az FIFA-dan gözü su içmir, kaş hakim müdaxilələri ilə mundialın baxımlı obrazına xələl gətirməsin. Hamınızın ayrı-ayrılıqda azarkeşlik elədiyi komandaların hər biri çempion ola bilməz. Bir komanda qələbə qazanacaq. Güclü qalib gəlsin!

Coşqun Eldaroğlu