Ukrayna, Moldova və Gürcüstan AB ilə tarixi sazişi imzaladı

Barrozo Brüsseldə Əliyevi gözləyir

Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə Assosiasiya sazişini imzaladı. İmzalanma mərasimi iyunun 27-də Bakı vaxtı ilə saat 12 radələrində keçirilib.
Sənədi Ukrayna adından prezident Pyotr Poroşenko, Moldova və Gürcüstan tərəfdən isə baş nazirlər Yuri Lyanke və İrakli Qaribaşvili imzalayıblar. Avropa Birliyi adından sənədə imza atanlar isə AB Şurasının prezidenti Herman Van Rampuy, Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso və 27 üzv ölkənin hökumət başçılarıdır.

Ukrayna prezidenti Pyotr Poroşenko Assosiasiya Sazişinin imzalanmasını ölkəsi üçün müstəqillik qazanandan bəri ən önəmli hadisəsi adlandırıb.

Avropa Birliyi Şurasının prezidenti Herman Van Rampuy Assosiasiya Sazişini imzalayan Ukrayna, Moldova və Gürcüstana tam dəstək verdiklərini bəyan edib.

“Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalaması Avropa üçün böyük hadisədir. AB ilə sıx əlaqələr uğrunda Kiyevdə insanlar həyatlarını qurban verdilər. Biz bunu unutmayacağıq. Güclü siyasi və iqtisadi münasibətlər bütün Avropa qitəsinə sabitlik və zənginlik gətirəcək. Belə əməkdaşlıq ümumi dəyərlərə – demokratiya, insan haqları, təməl azadlıqlar və qanunun aliliyinə dayanır”, – deyə Rampuy vurğulayıb.

Rampuy Assosiasiya Sazişini imzalayan 3 ölkə rəhbərinə xitabən “AB sizin yanınızdadır. Siz bizim dəstək və həmrəyliyimizə maliksiniz. Biz sizin ərazi bütövlüyünüzü qəbul edirik” deyə bildirib.

O, həmçinin qeyd edib ki, bu sənədin imzalanması Rusiyaya ziyan vura bilməz: “Avropa Birliyi mümkün anlaşılmazlıqları aradan qaldırmaq və ümumi coğrafiyamız üçün daha təhlükəsiz gələcək təmin etmək naminə Rusiya ilə əməkdaşlığa hazırdır. Bizim cəmiyyət stabil Avropa istəyir”.

Rampuy Assosiasiya Sazişini imzalayan 3 ölkə ilə vizasız rejimə keçməyin gətirəcəyi üstünlüklərdən də danışıb.

Avropa Əliyevi gözləyir

Bu ölkələr bir daha sübut etdilər ki, müstəqil dövlət kimi qərar qəbul etməyi bacarırlar, dövlətin və xalqın maraqları prioritetdir və heç bir təzyiq onları Avrointeqrasiyadan çəkindirə bilməz. Yəni hər 3 ölkənin hakimiyyəti “bizə Rusiya təzyiq edə bilər”, “bizim torpaq dərdimiz var”, “bizim daxili işimizə heç kim qarışa bilməz” kimi əsassız bəhanələrlə çıxış etmədi. Artıq bu ölkələr Avropa ilə assosasiyanı əldə etdilər və konkret seçimlərini dünyaya göstərdilər.

Azərbaycan isə hələ də seyr edir və yeni “manevr” imkanlarından bəhrələnməyə çalışır. Azərbaycan hakimiyyəti iddia edir ki, Avropa Birliyi ilə ciddi əməkdaşlıq edir və bu qurumla iqtisadi əlaqələri daha da gücləndirəcək. Siyasi əməkdaşlıq məqamı gələndə isə, yeni “layihə”lər təklif edilir və demokratiyadan qaçış planı işə düşür.

9 oktyabr seçkilərindən sonra Ilham Əliyev ciddi legitimlik problemi yaşadı və bir çox beynəlxalq təşkilatlar seçkinin nəticəsini tanımadı. Hətta dünya ölkələrinin başçıları Ilham Əliyev seçkidən bir ay keçəndən sonra təbrik etdilər. Belə bir şəraitdə yaranmış münasibətləri neytrallaşdırmaq üçün Azərbaycan hökuməti Vilnüsdə viza sadələşdirilməsi barədə sazişə imza atdı. Amma bu sazişdən sonra hakimiyyətin Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirmək niyyəti yenə də hiss olunmadı. Əksinə, tez-tez antiQərb kampaniyalarına start verildi və “şantaj” siyasətinə keçid başladı.

Lakin dünyada gedən siyasi proseslər, Rusiya-Qrəb qarşıdurması konkret addımlar tələb edir və Azərbaycan da öz seçimini etməlidir.
Belə bir vaxtda Avropa Komissiyasının sədri Azərbaycana gəldi və ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Azərbaycan hakimiyyəti isə növbəti dəfə Assosasiya Sazişini imzalamaqdan imtina etdi və “Strateji Modernləşdirmə” sazişini təklif etdi.
Avropa Birliyi isə hakimiyyətin bütün bəhanələrini əlindən almaq üçün bununla da razılaşdı.

Barrozo Bakı səfərində bildirdi ki, tezliklə bu saziş Brüsseldə imzalanacaq: “Vacib qərarlar qəbul etdik. Onladan biri də Avropa Birliyi və Azərbaycan arasında yeni sazişin imzalanması prosesini tezləşdirməkdir. Bu, Strateji Müasirləşdirmə Tərəfdaşlığı barədədir. Ümid edirəm ki, tərəflər yeni sənəd üzərində yaxın günlərdə işi başa çatdıracaq və biz Ilham Əliyevi Brüsseldə qarşılaya, iki tərəf üçün mühüm razılaşmanı imzalaya biləcəyik”- deyə Borroza bildirmişdi.

Bu gün Moldova, Ukrayna, Gürcüstan Assosasiya Sazişini imzaladaığı halda, Azərbaycan özünün təklif etdiyi Strateji Müasirləşdirmə Tərəfdaşlığını reallaşdırmayıb. Assosasiya Sazişini isə mücərrəd layihə adlandırır. Ancaq Borrozonun Bakı səfərində səsləndirdiyi fikirlərdən görünür ki, rəsmi Bakı müəyyən vədlər verib.

İndi növbə Əliyevindir. Bəs, Azərbaycanla AB arasında saziş nə vaxt imzalanacaq? Axı, Barrozo Əliyevi Brüsseldə gözləyir.

Akif