Vəkil Əliabbas Rüstəmov saxlanılıb

Daha bir ictimai fəal siyasi sifarişin qurbanı oldu

Tanınmış vəkil Əliabbas Rüstəmov saxlanılıb. Hadisə dünən günorta saatlarında baş verib. Vəkil Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə aparılıb. Əliabbas Rüstəmovun yaxınlarının “Azadlıq”a bildirdiyinə görə, vəkil rüşvətdə ittiham olunur. Bildirilir ki, Əliabbas Rüstəmov “Prestij” MMC adlı şirkətin vəkili olub. Həmin şirkətin vergi borcu olduğuna görə, faktla bağlı cinayət işi başlanıb. Şirkətin sahibi vergi borcunu ödəmək “istəyib”. Amma pulu ödəmək üçün Əliabbas Rüstəmova verib. “Pulu verib ofisdən çıxanda korrupsiyanın əməkdaşları gəlib və Əliabbas Rüstəmovu idarəyə aparıblar”, – deyə vəkilin yaxınları bildirib.
Əliabbas Rüstəmovun yaxınları əlavə edib ki, müştərisinin onun üzünə durması bu məsələnin sifarişli olduğunu göstərir. Qeyd edək ki, vəkil bir müddət əvvəl ölkə başçısı Ilham Əliyevə müraciət ünvanlayıb. “Azadlıq” qəzetində dərc edilən həmin müraciət müdhiş korrupsiya əməliyyatlarından bəhs edirdi. Bundan əlavə Əliabbas Rüstəmov vətəndaş mövqeyilə tanınan vəkillərdən idi. Sosial şəbəkələrdə fəallığı seçilirdi. Bu baxımdan onun siyasi sifariş əsasında həbs olunması şübhə doğurmur.
Qəzetimiz çapa gedərkən məlumat aldıq ki, Əliabbas Rüstəmov Nərimanovdakı müvəqqəti saxlama təcridxanasına aparılıb.
Mövzunu diqqətdə saxlayacağıq.

azadliq.info