Fətullah Gülən partiya yaradır

Nurçuların Azərbaycanda da siyasi təşkilat quracağı bildirilir

Türkiyə mətbuatı Fətullah Gülənin Haqqa Xidmət Partiyası (HHP) adında yeni bir partiya ilə siyasətə girəcəyi iddia edilir. ANSPREES-in məlumatına görə, yeni partiyada hakim partiya AKP-dən istefa edən səkkiz millət vəkilinin də yer alacağı vurğulanır.
Həmin millət vəkillərinin sırasında rüşvətə qarşı 17 dekabr əməliyyatından bir gün əvvəl AKP-dən istefa edən bitərəf millət vəkili Hakan Şükür daha aktiv fəaliyyət göstərir. Iddiaya görə, Gülən camaatı yeni partiyanın seçkilərə girə bilməsi üçün Gənc Partiyanın rəhbərliyi ilə əlaqəyə girib.
Partiya qeydiyyatdan keçdikdən sonra partiyanın rəhbərliyinə professor Əbdürrəhim Karslının gətiriləcəyi bildirilir.
“Azadlıq”a daxil olan xəbərlərdə isə iddia olunur ki, Azərbaycandakı “gülənçilər” də partiya yaradacaq. “Azərbaycanda onların böyük şəbəkə olduğu, hətta dövlət aparatında təmsil olunduqları sirr deyil. Fətullah Gülən partiya yaradacaqsa, onun bir qolu da Azərbaycanda olacaq. Yaxud da burdakı gülənçilər ayrıca partiya yaradacaqlar. Bu tamamilə realdır”, – deyə xəbərdə bildirilir.