Strasburqda İlham Əliyevə qarşı aksiya dünya mediasında

«Azərbaycanda islahatlar aparılmasa, Avropa Şurası sərt reaksiya verməli və sanksiyalar işlənib hazırlanmalıdır»

Dövlət başçısı Ilham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycandakı repressiyalara görə ona qarşı təşkil olunmuş etiraz aksiyası haqda məlumatlar xarici mediada da yayılıb. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters” Strasburqdakı aksiya barədə ətraflı material hazırlayıb. Həmin material “Reuters”ə istinadən bir sıra xarici qəzet və saytlarda yayımlanıb. “Reauters” informasiyanı “Sərhədsiz Reportyorlar” da Avropa Şurasında Azərbaycanla bağlı etiraza qoşuldu” başlığıyla təqdim edib:

“Azərbaycanın dövlət başçısı Ilham Əliyev Strasburqda Avropa Şurası binasına gələrkən bu ölkədə söz azadlığının pozulmasına etiraz məqsədilə keçirilən aksiyada ”Sərhədsiz reportyorlar” təşkilatı, həmçinin Strasburq Mətbuat Klubunun əməkdaşları da iştirak edib.

Azərbaycan “Sərhədsiz reportyorlar”ın 2014-cü il üçün tərtib etdiyi söz azadlığı indeksində 180 ölkə arasında 160-cı yeri tutur. Avropa Şurasına üzv dövlətlər arasında insan haqlarının vəziyyəti baxımından ən repressiv ölkə olmasına baxmayaraq, keçən aydan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.
Azərbaycanda söz azadlığının böhranlı vəziyyətinə diqqət çəkmək məqsədilə təşkil olunan aksiya Avropa Şurasının binası qarşısında keçirilib. Çünki həmin vaxt Ilham Əliyev o binaya gələrək, Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edəcəkdi. 

Strasburq Mətbuat Klubunun prezidenti Fransuaza Şöller, “Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Yohan Bihr, Piter Omtzigt aksiya iştirakçılarına müraciət edib.

Jurnalistlərin, bloggerlərin hüquqlarının müdafiəsilə məşğul olan Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı, ağır maliyyə vəziyyətilə üzləşmiş müxalif “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Azərbaycan hökumətinin repressiv addımları barədə danışıblar. Nümayişçilər Əliyevi “repressiyalar çempionu” kimi təqdim edən plakat qaldırıblar.

Çıxışçılar bildiriblər ki, Azərbaycan hakimiyyəti mediada plüralizmin tamamilə kökünü kəsmək istiqamətində fəaliyyətində uğur qazanmaq üzrədir. Son olaraq, “Zerkalo” qəzetinin maliyyə çatışmazlığı üzündən fəaliyyətini dayandırması, jurnalist Rauf Mirqədirovun həbsi, digər jurnalist Pərviş Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi də bunun sübutu sayıla bilər.

Rəşid Hacılının sözlərinə görə, təzyiqlərə məruz qalan jurnalist və bloggerləri müdafiə edənlərin özləri də repressiya hədəfinə çevrilir.
Qənimət Zahid isə bildirib ki, bütün bu baş verənlərdən sonra Avropa Şurası bitib.

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi təkcə Bakı üçün yox, həm də təşkilat üçün çox ciddi məqamdır” deyən Bihrin sözlərinə görə, Azərbaycan hökuməti nəhayət, ölkədə Avropa Şurası standartlarının təmin olunması üçün islahatlar keçirməyə, ifadə azadlığı, mediada plüralizmi təmin etməyə borcludur: “Peşə fəaliyyətilə əlaqədar həbs olunan blogger və jurnalistlər dərhal azad edilməlidir. Əgər bu istiqamətdə addım atılmasa, Avropa Şurası tərəfindən sərt reaksiya verilməli və sanksiyalar işlənib hazırlanmalıdır”.

Avropa Şurası Parlament Assambleyasının iclas zalına ağzını parça ilə bağlamış, əynində isə üzərində siyasi məhbusların köynəyi olan etirazçılar daxil olarkən Əliyev çıxışını qısa müddət dayandırmalı olub. Əliyev ölkəsində siyasi məhbusların mövcudluğu barədə deyilənləri təkzib edib.
Hazırda Azərbaycanda ən azı səkkiz jurnalist, bir o qədər də blogger həbsdədir”.

İnformasiya şöbəsi