Naşükürlük

Dünən Azərbaycanın aydın insanlarından biri Yadigar Sadıqovun həbsindən bir il ötdü. Bəli, indi bizim təqvimə torpaqların işğal ildönümləri ilə bərabər dəyərli insanların həbs ildönümləri də yazılır, insanları haqsız həbsdə olan ölkənin torpaqlarının da işğalda qalması təəccüb doğurmamalıdır. Torpaqların azadlığı insanların azadlığından keçir. Ona görə də dönə-dönə, təkrar-təkrar yazırıq: Qarabağ məsələsinin həlli Azərbaycanı çağdaş, demokratik, hüququn üstün, azadlıqların toxunulmaz olduğu bir ölkəyə çevirməkdir.

Yadigar Sadıqovun həbsi həm də hər kəsə açıq mesajdır. Əmin olun, onun kimi mədəni, ləyaqətli, savadlı, irəligörüşlü adamlar belə, bu ölkədə siyasi səbəblər üzündən, sifarişlə, rahatlıqla, asanlıqla, vicdanlar ağrımadan həbsə edilirsə, heç kim Azərbaycanda günahsız yerə dəmir barmaqlıqlar ardına atılmaqdan sığortalanmayıb.

Qayıdaq Yadigar bəyin haqsız, nəinki hüquq, bütövlükdə ölkə tarixinə qara ləkə kimi düşəcək həbsinə. Iulun 1-də Şirvan Apelyasiya Məhkəməsində Yadigar bəyin növbəti məhkəmə prosesi keçiriləcək. Əlbəttə, heç kim bu dəfə də məhkəmədən ədalətli qərar-zad gözləmir, sadəcə bu, işi Avropa Məhkəməsinə daşımaq üçün prosedur məhkəməsi olacaq. 

Avropa Məhkəməsinin çıxaracağı qərarı isə indidən təxmin etmək çətin deyil. Daha bir sifarişli, qanunsuz məhkəmə hökmünə görə Azərbaycan hakimiyyəti cərimələnəcək, bu cəriməni təbii ciblərindən deyil, dövlət xəzinəsindən ödəyəcəklər, Yadigar bəyə isə azadlıq yolu görünəcək. Bunlar aydındır. Mən indi sadəcə, bu aydın, adi həqiqəti ona görə yazıram ki, dünən yapçı deputat Siyavuş Novruzov Milli Məclisdə hakimlərin haqsız qərarları ucbatından Avropa Məhkəməsindən Azərbaycana yağdırılan cəzalardan danışıb, sitat: “Nəyə görə dövlət öz büdcəsindən hansısa bisavad və yaxud düzgün qərar verməyən bir hakimə görə kimlərəsə vəsait ödəməlidir? Fikrimcə, həmin təzminat hakimin əmək haqqından, əmlakından tutulmalı və ödənilməlidir”.

Novruzovun timsalında yapçıların bu yanaşması xeyli suallara yol açır. Demək artıqdır ki, Avropa Məhkəməsinin Azərbaycanı cərimələməsinə yol açan məhkəmə qərarlarının xeyli hissəsi siyasi sifarişli işlərdir. Indi belə çıxmırmı, Novruzov həmin məhkəmə qərarlarının da düzgün verilmədiyi, günahsız insanların ömrünün bir hissəsinin hansısa tənqidi fikirə, müxalif mövqeyə görə rejimin siyasi intiqam duyğusuna, qisasçılıq hissinə qurban getməsi ilə razılaşır? Siyavuş Novruzov hakimləri bisavadlıqda günahlandırır, bəs o hakimlərin haqsız yerə həbsə atdığı insanları niyə zaman-zaman ittiham edir, “siyasi sifarişlə yox, törətdikləri cinayətə görə” həbs edildiklərini bildirir? Belə insanların suçudurmu ki, siz məhkəmələrə savadsız adamları hakim təyin etmisiniz? Niyə təyin etdiyiniz bisavad hakimin çanağı illah ki, bir siyasi, ictimai fəalın başında çatlamalıdır?

Ağlı başında olan hər kəs bilir ki, hakimlərin Avropa Məhkəməsində Azərbaycanın cərimələnməsinə gətirib çıxaran əksər qərarları özfəaliyyətin nəticəsi deyil, məhz sifarişin, məhsuludur. Elə isə cəriməni sifarişçi ilə hakimin şərikli ödəməsi doğru deyilmi? 

Avropa Məhkəməsinin Azərbaycanı cərimələdiyi onlarca qərar var ki, saxta parlament seçkiləri ilə bağlıdır. Deputat yerlərinin seçki ilə deyil, təyinatla doldurulmasının nəticəsidir. Yaxşı, bəs buna görə cərimələri kim ödəməlidir?

Yapçı deputatın təklifi hüququ bir kənara qoyub, qanunları ayaqaltı edib sifarişlə hökm oxuyan hakimlərə də dərs olmalıdır. Siz bunların tapşırığı, istəyi, “zakaz” ilə hökm oxuyursunuz, yaxşı, xeyir ola, buna görə cəriməni də özünüz ödəməlisiniz. 

Onsuz da günahsız insanların ömründən oğurladığınız ayların, illərin hesabını verəcəksiniz, gec-tez qurulacaq ədalət divanında bunun bədəlini ödəyəcəksiniz, amma niyə cəriməni də ödəyəsiniz? Olmazmı, hökmü kim sifariş edirsə, cərimə də onun cibindən çıxsın? 

Görürsünüz də, necə naşükür sistemin xidmətçisinə çevrilmisiniz. Sizə bu da azdır.