Gürcüstan Ermənistanı boğur

«Ermənistan Rusiyadan yalnız müvafiq təminatlar aldıqdan sonra Avrasiya İttifaqı ilə bağlı  qəti addımlar atmalıdır» 

«Ermənistan və Gürcüstanın fərqli iqtisadi bloklara daxil olması hər iki ölkə üçün problemlər yarada bilər. Amma bu problemlər Ermənistanla bağlı özünü daha qabarıq formada göstərə bilər». Bu fikirlər erməni eksperti, iqtisadi elmlər namizədi Vilen Xaçatryana məxsusdur.

V.Xaçatryan «Regnum»a açıqlamasında bildirib ki, Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişi imzalamasından sonra iki ölkə arasındakı iqtisadi əlaqələrdə heç bir yaxşılaşma olmayacaq: «Ermənistan və Gürcüstan regionda qonşu dövlətlərdir. Amma bir-birinə əks istiqamətlərdə hərəkət edirlər. Heç şübhəsiz burada təzad yaranır. Baş verənlərə ümumi kontekstdə yanaşdıqda proseslər «Şərq Tərəfdaşlığı» ölkəsi ilə Gömrük İttifaqının üzvü arasında gedir. Amma iki ölkə arasındakı münasibətlərdə xeyli qeyri-müəyyən məqamlar da var. Avropa Birliyi ilə assosiasiya müqaviləsini Gürcüstanla yanaşı Ukrayna, Moldova da imzaladı. Və bütün bu ölkələr Gömrük İttifaqı ilə münasibətlərini bu və ya başqa formada yoluna qoymalı, ticari əlaqələr qurmalıdırlar.  Bu baxımdan Gürcüstanın mövqeyi təkcə Ermənistanla münasibətlərə toxunmayacaq. Gürcüstanın yanaşması Gömrük İttifaqının digər üzvlərinə şamil ediləcək.  Başqa sözlə Gürcüstan-Rusiya sərhəddində baş verənləri nəzərə alasaq, Gürcüstan-Ermənistan sərhəddində bizi nə gözləydini təsəvvür etmək olar».

Amma bununla yanaşı V.Xaçatryan onu da xatırladıb ki, Ermənistan hələlik Avrasiya İttifaqına üzvlüklə bağlı müqaviləyə imza atmayıb. Bu isə müəyyən mənada «gömrüklə bağlı gələcəyi» daha aydın formada təsəvvür etmək üçün ehtiyyat vaxt verir.

Erməni ekspertinin daha bir maraqlı fikri Gürcüstanın atdığı addımlarla bağlıdır, Erməni eksperti hesab edir ki, Gürcüstan ondan gözlənildiyi kimi müstəqil ölkə deyil: «Avropa Birliyi ilə assosiasiya müqaviləsinin imzalanması müəyyən qaydalar diqtə edir. İkinci mühüm məqam odur ki, Gürcüstan bu gün ABŞ-dan asılı ölkədir.  Bütün bunlarla yanaşı Vaşinqton Brüssel ilə birgə Rusiyaya qarşı «məhdudlaşdırıcı xətt» siyasətini yeridir və gələcəkdə Gürcüstan faktoru da bu məqsədlərlə istifadə olunacaq. Rəsmi Tbilisini Rusiyaya və Ermənistanın qoşulmaq mstədiyi bloka qarşı daha sərt mövqe sərgiləməyə vadar edə bilərlər. Gürcüstanın belə bir addımların ürəyincə olmadığını söyləmək olmaz».

Ekspert hesab edir ki, Ermənistan üçün ən məqbul variant Rusiyanın Gürcüstanı kompromisə vadar etmək üçün ona təzyiq etməsidir. Çünki Ermənistan Gürcüstan vasitəsilə Rusiyadan göndərilən yardımdan asılıdır. Gürcüstanın tarif haqlarını qaldırması smituasiyanı qəlizləşdirə bilər.  

Bəs Rusiyanın gürcüstana qarşı təzyiqləri nəticə verməyəcəyi və ya effektiv olmayacağı təqdirdə Ermənistanı nə gözləyir: «Əgər Gürcüstan daha artıq tərslik etsə və Avroapının Rusiyaya qarşı siyasəti daha kəskin forma alacaqsa, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü sual altına düşə bilər. Amma bu zaman həm Ermnəistan üçün gömrüklə bağlı ciddi problemlər yaranacaq. Eyni zamanda Ermənistanın təşkilata üzvlüyü Avrasiya İttifaqının üzvləri üçün də problem yaratmış olacaq. Ermənistan Rusiyadan yalnız müvafiq təminatlar və onun arxasınca «sürüyəcəyinə» vədini aldıqdan sonra bəzi qəti addımlar ata bilər. Amma sual doğurur bu nə qədər davam edə bilər? Bu sual çoxlu sayda problemə dirənir».

Xəyal