Bu yaxınlarda fransız mütəfəkkiri Etiyen de lə Böysinin maraqlı bir əsərini oxudum – “Könüllü köləlik haqda mühakimə”. Əslində, bu alimin böyük kitabından çıxarışlardır – beş-altı səhifəlik. Böysi (Etienne de La Boetie) bu əsəri 16 yaşında ikən yazmağa başlayıb, 18 yaşında tamamlayıb. Həyatı da çox uzun sürməyib, cəmi 33 il yaşayıb.
Azərbaycan kimi ölkələrdə belə əsərləri oxumaq hər kəs üçün faydalı, bəlkə də vacibdir. Çünki azadlıq mübarizəsi aparmış və sivil cəmiyyət qurmuş dünyanın bütün millətləri, demək olar, eyni yolu keçiblər. Ayrıca bu “çıxarışları” tərcümə etdiyi üçün Ruslan Köçərliyə xüsusi minnətdarlıq düşür. Əslində, bu 5-6 səhifəlik “mühakimə”ni normal, hüquqi cəmiyyət qurmaq istəyən xalqlar üçün “konspekt” də hesab etmək olar. Əsərdən bəzi parçaları diqqətinizə çatdıraraq, sizi də oxumağa həvəsləndirmək istəyirəm.
Biz bugünkü bütün passivlik və geriliklər üçün xalqı, dolayısı ilə bir-birimizi ittiham etməyə və “söyməyə” öyrəşmişik. Amma baxın, Böysi bu itaətkarlığın və üzüyolalığın haradan qaynaqlandığını necə izah edir: “Insan üçün azad olmaq və bunu arzu etmək təbiidir, bununla belə, onun xisləti elədir ki, çox şeyə vərdiş etməyi bacarır… Belə nəticə çıxır, insan üçün onun vərdiş edə bildiyi hər şey təbiidir. Deməli, könüllü köləliyin başda duran səbəbi vərdişdir… Insanlar söyləyir ki, onlar həmişə təbəə olmuşlar, dədə-babadan belədirlər. Itaətə boyun əyməyin vacibliyini düşünür, yaxud özlərini buna inanmağa sövq edirlər. Ta qədimdən bu yolla gəlmişik deyib, tiranın zülmünə haqq qazandırırlar…” ÿÿ
Buyurun, Azərbaycan ailələrinin böyük əksəriyyətinə hakim olan və irsi olaraq övladlara ötürülən qüsurlu düşüncə. Hələ bu düşüncənin qüsurlu və əskik olması bəs deyil, “dikbaş” övladlara basqı da tətbiq etmək olar. Təki onları, tutduqları “yanlış”, ağır, məşəqqətli yoldan çəkindirmək mümkün olsun. Yarıac, yarıtox yaşamaq cəhənnəmə, oyun qaydalarını pozmaq bizə qalmayıb ki! Təxmini buna bənzər bir anlayış hökm sürür bütün bənzər cəmiyyətlərdə. Elə piramidanın yuxarısında oturanlara da bu lazımdır. Könüllü köləlik hər şeyi həll edir. Böyük itki vermədən öz-özünə həll olunur qəliz məsələlər. Böysi yazır ki, Əhəməni hökmdarı Kir Lidiyanı tutduqdan sonra lidiyalıların çarı Krezi əsir götürüb özü ilə aparır. Bir müddət sonra ona xəbər çatdırılır ki, lidiyalılar yenidən baş qaldırmışlar. Kir üsyanı yatırır, amma bu gözəl şəhəri viran qoymaq və ya şəhəri əldə saxlamaq üçün böyük ordu yerləşdirmək əvəzinə, başqa üsul fikirləşir. Şəhərdə çoxlu əyləncə yerləri, meyxanalar, tamaşa səhnələriÿqurdurub, bütün bunları cəmi sakinlər üçün açıq elan edir. Bu üsul o qədər səmərəli olur ki, ondan sonra Kir bir daha lidiyalılarla vuruşmalı olmur.
Fransız mütəfəkkirinin yazdığı kimi, bütün zamanlarda tiran üsul-idarəçilikdə xalqın tələyə salınıb susdurulması əsas hədəf olub. Bunun üçün çeşidli-çeşidli üsullar düşünülüb keçmişdən bu günə kimi. Zaman keçib, formalar dəyişib, mahiyyət isə olduğu kimi qalıb. Eynilə, köhnə qladiator döyüşlərini yeni əyləncə oyunları, tamaşaları rəngarəng “salyut” atəşfəşanlıqları, ucuz şou və konsertlər, qumar məclislərini TV “cek-pot”ları, “topaz”lar, “şans oyunları”, meyxanaları barlar, gecə klubları əvəz etdiyi kimi…
Sonda, “Könüllü köləlik haqda mühakimə”ni oxumağı bir daha hamıya tövsiyə edirəm. Bu tezisləri atalar oğullara, oğullar atalara, analar qızlara, qızlar analara oxusunlar. Hər kəs bilsin ki, könüllü köləlik tale-filan deyil və ondan asanca imtina etmək imkanı var.