Nazirdən sələfinə dolayı ittiham

«Əvvəlki rəhbərlik dövründə ordu ona aid olmayan funksiyaları yerinə yetirib»

Müzəffər Baxış: «Milli Məclisin razılığı olmadan belə hallar baş veribsə, bu ciddi qanun pozuntusundur»

Müdafiə naziri Zakir Həsənov rəsmi mətbuata müsahibəsində orduya rəhbərlik etdiyi müddətdə həyata keçirilən işlərdən danışıb. Nazir əvvəlki ordu rəhbərliyinin fəaliyyətini tənqid etməsə də, dolayısıyla o dövrdə baş verən pozuntulara toxunub. Belə ki, Z.Həsənov ordunun ona aid olmayan əlavə funksiyalardan – müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə tapşırıqlarından mərhələlərlə azad edildiyini deyib. Şəxsi heyətin sırf döyüş hazırlığı məsələlərinin həllində tam iştirakı təmin edilir.
Müdafiə naziri həmçinin bildirib ki, keyfiyyətsiz ərzaq məhsullarının qəbul olunmasının qarşısının alınması məqsədilə ərzaqların müəssisələr tərəfindən birbaşa hərbi hissələrə təhvil verilməsi qadağan edilib. Ərzaqlar Mərkəzi Hərbi Baytarlıq Laboratoriyasında yoxlanıldıqdan sonra hərbi hissələrə paylanılır. 
Nazirin dediklərindən belə nəticəyə gəlmək olur ki, əvvəlki rəhbərlik dövründə ordu ona aid olmayan funksiyaları yerinə yetirib. Yəni əvvəlki rəhbərlik tərəfindən Silahlı Qüvvələr təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilib. Eyni zamanda əsgərlərin keyfiyyətli ərzaqla təminatı qaydasında olmayıb.
Bu isə kifayət qədər ciddi qüsur hesab olunur. Bəs bu qüsurlara görə məsuliyyət daşıyanları hansı cəza gözləyə bilər?
Hüquqşunas Müzəffər Baxışın sözlərinə görə, Silahlı Qüvvələr təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinin pozuntusu deməkdir. Çünki Konstitusiyanın 95-ci maddəsinin 6-cı bəndinə görə, AR Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icra edilməsinə razılığın verilməsi prezidentin təqdimatına əsasən Milli Məclisinin həll etdiyi məsələlər dairəsinə daxildir. Milli Məclisin razılığı olmadan belə hallar baş veribsə, bu ciddi qanun pozuntusundur: “Bu məsələ araşdırılmalıdır. Həqiqətən belə halların baş verdiyi təsdiqini tapsa, ordu əvvəlki rəhbərliyi səlahiyyət həddini aşdığına görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Ərzaqlar keyfiyyətsiz olubsa və bunun nəticəsində silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçların səhhətinə ziyan dəyibsə, bu məsələlər də araşdırılmalıdır və dəymiş ziyan müəyyən edilməlidir”.

Fizzə