Terror təşkilatına Ərdoğan hökuməti dəstək verir?
Suriyanın Iraqla sərhəddində Əlbu Kamal ərazisindəki “əl-Qaidə” və IŞID terrorçu qrupları birlikdə döyüşməyə qərar verib. “Milliyet”in xəbərinə görə, “əl-Qaidə”nin Suriya qolu olan “əl-Nüsra” cəbhəsi son günlər Iraqda və Suriyada gücünü artıran IŞID qruplaşması ilə birləşib.
Suriyanın Iraqla həmsərhəd Əlbu Kamal şəhərində “əl-Nusra” cəbhəsinin silahlıları IŞID-ə sadiq qalacaqlarına and içiblər. Sosial şəbəkələrdə “əl-Nüsra” cəbhəsinin lideri Əbu Yusif əl Masrinin də IŞID-ə sədaqət andı içməsini əks etdirən fotolar yayılıb.
Suriya Insan Hüquqları üzrə müşahidə missiyasının nümayəndəsi Rami Əbdürrəhman “Reuters”ə açıqlamaasında bu birləşmənin adi bir iş olmadığını, “əl-Nüsra”nın Əlbu Kamala nəzarət etdiyini deyib: “Demək olmaz ki, IŞID Əlbu Kamalı nəzarətə götürdü. Amma onlar artıq Əlbu Kamaldadırlar”.
Ötən il yayılan və IŞID lideri Əbu Bəkr əl Bağdadiyə aid olduğu iddia olunan audio yazıda “əl-Nüsra” cəbhəsinin IŞID-ə birləşdiyi deyilsə də, bu məlumat təkzib olunmuş, “əl-Nüsra” lideri sadəcə “əl-Qaidə” lideri Əymən əz Zəvahiriyə bağlı olduğunu açıqlamışdı.
Bu arada Türkiyənin “Aydınlıq” qəzeti IŞID döyüşçüsünə istinadən sensasiya sayıla biləcək məlumat yayıb.
Axar.az xəbər verir ki, Ankaradakı xəstəxanaların birində müalicə alan IŞID yaraqlısı AKP hökumətindən onlara dəstək verildiyini açıqlayıb:
“Türkiyə bizim qarşımızı çox açdı. Türkiyə bizə anlayış göstərməsəydi, IŞID bu gün bu durumda olmazdı. Bizə şəfqətlə yaxınlaşdılar, çox sayda üzvümüz Türkiyədə müalicə alır. Amma bundan sonra nə olacağını demək çətindir”.


