Hakimiyyətin 3 müstəqil qolu olduğunu çoxları bilir. Bunu hamının bilmədiyini mən də bilirəm. Əksər orta məktəblərdə dərs yoxdur, sadəcə keçilmir, ali məktəblərin də çoxunda durum fərqli deyil. Diplom almaq deyil ki. Əlində diplom olan gənclərimizin çoxu da belə məsələlərdən xəbərsizdir. Həm də ona görə ki, bu gün parlamentdə oturdulanların bir çoxu guya müxtəlif ali məktəblərdə müəllimlik edir. Kafedra müdiri, dekan və s. post tutanlar da var. Onları da dərsdə görmək Azərbaycanı futbol üzrə dünya çempianatında görməkdən daha az inandırıcıdır.
Gülər Əhmədova nümunəsi var. Deyəsən, türmədə olduğu çağlarda da onu “dərs dediyi” Bakı Dövlət Universitetindən çıxarmadılar. Vaxtilə hüquq təhsili alıb indi də hüququn anasını ağladan Ziyafət Əsgərov da o sırada dayanır. Heç olmasa onun borcudur ki, yaddaşında qalanlardan hərdənbir parlamentdəkilərə, ən azı onunla yanaşı oturanlara nəsə danışsın. Parlamentin hakimiyyətin 3 müstəqil qolundan biri olduğunu, onun hakimiyyətin o biri qollarına yaltaqlanmaq, yarınmaq, onların qarşısında ikiqat əyilib aşağılanmaq öhdəliyinin olmadığını başa salsın. Yadından çıxmayıbsa… Əslində, görünən odur ki, elə vitse-spiker özü də palaza bürünüb elnən sürünməyi daha uğurlu, karyera pillələrini adlamağın ən asan yolu sayır…
Dünən parlament yaz sessiyasını yekunlaşdırıb. Adına layiq. Spiker Oqtay Əsədov parlamentin işini bir kənara qoyub hakimiyyətin icraedici qolunun nümayəndəsi – Ilham Əliyevin AŞPA-dakı çıxışını deputatlara tərifləyib, onu “dərin məzmunlu” çıxış adlandırıb. Sonra daha irəli gedərək xalqı da bu işə qatıb. “Azərbaycan xalqı haqlı olaraq öz prezidenti ilə fəxr edir” deyib. Gərək bunu etməyəydi. Xalqın adından onun səlahiyyət verdiyi şəxslər danışa bilər. Bu, birmənalıdır. Milli Məclisə “seçilənlərin” hansının xalqdan bu səlahiyyəti aldığını kimsə bilmir. Çünki xalq deputat seçməyib, Avropa Məhkəməsindən bir-birinin ardınca gələn qərarlar da bunu təsdiqləyir. Əslində, “Gülər parlamenti”nin necə formalaşdığınısa kimsəyə anlatmağa gərək yox. Elə Avropa Məhkəməsi də bunu gərək çoxdan biləydi. Hər 5 ildən bir təkrarlanan eyni saxtakarlıqlarla bağlı bu ali quruma ünvanlanan şikayətləri ciddi şəkildə incələməyə, illərlə buna vaxt sərf eləməyə gərək yox. Hər şey bəlli. Oqtay Əsədovun, ola bilsin, elə həmin icra hakimiyyətindən göndəriləni (üzündən oxuyurdu) Milli Məclis adından çatdırması da bir qaravəllidir. Keçmiş olsun deyək. Allah səbr versin deməyi də unutmayaq…
Nədən ki, iyunun 26-da – ordu günündə ali baş komandan Ilham Əliyev əsgərlərlə görüşdə ciddi mesajlar verib. 20 faiz torpağı işğalda olan ölkənin ordusunu regionun ən güclü ordusu adlandırıb və… “səbrimiz tükənir” deyib. Bu isə o deməkdir ki, Azərbaycan ordusu ali baş komandandan əmr alan kimi torpaqlarımızı azad edə bilər. YAP-çı Siyavuş Novruzov isə 3 günə Yerevana çata biləcəyimizin anonsunu verib. Iki gündür ölkədə panika yaşanır. Ölkə deyəndə mən həm də Qarabağı nəzərdə tuturam. Tarixi Azərbaycan torpaqlarını işğal edənlər də ordu günü verilən bəyanatdan növbəti dəfə bərk qorxuya düşüblər. Müharibənin başlayacağı, səbrimizin artıq tükənəcəyi erməni işğalı altında olmayan torpaqlarımızda yaşayanları da ciddi şəkildə qayğılandırıb. Yaxşı ki, dövlət başçısı vaxt qoymayıb. Ancaq Siyavuş Novruzovun 3 gün məsələsi təkcə xalq deyil, hərbçilərin də çox ciddi müzakirəsinə səbəb olub. Onlar istiqamət müəyyənləşdirməkdə çətinlik çəkirlər. Deputatın hansı istiqamətdən hücum planı qurduğu üzərində baş sındırırlar. Ha çalışırlır, 3 günə heç nə alınmır. Tərs kimi parlament də tətilə çıxıb, Siyavuş Novruzovu tapıb dəqiqləşdirmə aparmaqda problemlər yaranıb. Allah səbrimizi versin…